"Hansısa üzvünün adı qalmaqalda hallandırılmayan parlament yoxdur" - Sahib Alıyev

 "Hansısa üzvünün adı qalmaqalda hallandırılmayan parlament yoxdur" -  Sahib Alıyev
  02 Avqust 2021    Oxunub:1331
Son dövrlər sosial şəbəkələrdə və bir sıra internet portallarında Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatlar yayılır. Bu xəbərlərin yayılması nəyə əsaslanır? Belə informasiyaların qaynağı nədir?
Azvision.az məsələyə Milli Məclisin deputatı Sahib Alıyevlə aydınlıq gətirib.

- Sahib müəllim, Milli Məclisin buraxılacağı haqda xəbərlər dolaşır. Bunu necə qiymətləndirirsiniz?
- Dolaşıq, saxta xəbərlər kimi.

- Bəs onda bu dolaşıq, saxta xəbərləri yayanlar kimdir sizcə və niyə yayırlar?
- Yayanların kimliyini bilmək indi elə də çətin deyil, Google-da axtarış verin baxın. Görəcəksiniz ki, bunlardan bir qismi bəlli çevrələrə bağlı, Azərbaycanın ikinci Qarabağ savaşında qazandığı zəfərə kölgə salmağa çalışanlar, digərləri isə çoxbilmiş görünmək istəyənlər və İP dalınca qaçanlardır.

- Birincilərin Qarabağ savaşını gözdən salmaqda məqsədlərinin nə olduğuaydındır bəs Milli Məclisin buraxılması haqda xəbər yaymaqda niyyətləri nədir?
- Məqsəd də, niyyət də eynidir. Dövləti gözdən salmaq, ictimai-siyasi sabitliyin kövrəkliyi görüntüsü yaratmaq, bunun fonunda öz əhəmiyyətlərini artırmaq, kimlərisə təsirləri altına almaq və sair.

- Bəs sizin həmkarlar niyə bu xəbəri ciddi-cəhdlə inkar edirlər, yenidən seçilməmək qorxusu var?
- Sizcə, o xəbərləri yayanların seçilmək şansı çox yüksəkdir? Mən əminliklə deyə bilərəm ki, növbədənkənar seçki keçirilməsi haqda xəbər dövriyyəyə buraxanların seçilmək şansı, bunu təkzib edənlərinkindən qat-qat azdır. Bunu ötən seçki də göstərdi. Son seçkidən keçən dövrdən üzü bəri isə pandemiya və ikinci Qarabağ savaşı dönəmində Milli Məclisin üzvlərinin də fəaliyyətinə baxın, qələbəmizə qara yaxanların, bir kasıbın qapısını açmayanların, bir şəhidin, qazinin evinə baş çəkməyənlərin, ancaq boşboğazlıq edib, yekə-yekə danışanların da. Guya bu xalq bilmir ki, onlar Azərbaycanın qələbəsini həzm etməyən çevrələrin kəşfiyyat strukturlarının tapşırığını yerinə yetirərək hayların televiziyalarına çıxıb ölkəmizə çirkab yağdırmağa qədər rəzilliyə varan xaricdəki bəzi "azərbaycanlı"larla əlbirdilər. Belələri bəzən çıxışlarını çox adamın izləməsini yüksək reytinq kimi qələmə verməyə çalışırlar.

Ölkəmizdə sosial məsuliyyəti aşağı olanların epatajlıq yağan videolarını, Jirinovski kimilərin Azərbaycan əleyhinə çıxışlarını da izləyənlər çoxdur, nə olsun, bu o demək deyil ki, izləmə ona hörmətdən irəli gəlir. Tutaq ki, Jirinovskini ona görə izləyirsən ki, onu qısqırdanların nə istədiklərini biləsən. Yəni deməyim odur ki, guya radikal müxalifət oyunu oynayanların parlamentə düşmək şansları sıfırın altındadır, mənim həmkarlarım onların növbədənkənar seçki haqda iddialarını ona görə təkzib etmirlər ki, rəqib gözündə görürlər, sadəcə tezliklə seçkiyə gediləcəyinin heç bir əlaməti yoxdur.

Dövlətimiz heç zaman olmadığı qədər güclü, hakimiyyət möhkəmdir, parlament həm qanunvericilik, həm seçicilərlə iş, həm də beynəlxalq müstəvidə fəaliyyət baxımından öz funksiyasını yetərincə uğurla yerinə yetirir. Ola bilər ki, bəzi deputatların fəaliyyəti qənaətbəxş olmasın, amma bu, bütünlükdə parlamentin işinə elə də təsir etmir. Və ümumiyyətlə, elə bir parlament varmı ki onun bütün üzvləri öz vəzifələrinin öhdəsindən uğurla gəlsin. Yaxud da elə bir parlament varmı ki onun üzvlərindən kiminsə adı haçansa hansısa bir qalmaqalda hallandırılmasın? Öz sualıma özüm də cavab verirəm ki, xeyr, yoxdur.

Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti