Atamın əli ilə xatırladığım Heydər Əliyev

Atamın əli ilə xatırladığım Heydər Əliyev
  14 İyul 2021    Oxunub:3688
Bu gün Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən 52 il ötür. 1969-cu ildə o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi seçilib və 1982-ci ilədək bu vəzifədə Azərbaycana rəhbərlik edib. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdu.
Heydər Əliyev, onun siyasi fəaliyyəti, xidmətləri, uğurları haqqında çox yazılıb, çox danışılıb. Ancaq bir danılmaz həqiqət var kı, çağdaş Azərbaycanın son əlli ili məhz onun adıyla bağlıdır. İndiki Azərbaycanı onun əsəri adlandırsaq, səhv etmərik.

Bu gün Heydər Əliyev haqqında pafossuz, tərifsiz, çoxlu önəmli tarixi faktlar, arqumentlər, rəqəmlər göstərmədən bir neçə kəlmə yazmaq istərdim. Ömrümün yarıya qədərini bilavasitə onun özünün, 18 ilini də siyasi varisinin rəhbərlik etdiyi ölkədə yaşamışam. Arada 11 il fasilə olub. Gəlin belə bir suala cavab axtaraq: Azərbaycanın son 52 ili Heydər Əliyevin deyil, başqa bir liderin, yaxud liderlərin adıyla bağlı olsaydı, bu gün biz daha yaxşı durumda olardıq, daha pis vəziyyətdə olardıq, yoxsa, ümumiyyətlə olmazdıq?


Bu suala belə cavab verərdim: Heydər Əliyev Azərbaycan üçün mümkün olan ən optimal variant idi və yaxşı ki, Tanrı onu bizə qismət elədi. Fikrimi əsaslandırıram. Onun Azərbaycanda olmadığı 11 illik müddətdə ölkəyə dörd şəxs – Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəy rəhbərlik ediblər. Onlar hamısı bütün parametrlərinə görə, Heydər Əliyevdən çox-çox zəif şəxsiyyətlər, siyasətçilər və rəhbərlər idilər. Təcrübə göstərdi ki, Azərbaycan xalqı ortaya Heydər Əliyevdən daha güclü şəxsiyyət, siyasətçi və rəhbər çıxara bilmədi, odur ki, yenidən onu çağırmağa məcbur oldu.

Amma 11 il az müddət deyil. 11 il ərzində ölkədə yaxşılığa doğru heç nə dəyişmədi, demək olar ki, müsbət heç nə baş vermədi. Məsələ burasındadır ki, Azərbaycana Heydər Əliyevdən əvvəl də ondan daha güclü lider rəhbərlik etməyib. Məncə, Heydər Əliyev azərbaycanlıların milli siyasi potensialının zirvəsidir və biz onunla fəxr etməliyik. Çünki dünyanın böyük xalqlarının ortaya çıxardığı ən güclü siyasətçilərin sırasında şərəfli yer tutan bir liderdir.

Bəzən hətta təəccüb edirəm: necə olub ki, azərbaycanlılar arasından belə bir şəxsiyyət çıxıb? Çünki xalqımızın mədəni, intellektual, siyasi səviyyəsi Heydər Əliyev kimi şəxsiyyətə görə çox zəifdir. Buna, əlbəttə, təəssüflənməliyik, ancaq neyləmək olar, fakt faktlığında qalır. Bəziləri problemlərimizin günahını onun üzərinə atmağa çalışırlar, ancaq başa düşmürlər ki, o olmasaydı, bu problemlər daha dərin, daha çox olardı və biz indikindən ağır vəziyyətdə olardıq, yaxud da heç olmazdıq.

Amma xalqın əksəriyyəti Heydər Əliyevi həmişə qiymətləndirib, sevib. O, bu gün də unudulmur və xalqımızın qürur mənbəyi, ziyarət yeridir. O, ağıllı, müdrik, pozitiv, yaraşıqlı, gülərüz, müsbət enerjili bir adam idi. Ona opponentlik etmək olardı, amma nifrət etmək mümkün deyildi. Yalnız çox pis və məkrli adamlar ona nifrət bəsləyə bilərdilər.

Yaxşı yadımdadır, 1980-ci illərin əvvəlində Heydər Əliyev təşviqat qatarı ilə İmişliyə gələcəkdi. Möhkəm hazırlıq gedirdi. O vaxt atam kommunist partiyası rayon bürosunun üzvü, DİN Mühafizə Bölməsinin rəisi olaraq, təhlükəsizlik məsələlərinə rəhbərlik edənlərdən biri idi. Axşamüstü evə gələndə çox sevincli idi, atamı çox nadir hallarda belə görmüşdüm. Adətən dövlət tədbirlərindən evə yorğun, ac və əsəbi gəlir, rahatlaşana qədər üzü gülmürdü. Amma o gün əksinə idi. Uşaq kimi sevincək dedi ki, Heydər Əliyev gəldi, qatardan düşüb hamımızla əl görüşdü. Sonra xüsusi vurğuyla əlavə etdi: mənimlə də görüşdü… O vaxt atamın iri, güclü və yaraşıqlı əllərinə bir daha böyük sevgiylə baxdım…

1993-cü ildə mən də bir çoxları kimi Heydər Əliyevin yolunu səbrsizliklə gözləmişəm. Çünki heç bir hərbi təlim keçməyən insanlar olaraq əlimizə silah verib, bizi “surətçilərin” qarşısına çıxarmışdılar. Biz heç bir döyüş təcrübəsi olmayan tələbələr Surət Hüseynovun "boyevik"lərinin qarşısını kəsməli, eyni zamanda qardaşlarımıza güllə atmalıydıq. Əgər Heydər Əliyev gəlməsəydi, vaxtında özünü yetirməsəydi, qardaş qırğını labüd idi və yəqin ki, hamımız öləcəkdik. Onun gəlişini eşidən kimi, silahları sevincək təhvil verib, evimizə getdik və O hər şeyi yavaş-yavaş yoluna qoydu.


Mən əminəm ki, Heydər Əliyev həmişə Azərbaycanı daha yaxşı görmək istəyib, bunun üçün var qüvvəsini sərf edib, böyük işlər görüb. Ancaq həyat reallıqların məhsuludur. Dünyanın geosiyasi gerçəklikləri, onda tutduğumuz yer, malik olduğumuz çəki, tarixi təcrübə, yaşımız, boyumuz, keyfiyyətimiz Heydər Əliyevə daha böyük işlər görməyə imkan verməyib.

Ancaq o, Azərbaycanı əmin əllərə tapşırıb gedib və elə bir təməl qoyub, elə bir strategiya hazırlayıb ki, arzularının, xəyallarının, bizim arzu və xəyallarımızın hamısı gerçəkləşəcək!

Nadir Qocabəyli
Azvision.az


Teqlər: HeydərƏliyev   52il  





Xəbər lenti