DİM: Apellyasiya Komissiyası 261 yazı işində düzəliş edib

   DİM:    Apellyasiya Komissiyası 261 yazı işində düzəliş edib
  13 İyun 2021    Oxunub:1292
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarının nəticələri ilə bağlı Apellyasiya Komissiyası işini başa çatdırıb
DİM-dən Azvision.az -a bildirilib ki, Apellyasiya Komissiyasına daxil olan 2708 ərizədən 1715 (63,3 faiz) ərizədə telefonla, 993 (36,7 faiz) ərizədə isə videobağlantı (Zoom) vasitəsilə komissiya üzvləri ilə əlaqə saxlanılması üsulu seçilib.

Ərizələr qəbul edildikdən sonra bütün işlər araşdırılıb, sistemə qısa izah daxil edilib və bundan sonra şagirdlərlə ərizədəki seçimlərinə uyğun olaraq əlaqə saxlanılıb. Ərizəsində telefonla əlaqə saxlanılmasını seçən şagirdlərin 2,86 faizi (49 şagird) ilə əlaqə saxlamaq mümkün olmayıb (onlar bir neçə dəfə edilmiş zənglərə ya cavab verməyiblər, ya da telefonları söndürülmüş olub). Bu şagirdlərin ərizədə qeyd etdikləri elektron poçt ünvanlarına apellyasiyanın nəticəsi ilə bağlı məlumat göndərilib.

Ərizəsində videobağlantı üsulunu seçən şagirdlərin isə hamısı üçün apellyasiya prosesi təşkil edilib. Apellyasiya prosesi ərzində ümumilikdə 261 (ümumilikdə müraciət olunan yazı işi tapşırıqlarının 4,95 faizi) yazı işi tapşırığında düzəliş edilib. Bu düzəlişlərdən 59-u bir tapşırığın cavabının və ya həllinin digər tapşırıq üçün ayrılmış hissəyə yazılması səbəbindən olub.

Bildirilib ki, qeyd olunan dəyişikliklər ərizəçilərin imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti