Krım əsnasında Qarabağ savaşı – TƏHLİL

Krım əsnasında Qarabağ savaşı – TƏHLİL
  11 Mart 2014    Oxunub:1381
Ermənistanın 2014-cü ildə Gömrük ittifaqına qoşulması, ardınca isə Avrasiya İttifaqına tam hüquqlu üzv olma planları Dağlıq Qarabağ məsələsinin həllində yeni problemlərin ortaya çıxarır. Belə ki, münaqişə tərəfi qismində bu dəfə Avrasiya İttifaqı çıxış edəcək. Məhz buna görə Azərbaycan münaqişə həll olunmamış Ermənistanın Gömrük İttifaqına qoşulmasına etiraz edir.

Gİ-nin Qazaxıstan və Belorus kimi üzvləri də etiraz etsə də, son sözü Rusiya deyəcək. Rusiyadan isə Azərbaycana qarşı güzəşt gözləmək olmaz.

Hazırda bir sıra ekspertlər Azərbaycanın Ukraynadakı gərginlikdən istifadə edərək, Dağlıq Qarabağın azad edilməsi üçün müharibəyə başlayacağı ehtimalını irəli sürürlər. Rusiyalı ekspert Konstantin Koloçayev hesab edir ki, Azərbaycan hazırkı məqamda müharibəyə başlasa, Putin üçün Azərbaycana təsir etmək çətin olacaq. Belə vəziyyət Azərbaycan üçün yeni imkanlar açır.

Rusiyanın tanınmış hərbi eksperti Aleksandr Perenciyev hesab edir ki, Ermənistanın əsas hərbi tərəfdaşı olan Rusiyanın başı Krıma qarışdığı bir vaxtda Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyat keçirməsi üçün mümbit şərait yaranıb. Perenciyev Azərbaycan tərəfindən qətiyyətli addımların martın 17-dən sonra gözlədiyini qeyd edib.

Ermənistanlı ekspert Tiqran Abramyan isə Azərbaycanın hər zaman bu tip vəziyyətlərdən istifadə etdiyini xatırladır. Onun sözlərinə görə, 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu zamanı və Ermənistanda seçkisonrası gərginliklər yaşandığı vaxt Azərbaycanın müxtəlif hərbi birləşmələri işğal olunmuş ərazilərdə əməliyyatlar həyata keçirmişdilər.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan müdafiə naziri Zakir Həsənov hazırda cəbhə bölgəsindədir. Zakir Həsənovun cəbhə bölgəsində olması Ermənistanda əlavə qorxu yaradan faktordur.

Azərbaycan üçün üstün cəhət ondan ibarətdir ki, Gürcüstan və Krım kampaniyalarından müəyyən nəticələr çıxarması mümkündür. Hər iki hadisə Putin hakimiyyəti dövründə olub və bu hakimiyyətin konkret vəziyyətlərdəki addımları müəyyən proqnozlar verməyə şərait yaradır. Krımdakı vəziyyət onu göstərir ki, Rusiya açıq şəkildə hərbi müdaxilədən, qoşun yeritməkdən ehtiyat edir. Ancaq hər kəs anlayır ki, Rusiyanın Krımda həyata keçirdiyi yarımadanın işğalıdır və işğalı həyata keçirən Rusiya əsgər və zabitləri olsa da onlar müvafiq hərbi forma daşımırlar.

Eyni zamanda, Ukrayna hadisələri göstərdi ki, Kreml özündən qopmalara çox aqressiv reaksiya göstərir, bununla barışmaq istəmir, və müvafiq regionu əlində saxlamaq üçün ixtiyarında olan bütün vasitələrdən istifadə edir. Bundan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Dağlıq Qarabağda əməliyyatlara başlarsa Rusiya Ermənistana və separatçılara həm texnika, həm də canlı qüvvə cəhətdən lazımi dəstəyi göstərəcəyi şübhəsizdir. Lakin bu dəstək rəsmi xarakter daşımayacaq.

Digər təhlükə ondan ibarətdir ki, Rusiya son illərdə artıq qeyri-rəsmi hegemonluqdan daha çox, konkret təsir sahələrini “çəpərə almaq” taktikasına başlayıb. Söhbət ondan gedir ki, Moskva ozünə sadiq olanları Gömrük İttifaqına daxil edir. Gömrük İttifaqına üzvlüyə razılıq Rusiyaya sədaqətin nümayiş etdirilməsi vasitəsidir. Bunu etməyən ölkələrə Rusiya təzyiq göstərib geri qaytara bilmirsə, həmin dövlətlərin bir hissəsini qopardır və əvvəlki illərdən fərqli olaraq, ərazilərini artıq “sənədləşdirir”. Abxaziya və Cənubi Osetiyanı Gürcüstandan qopardı və müstəqilliyini tanıdı. Gürcüstan bu ərazilərə qoşun yeridən kimi, Rusiyanın ona cavab vermək üçün “hüquqi əsası” olacaq. Krımda referendum keçirilir və yarımada rəsmi şəkildə Rusiyaya birləşdiriləcək. Rusiya qanunvericiliyi də bu olaya hazırdır artıq.

Azərbaycan Rusiyanın təsirindən çıxıb, lakin ərazisi Ermənistan tərəfindən işğal olunub. Əgər Azərbaycan tərəfi hərbi müdaxiləyə başlarsa, bu, Rusiya üçün bəhanə olacaq və işğal olunmuş ərazilər rəsmi olaraq Ermənistana birləşdirilə, ardınca isə Avrasiya İttifaqına daxil ola bilərlər.

Lakin burada bir məqam var. Zaman və hadisələr Rusiya və Ermənistanın ziyanına işləyir. Krım məsələsində Putin özünü və ölkəsini çıxılmaz vəziyyətə salıb. Əgər Putin planlaşdırdığı kimi, Krımı işğal edərsə, ABŞ və Avropa Birliyi bununla barışmayacaq və Rusiyaya qarşı ən azı sanksiyalar sərtləşəcək. Sanksiyaların sərtləşməsi Rusiyanın onsuzda zəif olan iqtisadiyyatını darmadağın edəcək. Əhalinin yaşayış səviyyəsi aşağı düşəcək və ictimayyət bu olayda prezidenti günahlandıracaq. İctimai narazılığın hər bir hakimiyyət üçün baha başa gəldiyini Moskva da anlayır. Əhalinin narazılığı Putinin istefasından tutmuş, müxtəlif federal subyektlərin öz müstəqilliyini elan etməsinədək uzana bilər.

Putin mənfi nəticələri gözə almamış deyil, lakin prezident geri çəkilmənin də Rusiya üçün xeyirli olmayacağənı anlayır. Putin geri durarsa, özü üçün yaratdığı məğlubedilməz imici sarsılacaq. Artıq Mosqvadan heç bir dövlət qorxmayacaq və qorxu üzərində qurulmuş və bir neçə respublikanı nəzarətdə saxlayan birlik dağılacaq. Hətta Ermənistan və Qırğızıstan kimi ölkələr özündə cəsarət tapıb Rusiyaya etiraz edə biləcək.

Güman ki, Azərbaycan belə tez bir zamanda müharibəyə başlamayacaq və hadisələrin müəyyən inkişafını gözləyəcək. Putinin Ukraynaya başı qarışması hələ müharibəyə başlamaq üçün əsas sayıla bilməz. Ancaq Azərbaycanın pusquda durduğu şübhəsizdir. Ukrayna hadisələri ilə əlaqədar geosiyasi və regional vəziyyət ani dəyişə bilər və müdafiə naziri ani hücum əmrinə hazır olmalıdır.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti