Kənd məktəbində işləmək istəməyən müəllimə yenidən imtahan verib

Kənd məktəbində işləmək istəməyən müəllimə yenidən imtahan verib
  27 İyul 2021    Oxunub:1097
Dünən müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə keçirilən test imtahanında 51 bal toplayaraq ən yüksək nəticə göstərən namizəd Rufanə Nəsirova olub. 2020-ci ildə universiteti bitirdikdən sonra MİQ imtahanı verən R.Nəsirova Kürdəmir rayonunun Çölərəb kəndində müəllimlik fəaliyyətinə başlayıb.
Azvision.az -a danışan R.Nəsirova bu il yenidən imtahan verməsinin səbəbini belə izah edib:
“Yeni ailə qurduğum üçün artıq məktəbi dəyişmək və Bakıya gəlmək istəyirdim. Müəllimlərin yerdəyişməsi müsabiqəsinə müraciət etmişdim. Lakin artımla ballar çoxaldığı üçün mən keçə bilmədim. Ona görə bu il yenidən imtahan verdim. Bakı məktəblərinin birində işləmək istəyərdim. Qəti qərar qəbul etməmişəm, lakin Kürdəmirdə işləmək fikrim yoxdur”.

Kənd məktəbinin problemlərindən danışan namizəd bildirib ki, işlədiyi məktəbdə hər il müəllim dəyişir.

“Bura gələn müəllimlər daimi işləmədikləri üçün uşaqlarda bilik bazası yaxşı deyil. Uşaqların içərisində savadlısı azdır. Müəllim yanına hazırlığa gedənlər test imtahanında yaxşı nəticə göstərir. Məktəbdə Azərbaycan dili və ədəbiyyat üzrə müəllim tək mənəm. 5-ci sinifdən 9-cu sinifə qədər 29 saatlıq dərs yüküm var. Kənd rayon yerindən uzaq olduğu üçün həvəsləndirici məqsədlə verilən məbləğ də ödənişlərə kifayət etmir. Burada olan problemlər əksər kənd məktəbləri üçün xarakterikdir, yəni sırf bura xas deyil”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Kənd-məktəbi   müəllim   imtahan  





Xəbər lenti