Deputatın toxunulmazlığı necə ləğv edilir?

   Deputatın toxunulmazlığı  necə ləğv edilir?
  30 İyul 2021    Oxunub:3480
Millət vəkilləri cəmiyyətdə ən çox müzakirə edilən ictimai-siyasi xadimlərdir. Onların qanunla müəyyən edilmiş bəzi hüquq və səlahiyyətləri var. Hazırda məlum hadisəylə bağlı deputatın toxunulmazlıq hüququnun ləğvi müzakirə mövzusudur. Bəs görəsən 5 il müddətinə seçilən millət vəkilinin toxunulmazlıq hüququna hansı hallarda xitam verilə bilər?
Azvision.az xəbər verir ki, Azərbaycan Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır. Sözügedən maddəyə əsasən, deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir. Bildirilir ki, deputatın toxunulmazlığına Azərbaycan Konstitusiyasının 90-cı maddələrində nəzərdə tutulmuş hallarda və Milli Məclisin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir.

Deputatın polisi döyməsi ilə bağlı cinayət işi açılıb
Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir.

Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir. Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır.

Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər:   Deputat   Milli-Məclis  





Xəbər lenti