Prezidentin son tvitlərindən çıxan nəticə - TƏHLİL

   Prezidentin son tvitlərindən çıxan nəticə -    TƏHLİL
  29 İyul 2021    Oxunub:8236
Prezident İlham Əliyevin rəsmi twitter hesabındakı son açıqlamalarda dövlət başçımızın bu yaxınlarda AzTv-ə verdiyi geniş müsahibədə səsləndirdiyi fikirlər yer alıb. Birinci açıqlamada Avropa İttifaqı ilə Azərbaycan arasında yaxın vaxtlarda Sazişin imzalacağından xəbər verilir:
“Sazişin 90 faizi razılaşdırılıb, qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər”.

Bu tvitdən təxminən bir saat sonra növbəti paylaşımda Azərbaycanla Ermənistan arasında mümkün sülh razılaşmasından söhbət açılır və ölkəmizin danışıqlara hazır olduğu bildirilir: Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir . Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq”.

Bu fikirlərin ard-arda yayımlanması heç də təsadüfi olmaya bilər və Ermənistana yönəlmiş ciddi mesaj xarakteri daşıyır. Söhbət ondan gedir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanması həm də Ermənistanla sülhün əldə olunmasından asılıdır. Çünki, böyük ehtimalla, Aİ ilə saziş əsasən şərqdən qərbə uzanacaq nəqliyyat dəhlizi və malların daşınması şərtlərini də əhatə edəcək. Bu dəhlizin Azərbaycandan qərbə doğru gedən hissəsinin iki qanada bölünərək, birinin Gürcüstandan, digərinin isə Zəngəzurdan uzanacağını ehtimal etmək olar.

Aİ üçün hər iki qanadın parelel fəaliyyəti əhəmiyyətlidir çünki, Gürcüstan dəhlizi sonradan Qara Dənizə açılacaqsa, Zəngəzur dəhlizi quru yolla Türkiyə vasitəsilə malların Avropaya daşınmasını təmin edəcək. Avropanın nəqliyyat dəhlizlərinin işə düşməsində maraqlı olmasını prezident müsahibəsində də açıq şəkildə dilə gətirdi: “Son vaxtlar Avropa İttifaqı nəqliyyat sektoruna böyük önəm verir. Misal üçün, cənab Donald Tuskun iki il əvvəl Azərbaycana qısamüddətli səfəri olmuşdu. Buna baxmayaraq, Ələt Beynəlxalq Dəniz Ticarət Limanına da baş çəkdi. Vəziyyətlə tanış oldu, ona təqdimat edildi. Bu, nəyi göstərir? Marağı göstərir” – deyən İlham Əliyev daha sonra Aİ-nin hazırkı prezidenti Şarl Mişel və genişlənmə üzrə Komissarı Oliver Varhelyinin Azərbaycana səfəri barədə fikirlərini diqqətə çatdırıb: “Şamaxıda ona (Şarl Mişelə) Ələt Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, Ələt Azad İqtisadi Zonasının gələcək fəaliyyəti və turizm imkanları ilə bağlı təqdimat edildi. Yəni nəqliyyat sektoru Avropada çox böyük maraq doğurur. Bu yaxınlarda Azərbaycana səfər etmiş Avropa Komissiyasının Genişlənmə üzrə Komissarı cənab Varhelyi də Ələt Dəniz Ticarət Limanına baş çəkdi. Avropa İttifaqı Azərbaycanı artıq önəmli nəqliyyat, logistika mərkəzi kimi tanıyır və bizim potensialımıza da arxalana bilir”.

Qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, prezident Aİ ilə imzalanacaq sazişin 90 faizinin razılaşdırıldığını deməklə Azərbaycanın iradəsinə bağlı məsələləri nəzərdə tutur, yerdə qalan 10 faizin isə Zəngəzur dəhlizinin işə düşməsindən asılı olacağını ehtimal etmək olar. Aİ-nın bu sazişin imzalanmasında maraqlı olması isə, Ermənistanın Azərbaycanla sülh danışıqlarına başlamasına təsir göstərəcəyi anlamına gəlir. Ermənistanın faktiki olaraq Azərbaycanın irəli sürdüyü gündəlikdən çıxması mümkünsüzdür və məhz bu səbəbdən İlham Əliyev əminliklə “Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir” ifadəsini səsləndirir.

Ermənistana tək Avropa vasitəsilə deyil, eyni zamanda, Rusiyanın əlilə də güclü təzyiq göstərilir. Yerevanın ənənəvi olaraq Rusiya ilə Qərb arasında manevrlər edərək, konstruktiv platformadan qaçdığını bilən İlham Əliyev elə bir kombinasiya hazırlayıb ki, bir-birinə zidd tərəflərdə dayanan güc mərkəzlərinin hər ikisi Azərbaycanın maraqlarına cavab verən mövqedən çıxış edirlər. Bu vəziyyət İrəvanı ümumiyyətlə, manevr imkanlarından məhrum edir.

Prezidentin açıqlamalarından məlum olur ki, Azərbaycanla Rusiyanın əməkdaşlığına dair 7 müxtəlif sahəni əhatə edəcək yol xəritəsi hazırlanır və Moskva Şimal-Cənub nəqliyyat dəhlizilə yanaşı, Zəngəzur dəhlizinin də fəaliyyətində maraqlıdır.

Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Bu dəfə daha çox ticarət, iqtisadi, nəqliyyat, humanitar məsələləri müzakirə etdik. Nəqliyyat məsələlərinə gəldikdə, əlbəttə ki, həm əvvəlki dövrdə razılaşdırılmış məsələləri, “Şimal-Cənub” nəqliyyat dəhlizini, perspektivlərini, eyni zamanda, müharibədən sonra yaranmış vəziyyəti, o cümlədən, Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə etdik. Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Biz - Rusiya və Azərbaycan hesab edirik ki, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır ”- prezident vurğulayıb.

Tofiq Vahid
Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti