Paşinyan Əsədə necə kömək edə bilər? - Absurd təklifin sirri (ŞƏRH)

 Paşinyan Əsədə necə kömək edə bilər? -  Absurd təklifin sirri  (ŞƏRH)
  07 İyun 2021    Oxunub:2324
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Bəşər Əsədə Suriya prezidenti seçilməsi münasibəti ilə təbrik məktubu göndərib.
Məktubda ən ironik məqam öz ölkəsində hərbi-siyasi və iqtisadi problemlərdən başı açılmayan Paşinyanın Əsədə yardım təklif etməsidir. Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalmış, İrəvandakı xaosu aradan qaldırmaqda çətinlik çəkən Paşinyanın məktubunda bildirilib ki, Ermənistan bundan sonra da Suriyadakı böhranın aradan qaldırılması üçün səylərini davam etdirəcək.

Maraqlıdır, Paşinyan Əsədə necə kömək edə bilər?

Ermənistanın Suriyaya yardım əlini uzatması ilə bağlı absurd və ironik təklifini Azvision.az -a şərh edən politoloq Tofiq Abbasov deyir ki, əslində Suriyaya iqtisadi və hərbi dəstək lazımdır, İrəvanın bunu etməsi gülməli görünür. Çünki ordusu dağılmış, iqtisadiyyatı bataqlığa qərq olan bir ölkənin özünə dəstək göstərən lazımdır:

“Paşinyanın hazırkı davranışları, fəallığı, Suriyaya yardımla bağlı təklifləri onun real siyasətini əks etdirmir. Əslində onun dedikləri, bütün təklif və bəyanatları seçki öncəsi piar xarakteri daşıyan gedişlərdir. Burada o, daha çox bir məsələyə köklənib ki, seçkidən əvvəl öz mövqelərini gücləndirsin, nüfuzunu artırsın. Bu baxımdan hazırda təsadüfi deyil ki, ölkə daxilində əksər siyasi qüvvələr, həm də xaricdəki bir çox qüvvələr onu ciddi şəkildə tənqid edirlər. Aşkar bəyan edilir ki, Paşinyanın təlatümü, yanğısı və fəallığı bir növ mifik xarakter daşıyır. Çünki biri var insanın əlində konkret imkanları var, resurslardan istifadə edir, əməli işlərlə özünü təsdiq edib, biri də var ki, ancaq dil pəhləvanıdır. Məhz bu baxımdan həqiqətən də Paşinyan miflərin yaradıcı və onların tirajlanması işində özünü büruzə verir, populyarlaşmaq istəyir”.



Politoloq qeyd edib ki, gülməli səslənən Suriyaya dəstək təklifinin, bu istiqamətdə fəaliyyətlərin arxasında heç bir real əməl yoxdur. Ancaq erməni amili bu məsələdə öz sözünü deyir. Suriya ərəb ölkəsi olmağına baxmayaraq, burada çoxsaylı erməni icması var. Suriya ermənilərinin 30 illik işğal dövründə Azərbaycan ərazilərində qanunsuz şəkildə məskunlaşdırılması faktları hər kəsə bəllidir:

“Hətta bir qrup ailə ermənilərin heç vaxt yaşamadıqları Şuşaya köçürülmüşdü. Bu baxımdan biz 44 günlük Vətən müharibəsi dövründə bəzi müsəlman ölkələrinin anlaşılmaz yanaşmalarının şahidi olduq. Həmin ölkələr erməni amillərinə görə, öz yaxalarını kənara çəkdilər və faktiki olaraq İrəvana dəstəklərini gizlətmədilər. Tək mənəvi deyil, ola bilsin ki, maddi dəstəklər də olmuşdu. Suriya bu prosesdə dəqiq iştirak etdi, Azərbaycana rəsmi dəstəyini nümayiş etdirmədi. Yəni bu kimi amillərdən istifadə edən Paşinyan indi çalışır ki, həm də Yaxın Şərq bölgəsində özünün populyarlığını artırsın.

Bir xatırlatma edim. Bu yaxınlarda Ermənistan XİN rəhbəri Misirə səfər etmişdi. Hazırda onların əsas problemlərindən biri odur ki, rəsmi Bakının bütün ərəb dünyası ilə münasibətlərini qırsınlar. Azərbaycanla ərəb ölkələrinin iqtisadi, mədəni, humanitar bağlantılarında axsamalar yaratsınlar və özlərini bir növ qurban kimi qələmə versinlər. Guya biz Qafqazda onların haqlarını tapdalayırıq və s. Bu məsələdə yalnız Nikol deyil, erməni icmaları da aktiv görünürlər. İcmalar ölkəmizin indiki güclü imicini korlamağa, dağıtmağa çalışırlar. Qeyd etdiyim məsələnin mənəvi tərəfləridir. Maddi tərəflərinə gəldikdə isə, sənin ölkən elə bir rəzil duruma düşüb ki, hazırda daha çox hərbi dəstəyə ehtiyacı olan Suriyaya hansısa formada yardım göstərə bilməzsən. Dövlətinin hərb sahəsi, ordusu elə bir zərbə aldı ki, hazırda İrəvanın özünə dəstək göstərən lazımdır. El dili ilə desək Paşinyan özünə umac hazırlaya bilmirsə, başqasına necə xəmir yoğuracaq? Əvvəlcə öz xalqını xilas et, sonra səni dəstəkləmiş Suriyaya köməklik göstərərsən. Bir sözlə, onun niyyətlərinin boş olması bir daha özünü büruzə verir, hansısa vəd və ya bəyanat real əmələ deyil, təbliğata hesablanıb. Paşinyan gurultulu, səs-küylü bəyanatlar verəndə soruşan lazım idi ki, nəyə əsasən, hansı resurslarına arxalanıb bu köməklikləri vəd etdin. Ümumiyyətlə, indiyə kimi hansı ölkəyə kömək əli uzatmısınız? Azərbaycan pandemiya dövründə bir sıra ölkələrə mühüm yardımlar edəndə siz yalnız başqa dövlətlərdən silah-sursat, kredit, yardım istəməklə ad çıxardınız. Hazırda təbliğat maşını işləyir, Paşinyanı Suriyaya yardım etmək gücündə olan siyasi fiqur kimi təqdim etməyə çalışırlar”.

Tofiq Abbasovun sözlərinə görə, İrəvandakı müxalif qüvvələr Nikolu məhz bu yersiz şüarlarına görə tənqid edirlər və bildirirlər ki, baş nazir iş adamı deyil, sadəcə inqilabçı kimi tribunada çərənləyən fiqurdur. Bu adamın gücü, məharəti danışmaqdan başqa heç nəyə yaramır. Paşinyan Qərbin fiquru olsa da, Avropa və Amerikanın nifrət etdiyi Bəşər Əsədə dost kimi dəstək təklif etməsi məsələsi də maraqlı nüansdır.

Politoloq hesab edir ki, bu məsələdə ermənilərə güzəştlərin arxasında bir sıra səbəblər dayanır:

“Ermənilər özlərinin yazıq obrazlarını yaratdıqları üçün Qərbdəki dairələr onların bir çox şıltaqlıqları, kaprizləri və anlaşılmaz gedişlərinə göz yumub. Çünki Qərbin ən böyük arzusu Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır. İrəvanın Şərq, ərəb dünyası istiqamətində sərgilənən siyasətinə prinsipial mövqe bildirilmir. Bundan başqa Qərbdə qərarlaşmış erməni icmaları da kifayət qədər nüfuza malikdirlər. İcmaların nüfuzu ondan ibarət deyil ki, ermənilər siyasi elitalarla işləyə bilirlər. Onlar sıravi seçicilərlə yaxın münasibətdədirlər. İcmalar insanlar arasında çox fəal təbliğatlar aparırlar. Onların təsiri altında seçilmiş insanlar lobbiçilərə çevrilirlər. Biz bir çox hallarda çalışırıq ki, üzdə olan siyasətçilərlə münasibət quraq və s. Amma biz də gərək bu yolla gedək ki, gündəlik işimiz sıravi insanlarla olsun. Bu baxımdan əlbəttə ki, son illər təbliğat qarşıdurmasında böyük uğurlar əldə etsək də, hələ görüləcək işlərimiz var. Ermənilərin harada güclü dayaq nöqtələri varsa, orada güclənmək lazımdır. Burada tək söhbət diaspor məsələlərindən getmir, xalq diplomatiyamız da işləməlidir. Məsələn “Xocalıya ədalət” kampaniyasında gördük ki, tələbələrlə işləmək nə dərəcədə böyük səmərə verirmiş. Bütün bunları ona görə izah etdim ki, Qərbin adamı olub, Qərb düşməni ilə əməkdaşlıq edən birinə təzyiqlərin edilməməsinin arxasında bir sıra incə detallar yatır. Bu proseslərdə Qərbin erməni amilinə göz yumması məhz ondan ibarətdir ki, erməniləri yazıq, əzilən, tarixən döyülmüş bir xalq kimi qəbul edirlər. Burada yalan təbliğatlar öz işini görüb. Digər tərəfdən isə onlara deyirlər ki, qoy elə radikal müsəlman qüvvələri ilə əməkdaşlıq etmək istəyirlərsə, mane olmayaq. Əgər ermənilərə Suriya lazımdırsa, güzəştə gedə bilərik”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Suriya   Politoloq  





Xəbər lenti