Hindistan Azərbaycanın 7-ci əsas ticarət tərəfdaşıdır - FOTO

Hindistan Azərbaycanın 7-ci əsas ticarət tərəfdaşıdır - FOTO
  28 İyul 2021    Oxunub:871
Hindistanın Bakıdakı səfirliyi Kimyəvi maddələrin və Əlaqədar Məhsulların İxracının Təşfiqi Şurası (CAPEXIL) ilə birlikdə Hindistanın və Azərbaycanın 40-dan çox keramika plitələri və sanitar avadanlıqlar sektorunda fəaliyyət göstərən şirkətinin iştirakı ilə iki ölkə arasında əməkdaşlıq potensialını araşdırmaq üçün interaktiv vebinar təşkil edib.
Azvision.az - a səfirlikdən verilən məlumata görə tədbirdə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının nümayəndələri də iştirak edib.

CAPEXİL-in Keramika və Əlaqədar Məhsullar o cümlədən Odadavamlı məmulatlar üzrə panelinin sədri S.K.Qoş vebinarda açılış nitqi ilə çıxış edib. O, Hindistan keramika məhsullarının gücünü vurğulayaraq, iki ölkə arasında bu sahədə əməkdaşlığı artırmaq istəyini ifadə edib.

Hindistan səfiri Bavitlunq Vanlalvavna çıxışında ölkəsinin keramika və porselen plitələrinin, eyni zamanda digər keramika məhsullarının Azərbaycan bazarında artıq tanındığı deyib. O, Hindistan keramika məhsullarının keyfiyyətinin məlum olduğunu söyləyib. Diplomat Hindistanın keramika məhsullarının Azərbaycanda bazar payının artırılması üçün böyük potensial olduğunu vurğulayıb.

CAPEXİL-in vitse prezidentinin çıxışından sonra vebinar Azərbaycan və Hindistan şirkətləri tərəfindən təqdimatlarla davam edib. Hər iki tərəfdən olan iştirakçılar vebinarın B2B və sual-cavab hissəsində bir-biri ilə ünsiyyət qurmaq imkanı əldə ediblər.

Xatırladaq ki, Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət 2021-ci ilin yanvar-iyun ayları ərzində ötən illə müqayisədə 21.7% artaraq 431,4 milyon ABŞ dolları məbləğində olub. Hindistan Azərbaycanın qlobal tiracətində 3,04% paya sahib olmaqla Azərbaycanın 7-ci əsas ticarət tərəfdaşıdır. Azərbaycanın Hindistandan keramika məhsulları idxalı 2021-ci ilin yanvar-may ayları ərzində 1,478 milyon ABŞ dolları məbləğində olub. Bu da ölkəmizin ümumi keramika məhsulları idxalının 3,7%-i deməkdir.




Pərvanə Sultanova
Azvision.az



Teqlər: Azərbaycan   Hindistan  





Xəbər lenti