"Pandemiya bitsin, səhnəyə qayıdaq" - Rejissorun ad günü arzusu

  "Pandemiya bitsin, səhnəyə qayıdaq"  - Rejissorun ad günü arzusu
  13 İyul 2021    Oxunub:2234
Bu gün Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru Bəxtiyar Xanızadənin doğum günüdür. 64 yaşını qeyd edən xalq artisti özəl günü ilə bağlı maraqlı təəssüratlarını Azvision.az ilə bölüşüb.
- Deyirlər, yaş kişinin var-dövlətidir. Belədir, yoxsa, üst-üstə yığılmış illərin cəmidir?
- Üst-üstə yığılmış illərin yox, üst-üstə etdiklərimizin toplusudur. Yaş insana bu dünyada niyə yaşadığını anlamaq üçün lazımdır.

- 64 il bunu anlamaq üçün sizə bəs etdimi?
- Bunu mən desəm, bir az düzgün çıxmaz. Bir qədər qapalı adamam. İşə gedib, oradan da çıxıb evimə gəlirəm. Məni tanıyan ancaq iş yoldaşlarım, işdə aktyorlarım, işçilərimdir. Bunu onlardan soruşa bilərsiniz. Qoy onlar kimin xətrinə dəydiyimi, kimdən hallalıq aldığımı, kimə kömək etdiyimi, kimə etmədiyimi desinlər. Özüm desəm, düz çıxmaz. Özüm özüm üçün ancaq hesabat verə bilərəm.

- Yaşadığınız illəri tərəziyə qoysanız, orada nələrin çəkisi daha çox olar?
- Teatrla məşğul olduğum anların, dəqiqələrin çəkisi ağır gələr.

- Geri boylansanız, həyatınızı kitab kimi vərəqləsəniz, hansı illərdə əl saxlayarsınız?
- Xoşbəxtlik haqqında hamı fikirləşir, yazır, düşünür. Özləri üçün "xoşbəxtəmmi və ya deyiləm" deyə, götür-qoy edirlər. Mən bu barədə düşünəndə anladım ki, insan keçmişdə yaşadıqlarının heç birini dəyişməzsə və ya dəyişmək istəməzsə, ikinci dəfə də eyni qayda ilə yaşamaq istəyərsə, deməli, o, xoşbəxtdir. Mən yenə də belə yaşayardım.


- Özəl gününüzdə sizi kim təbrik etsə və ya necə təbrik etsələr, ürəyinizin sarı simi tərpənər?
- Ürəyimə yağ və bal kimi onsuz da yaılır. Dünən gecədən başlayaraq, təbrik zənglərinin sayı-hesabı bitmir. Onların 99 faizi tələbələrim, bir faizi Azərbaycanda olan bir neçə dostumdur. Bundan artıq yağ və bal nə ola bilər ki?!

- Səhnələşdirdiyiniz hansı obrazın sizi təbrik etməsini istərdiniz?
- Mən bu sualı qəbul etmirəm. Övladın pisi və ya yaxşısı olmur. Övladlarımın hamısının məni təbrik etməsini istərdim. Tamaşalarım kiminsə sifarişi və ya istəyi ilə hazırlanmayıb. Öz istəyimlə hazırlanıb. Hamısı mənə yaxşısı, pisi, düzü və səhvilə doğmadır. Tələbələrin təbriki elə hazırladığım tamaşalardır da.


- 64 yaşlı kişi həyatdan nə istəyər?
- Can sağlığı, Allah bizi bu yaşdan sonra kiminsə xətrinə dəyməkdən qorusun.

- Nədənsə, mən sizi sərt, çox cidi insan kimi tanıyıram. Bəlkə səhv edirəm. Bu gün sizin üzünüzü nə güldürə bilər?
- Desinlər, pandemiya bitdi, insanlıq azad oldu. Məni bu sevindirə bilər. 64 az yaş deyil. Ömrün yarısından da çoxunu yaşamışam. Təzədən işə qayıtmaq, yaradıclıqla məşğul olmaq istərdim.

- İllər sizə hansı nəticəyə gəlməyə kömək etdi?
- 25 il bundan qabaq belə bir aforizm demişdim: "Bu fani, ölümlü dünyada teatrdan savayı heç nə ilə ciddi məşğul olmağa dəyməz”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rejissor   Bəxtiyar-Xanızadə  





Xəbər lenti