Əfqanıstana Türkiyə nəzarət edəcək – Rusiya da geri çəkilir

   Əfqanıstana Türkiyə nəzarət edəcək  – Rusiya da geri çəkilir
  13 İyul 2021    Oxunub:1509
Rusiya Əfqanıstanda estafeti Türkiyəyə verməyə hazırdır. Kreml təhlükəli və ozündən qat-qat güclü Çin və ABŞ-dansa, Türkiyəni üstün tutur, hətta bölgəni Ankara ilə bölüşdürməyə belə razıdır.
Azvision.az xəbər verir ki, Əfqanıstan ərazilərinin 60%-nə nəzarət Talibanda olsa da, bölgədə öz maraqlarını güdən dövlətlər diplomatiya traffiki ilə məşğuldurlar. Rusiyada terroçu təşkilat kimi tanınan, üzvlərinin fəaliyyəiti cinayət hesab edilən Taliban qruplaşmasının liderləri Rusiya XİN-nin dəvəti ilə Moskvada danışıqlar aparıblar.

Danışıqların nəticəsi haqda verilən rəsmi məlumatlar göstərdi ki, Moskva taliblərlə dil tapa bilməyib . Ona görə də, Kreml hələlik Orta Asiyadakı müttəfiqləri ilə məsləhətləşmələri davam etdirərək, Əfqanıstandakı hadisələrin inkişafını kənardan izləmək qərarına gəlib.

Xatırladaq ki, NATO-nun Əfqanıstandan çəkilmə qərarından sonra, Brüssel, mühüm nəqliyyat arteriyası sayılan Kabil Hava Limanına nəzarət edən türk hərbi kontingentinin Əfqanıstandan çıxarılmaması üçün Ankara ilə danışıqlar aparmağa qərar verdi. Bu məsələ ilə bağlı Brüsseldə keçirilən görüşlərdən sonra, Türkiyənin XİN başçısı Mövlüd Çavuşoğlu və hərbi nazir Hulusi Akar hələlik konkret qərar vermədiklərini bəyan etdilər.

Əfqanıstan hökuməti və bölgədə yaranmış gərginliyin qurbanına çevrilmək təhlükəsilə üz-üzə qalan Orta Asiya ölkələri isə çıxış yolları aramaqdadırlar. Bu bölgəni az qala əsrə yaxındır ki, total nəzarətdə saxlayan Rusiya, resursları tükəndiyindən artıq bacarmadığını gözəl dərk edir. Buna görə də, Moskva Orta Asiya regionunda estafeti maraqlarına ciddi zərbə vurmayacaq üçüncü gücə vermək niyyətindədir. Əfqanıstandakı xaos Orta Asiyaya sirayət edərsə, Rusiya bölgədən birdəfəlik çıxarıla, nəticə etibarilə həm supergüc kimi nüfuzunu, həm də Avrasiyaya nəzarəti itirə bilər.

Hazırda Əfqanıstanda baş verən proseslərə iki əsas oyunçunun - ABŞ və Çinin üzdə etinasız münasibəti Rusiya rəhbərliyinin ağlını qarışdıran əsas məsələdir. NATO üzvü olmasına baxmayaraq, Rusiya Əfqanıstanda da, Türkiyə ilə əməkdaşlıq etməyə hazırdır və NATO-nun Ankaraya Kabil hava limanında qalmaq təklifinə isti münasibət bəsləyir. Bundan başqa, Rusiya Türkiyənin Orta Asiyadakı türk və müsəlman ölkələrində təsir gücünün, türklərə olan rəğbətin fərqindədir. Odur ki, Kreml təhlükəli və ozündən qat-qat güclü Çin və ABŞ-dansa,Türkiyəni üstün tutur, hətta bölgəni Ankara bölüşdürməyə belə razıdır.

Rusiyanın Türkiyəni dəstəkləməsi ölkədə birmənalı qarşılanmır. Şərqşünas Satanovski "Nezavisimaya" qəzetində Türkiyənin Orta Asiya strategiyası və Rusiyanın buradakı maraqlarını şərh edərkən yazır ki, Ankaranın bölgədə artan nüfuzu Rusiyaya yaxşı heç nə vəd etmir. O, iddia edir ki, "Rusiya üçün fəlakət ssenarisi" hazırlanır.

- Rusiya Əfqanıstana girməyəcək. Axı, Moskva orada kimə bel bağlaya bilər ki?! Sovet dövrünün acı təcrübəsini unutmamışıq...Türklər Kabil hava limanına Pakistanla birgə nəzarət edə bilərlər, sonrasının necə olacağı məlum deyil. Türkiyə bölgədə güclənəcək... “Şuşa Müqaviləsi”ni unutmayın! Türkiyə artıq Xəzərə çıxıb, bu regionda onun hərbi bazaları yaranacaq. Bu, həm də NATO-nun bazaları deməkdir, - Satanovski iddia edir.

Digər Orta Asiya analitiki, milliyətcə rus olan Şərq-Qərb Strategiyası Analitik Mərkəzinin direktoru Dmitri Orlov isə, Ərdoğanın çox cəsarətli gedişlər etdiyini deyir. O, bildirir ki, “Ədoğanın oyunu uzun müddətə hesablanıb və hiss olunur ki, onun arxasında çox böyük güc dayanıb”.

- Bu Britaniyadır. Amma Erdoğan gözəl oyunçudur və Orta Asiya məsələsində Rusiya, Çin və ABŞ arasındakı anlaşılmazlıqdan maksimum yayrarlanmağa çalışacaq, - deyə Orlov vurğulayıb.

Bundan başqa, Türkiyənin xüsusi-xidmət orqanlarının Bişkekdə FETÖ-nun əsas adamlarından birini - Orxan İnandını yaxalayaraq ölkəyə gətirməsi də, Orta Asiyadakı prosesləri izləyən təhlükəsizlik və konfliktlər üzrə ekspertlərin diqqətindən yayınmayıb. Qırğızıstan prezidenti Sadır Japarovun Türkiyəyə səfərinin nəticələrinin detallı anlizi isə onu göstərir ki, türk diplomatiyası türk ordusuna dünyanın bu çox mühüm və qarışıq coğrafiyasında manevr etmək üçün geniş və möhkəm zəmin hazırlayıb.

Şahin Ömər
Azvision.az



Teqlər: Asiya   Taliban  





Xəbər lenti