Müsbət imicli general: Cəmiyyət Baş Qərargahın yeni rəisini necə tanıyır

      Müsbət imicli general:    Cəmiyyət Baş Qərargahın yeni rəisini necə tanıyır
  24 İyul 2021    Oxunub:2911
Azərbaycan Respiblikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev imzaladığı bir neçə sərəncamla Müdafiə Nazirliyinin rəhbərliyində ciddi kadr dəyişikliyi etdi. Çoxdan ətrafında müxtəlif söz-söhbətlər gəzən, yeni təyinatın olacağı gözlənilən Silahlı Qüvvələrin Baş Qərargahına kimin rəhbərlik edəcəyi də bəlli oldu.
Beləliklə, Ali Baş Komandan bu vəzifədən azad etdiyi Nəcməddin Sadıkovun yerinə general-leytenant, müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi Kərim Vəliyevi Azərbaycan Ordusunun baş qərargah rəisi təyin etdi.

Dünən aznetdə sərhəd bölgəsində baş verən erməni təxribatı və bir hərbçimizin şəhid olması ilə bərabər, ən çox müzakirə edilən məsələ məhz Kərim Vəliyevin yeni təyinatı idi. Əvvəlcə gəlin, generalın həyat və fəaliyyəti haqda qısa arayışla tanış olaq:

Kərim Tofiq oğlu Vəliyev 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.
1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 14.05.2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.


Kərim Vəliyev Birinci Qarabağ Müharibəsi zamanı Orduda müxtəlif vəzifələr tutub. Aprel Döyüşləri və İkinci Qarabağ Müharibəsində Müdafiə Nazirliyinin rəhbər şəxsi kimi həmişə ön xəttə, döyüş bölgələrində olub. Tovuz döyüşləri zamanı general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digərlərinin şəhid olması xəbərini ictimaiyyətə məhz Kərim Vəliyev çatdırmışdı. Bu hadisəyə qədər ictimaiyyət qarşısında çox nadir hallarda görünən general İkinci Qarabağ Müharibəsində və Qələbə paradında Ordunun önündə dayanan zabitlərdən oldu.

Kərim Vəliyevin təyinatı istefada olan hərbçilər və hərbi ekspertlər tərəfindən müsbət qarşılanıb. Sosial medianın Azərbaycan seqmentində məsələyə öz münasibətini bildirənlərin əksəriyyəti təyinatdan məmnunluq ifadə ediblər. Hərbi ekspertlərin, keçmiş zabitlərin yeni baş qərargah rəisi haqda yazdıqlarının kontent-analizi maraqlı nəticə göstərir. Hətta mütəmadi olaraq ölkədəki ictimai-siyasi prosesləri tənqid edən müxalif fikirli şəxslərin də çoxu Kərim Vəliyevin təyinatını alqışlayaraq, bunun Azərbaycan Ordusunun gələcəkdə daha da güclənəcəyinə və möhkəmlənəcəyinə töhfə verəcəyini vurğulayıblar. Misal kimi İsa Sadıxov un paylaşımını göstərmək olar. Keçmiş briqada komandiri, Azərbaycanın müdafiə nazirinin keçmiş müavini, hazırda Avropada yaşayan polkovnik İsa Sadıxov öz statusunda Kərəm Vəiyevin şəklini paylaşaraq, "Generalımızı təbrik edirəm! Uğurlar arzulayıram!" yazıb. Bütün bunlar təsdiqləyir ki, General Vəliyev həm Orduda, həm də cəmiyyətdə müsbət imicə malik bir şəxsiyyətdir.

Şahin Ömər
Azvision.az


Teqlər: Ordu   Kərim-Vəliyev  





Xəbər lenti