"Atam həkim olmağımı istəyirdi... olacağam!" - Şəhidimizin qızı (VİDEO)

 "Atam həkim olmağımı istəyirdi... olacağam!" -  Şəhidimizin qızı (VİDEO)
  08 İyul 2021    Oxunub:7677
Asudə Allahverdiyeva Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi Seymur Allahverdiyevin qızıdır. O, şəhid övladları üçün təşkil edilən “Qaliblər düşərgəsi”nin 76 iştirakçısından biridir. Düşərgəyə yaşadığı Gəncə şəhərindən gəlib. O, orada 44 nömrəli məktəbdə təhsil alır.
Azvision.az şəhidin övladı ilə söhbətləşib.
Şəhid övladının Prezidentdən istəyi: “Cıdır düzündə yallı gedək…” - VİDEO

- Atam Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də orada şəhid olub. Onun nəşi 3 ay sonra, dekabrın 29-da tapıldı. Atam Tovuz döyüşlərində də iştirak etmiş, oradan sağ-salamat qayıtmağı bacarmışdı.

- Atanla sonuncu dəfə nə zaman görüşmüşdünüz?
- Müharibəyə görə çox vaxt ön cəbhədə olurdu. Evdə onu tez-tez görə bilmirdik. Şəhid olacağını bilirmiş kimi davranırdı. Qardaşım atama çox bağlıydı. Evə gələndə ayrı durmurdu, tez-tez onun üçün ağlayırdı. Atam sentyabrın 26-sı bizə zəng edib dağa qalxacaqlarını dedi və buna görə də telefonuna zəng çatmayacağını bildirdi. Həmin söhbətdən bir az keçəndən sonra bir də zəng edib, qardaşımla danışmaq istədi. Dedi, “son dəfə oğlumun səsini eşitmək istəyirəm”.


Qardaşımla danışıb, sağollaşdı. Bununla da atamdan gələn zənglər kəsildi. Həmin axşamın səhərisi şəhid olduğu xəbəri gəldi. Biz Gəncədən Gədəbəyə getdik. 3 ay atamın nəşini orada gözüyaşlı gözlədik. Xəbər yox idi. Biri deyirdi sağdır, biri deyirdi şəhid olub. Çox çətin günlər idi. Nəhayət, 3 aydan sonra atamın nəşi tapıldı və gətirildi.

- Yadında necə ata kimi qalıb? Onu bizə necə təsvir edərdin ?
- Bir ata kimi heç vaxt qəlbimə toxunmayıb. Mən çox vaxt nənəmin yanında olurdum deyə, daha çox qardaşımla görüşürdü.

- Düşərgədə digər şəhid övladları da var. Onlara nə demək istəyirsən ?
- Mən şəhid övladlarına, qızlarına demək istəyirəm ki, başınızı dik tutun. Atalarımız ən böyük zirvələrdədir. Onlarla fəxr edin, qürur duyun, adını qoruyun.
Mən yaxşı təhsil alamağı və universitetə daxil olmağı planlaşdırıram. Atam istəyirdi ki, biologiya, fizika və kimya fənnlərini yaxşı oxuyub, həkim olum. İndi onun arzusunu yerinə yetirməyə çalışram. Biologiya müəlliməm də çox kömək edir.

- Atan səsini duysaydı, ürəyindən ona nələri demək keçərdi?
- Ata, ölənə qədər sənin adını daima uca tutacağam. Sənin unudulmana əsla icazə vermərəm. Daima sən qəlblərdə yaşayacaqsan.

Şahanə Rəhimli
Foto : Anar Bayramlı

Azvision.az


Teqlər: Şəhid-övladı  





Xəbər lenti