Sanksiyalar Rusiyaya nə edə bilər? – TƏHLİL

Sanksiyalar Rusiyaya nə edə bilər? – TƏHLİL
  12 Mart 2014    Oxunub:2173
Bu addım atılsa, Azərbaycanın layihələrinin önəmi artacaq
Rusiyanın Ukraynadakı hadisələrə müdaxiləsi və Krım yarımadasını öz ərazilərinə qatmaq üçün həyata keçirdiyi addımlara cavab olaraq ABŞ və Avropa Birliyinin rəsmiləri Moskvanı ağır iqtisadi sanksiyalarla hədələdilər. Buna baxmayaraq Krımda hadisələrin inkişafı onu göstərir ki, Rusiya prezidenti Vladimir Putin bu ərazini ilhal etmək planlarından əl çəkmək fikrində deyil.

Belə olan halda Rusiyaya qarşı hansı sanksiyaların tətbiq olunması mümkündür və bundan ölkəyə dəyəcək ziyanın həcmi nə qədər ola bilər?

Qeyd edək ki, Rusiya KİV-ndə mümkün sanksiyalarla bağlı əhali arasında yarana biləcək narahatlığın əvvəlcədən qarşısını almaq məqsədilə belə bir fikir təlqin olunur ki, Qərbin Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalar öz maraqlarına da ciddi zərbə olduğu üçün bu addım atılmayacaq. Rusiyalı ekspertlər öz fikirlərini onunla əsaslandırırlar ki, Avropa Rusiya enerjidaşıyıcılarından asılı olduğuna görə bu addımı atmayacaq.

Bu mənada rusiyalı ekspertlərə haqq qazandırmaq olar. Rusiyadan ixrac olunan neftin 67,5 faizi Avropya və yalnız 6 faizi Amerikaya satılır. Avropa istifadə etdiyi neftin 46,38 faizini, Amerika isə cəmi 5 faizini Rusiyadan alır. Belə olan halda Avropa ölkələrinin qısa zamanda Rusiya ilə əməkdaşlıqdan imtina edəcəyini söyləmək doğru olmaz.

Ancaq Amerikanın Rusiyadan aldığı neftdən imtina etməsi mümkündür. Bu addım da Rusiya iqtisadiyyatına müəyyən zərbə vura bilər. Avropaya Rusiya qazının 64,7 faizi ixrac olunur və bu Avropanın qaza olan ehtiyaclarının 34,46 faizini təmin edir. Avropa ölkələri Rusiya qazının əsas alıcısı hesab olunsalar da get-gedə bu asılılığı aradan qaldırmağa çalışırlar. Bu mənada Azərbaycanın iştirakçısı olduğu “Bakı-Tbilisi-Ərzurum”, “Transxəzər”, “Nabukko” və “Bəyaz axın” kimi layihələrinin Avropa üçün xüsusi önəmi vurğulanmalıdır. Amerikaya gəldikdə isə bu dövlət Rusiyadan qaz ixrac etmir.

Rusların sanksiyalardan ehtiyatlanmamalarının digər səbəbi isə, 2008-ci il Gürcüstana hərbi müdaxilə, amerikalı Edvard Snoudenə Rusiya tərəfindən siyasi sığınacaq verilməsi və nəhayət “Maqnitski böhranı”ndan sonra da Qərb sanksiyalar tətbiq edəcəyini bildirsə də bu sanksiyaların heç bir effektinin olmaması ilə bağlıdır.

Ümumiyyətlə iqtisadi sanksiyalar vasitəsilə ölkəyə ani təsir göstərmək mümkün olmadığı üçün belə tədbirlər effektiv təsir metodu hesab edilmir. Adətən sanksiyalarla hədələmə daha təsirli tədbirdir və Amerika əsasən bu üsula əl atır. Tafts Universitetinin əməkdaşı Daniel Dreznerin apardığı tədqiqatın nəticələri göstərir ki, ABŞ sanksiya tətbiq etdiyi halların 33 faizində, tətbiq etmə təhlükəsinin olmasının elan etdiyi halların isə 56 faizində öz məqsədinə çatıb. Bundan əlavə Drezden kollektiv sanksiyaların individual sanksiyalara nisbətən az effektiv olduğu qənaətinə gəlib. Belə ki, son anda kampaniyada iştirak edən ölkələrdən hasısa biri iştirakdan imtina edə bilər və bu ümumi işin pozulması ilə nəticələnər.

Rusiya ilə bağlı ABŞ və Avropa ölkələri ilə bağlı ümumi narazılıq olsa da, bu dövlətlər birgə razılaşdırılmış sanksiyalara əl atmaq fikrində deyillər. Dövlətlərin razılaşdırılmış yeganə qərarı “səkkizliy”in Soçidə keçiriləcək konfransında iştirakdan imtina etmələri oldu. Bu addımı da iqtisadi sanksiya hesab etmək olmaz.
Bununla belə, ayrı-ayrılıqda qərb dövlətlərinin sanksiya tətbiq etməsi mümkündür və bu sanksiyaların Rusiya iqtisadiyyatı üçün ağır zərbə ola bilər.

Məsələn Ukrayna böhranı, Rusiyanın ən böyük on şirkətinin Avropa, Amerika və Yaponiya banklarında ümumilikdə götürmək istədikləri 8 milyard dollar kereditin verilməməsi ilə nəticələnə bilər. Rusiya bankları Amerikada qəbul olunmuş FATKA (Foreign Account Tax Compliance Act) adlanan qanundan da zərər görə bilərlər. Bu qanuna əsasən isənilən növ amerikalı müştərilərlə iş aparan maliyyə qurumları daxil olmuş vəsaitlər barədə ABŞ-ın daxili gəlirlər xidmətinə məlumat verməlidir. Bu məlumatlar ayrı-ayrılıqda şirkətlər tərəfindən də, həmçinin ölkənin Maliyyə Nazirliyi tərəfindən də verilə bilər. Amerika ilə Rusiya arasında müvafiq razılaşma bu ilin 1 iyul tarixində imzalanması planlaşdırılıb. Əgər imzalanma baş tutmasa, Rusiyanın istənilən bank yaxud maliyyə təşkilatına Amerikanın hər hansı aktiv yaxud passiv aktivindən edilən daxilolmalardan 30 faiz vəsait tutulacaq.

Rusiya vətəndaşlarının xarici ölkə banklarında olan aktivlərinin dondururlması isə əsas təzyiq vasitəsi hesab olunur. Rusiyalıların xaricdə nə qədər vəsait saxlamaları barədə dəqiq məlumat mövcud deyil. Rusiyanın ABŞ banklarında olan dövlət vəsaitlərinin ümumi həcmi isə 400 milyard dollara yaxındır.

Rusiya əhalisi üçün lazım olun dərman preparatlarının 70 faizi xaricdən idxal olunur. Bu məhsulların 71,8 faizi Avropadan, 7,8 faizi isə Amerikadan gəlir. Əgər bu idxal dayanarsa Rusiya ciddi dərman çatışmazlığı, hətta, böhranı ilə üzləşə bilər. Rusiyanın uzun müddət strateji məhsul hesab olunan dərmansız tab gətirəcəyi inandırıcı səslənmir. Maraqlıdır ki, Rusiya nüvə reaktoru, mexaniki cihazlar və ehtiyyat hissələrinə görə də idxaldan asılıdır və idxalın 30 faizi ABŞ və Avropanın payına düşür.

Digər vacib məqam rus rublunun zəifliyi və fond bazarının siyasi hadisələrə reaksiyası ilə bağlıdır. Belə ki, Rusiya fond birjasının 70 faizinə xarici investorlar nəzarət edir və Ukraynada müharibənin başlanma ehtimalı həm fond birjası həm də rubla artıq zərbə endirdi. “Qazprom” şirkətinin səhmləri 11,5 faiz, VTB-nin səhmləri 11,5 faiz, “Lukoil”in səhmləri 5,8 faiz, “Rosneft”in səhmləri 7 faiz, “Rostelekom” şirkətinin səhmələri 9,5 faiz ucuzlaşdı. Ümumilikdə orta hesabla Rusiya şirkətləri 13,5 milyard dollar itkiylə üzləşdilər. Prezident Vladimir Putinin mətbuata açıqlama verməsi və hələlik Ukraynaya hərbi müdaxilə etməyəcəyini bildirməsi fond bazarlarında müəyyən qədər durğunluq yaratdı. Lakin fond bazarlarının istənilən vaxt Rusiyanın əleyhinə çalışacağı ehtimalı istisna olunmamalıdır.

Avropa ölkələri və ABŞ Rusiyaya investisiya yönəldən əsas dövlətlərdir. Rusiyaya qoyulan investisiyanın 2,7 faizi Amerikanın payına düşür. Maraqlıdır ki, Amerika investisiyasın əsas hissəsi neft məhsullarının istehsalı, avtomobil və cihazqayırma sahəsinə yönəldilib. Bu investisiyaların geri çəkilməsi Rusiya sənayesinə ağır zərbədir.

Rusiya krımı işğal edərsə yarımadanın saxlanılması üçün Moskva il ərzində 3 milyard dollar vəsaitdən imtina etməli olacaq. Odur ki, yarımadanın Putinə çox baha başa gələcəyini indidən söyləmək mümkündür.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti