"Sknilov faciəsi"ndən 19 il ötür: 77 tamaşaçının həyatına son qoyan aviaşou
Faciə zamanı hava limanında on minə yaxın tamaşaçı olub. Uçuş təcrübəli, birinci dərəcəli pilotlardan olan polkovnik Vladimir Toponar və polkovnik Yuri Yeqorov tərəfindən həyata keçirilib. Hər iki pilot faciənin son anında qırıcıdan katapultdan istifadə etməklə atlanmağı bacarıb. 77 nəfərin ölümünə səbəb olan anti-qəhrəmanlar yalnız yüngül xəsarətlər alıblar. Qəzanın istintaqı Ukrayna Baş Prokurorluğu və Müdafiə Nazirliyinin xüsusi komissiyası tərəfindən aparılıb. Hava şousunun təşkilatçıları və pilotlar səhlənkarlıq, uçuş planına əməl etməməkdə təqsirli biliniblər. 10 nəfər birbaşa mühakimə olunsa da, onlardan 5-i bəraət alıb. Pilotlar isə qəzaya görə günahlarını boyunlarına almayıblar. Onlar verdikləri ifadələrdə şounun təşkilatçılığının aşağı səviyyədə olmasına işarə vurublar.
Buna baxmayaraq pilot Vladimir Toponar 14 il, Yuri Yeqorov isə 8 il həbs cəzası alıb. 2007-ci ilin noyabrında Ukrayna prezidentinin fərmanı ilə məlum faciənin baş verməsində təqsirli bilinən şəxslərin bəziləri bağışlanıb. Anatoliy Tretyakov və Yuri Yeqorovun həbs müddəti azaldılıb.
Qeyd edək ki, faciə qurbanlarının yaxınları günahkarların cəzalandırılmasından və təzminat məsələlərindən narazı qalıblar. Hər il iyulun 27-də Ukraynada dünya aviasiya tarixinə ağır təyyarə qəzası kimi düşən "Skinilov faciəsi" qurbanlarının anım tədbirləri keçirilir.
Bu dəhşətli aviasiya hadisəsindən sonra bir çox ölkə oxşar şoularla bağlı lazımi təhlükəsizlik tədbirlərini daha da gücləndirdi. Təyyarələr artıq tamaşaçıların başı üzərində başgicəlləndirici aerobatika nümayiş etdirmirlər.
Tural Tağıyev
Azvision.az