XİN rəhbəri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
Nazir Ceyhun Bayramov səmimi təbriklərinə görə Pakistan İslam Respublikasının Milli Assambleyasının sədrinə təşəkkürünü bildirib. O bu ilin əvvəlində İslamabadda keçirilən üç ölkənin xarici işlər nazirlərinin görüşünə istinad edərək, üçtərəfli formatda keçirilən toplantıların qardaş ölkələr arasında əlaqələrin inkişafına ciddi töhfə verdiyini vurğulayıb. Azərbaycanın Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq həllini dəstəklədiyini qeyd edib. Nazir, səfər çərçivəsində Pakistan Milli Assambleyası nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya gedərək oradakı vəziyyətlə və ümumiyyətlə, azad olunmuş ərazilərdəki dağıntıların miqyası ilə tanış olmaq imkanını qeyd edib. Nazir, qarşı tərəfə hazırkı post-münaqişə mərhələsi, azad olunmuş ərazilərdəki mina təhlükəsi, həyata keçilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib. Ermənistan tərəfindən hələ də destruktiv mövqe nümayiş edildiyini vurğulayan nazir, qarşı tərəfin son zamanlar sərhəd bölgəsində vəziyyəti gərginləşdirmək cəhdlərini qınayıb və Ermənistanı təxribatlardan əl çəkərək, iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara başlamasının regional sülh və təhlükəsizliyin təmin olunması baxımından vacib olduğunu bildirib.
Tərəflər, habelə Azərbaycan və Pakistan arasında iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin regional təhlükəsizlik məsələləri, iqlim dəyişikliyi üzrə müzakirələr edilib.
Azvision.az
Teqlər: XİN