İranın yeni prezidenti kim olacaq və ondan nə gözlənilir – TƏHLİL

   İranın yeni prezidenti kim olacaq və ondan nə gözlənilir –    TƏHLİL
  07 İyun 2021    Oxunub:4472
İranda prezident seçkilərində təxminən 10 gün qalır. Konstitusiyanın Mühafizləri Şurasının qərarına əsasən, iştirak üçün rəsmi müraciət etmiş 580 namizəddən cəmi yeddisinə icazə verilib. Seçkidə iştirak etmək hüququ qazananların arasında keçmiş prezident Mahmud Əhmədinejat, parlamentin keçmiş spikeri Əli Laricani və hazırkı vitse-prezident İshaq Cahangiri kimi kifayət qədər populyar siyasi xadimlərin adları yoxdur.
Seçkiöncəsi namizədlərə qoyulan tələblərin sərtləşdirilməsi onu göstərir ki, ölkənin siyasi rəhbərliyi səsvermədə sürpriz nəticələrdən ehtiyatlanır və öz favorit namizədinin seçilməsinə maneə yarada bilələcək istənilən siyasi fiquru əvvəlcədən neytrallaşdırır. Və bu addımlar heç də təsadüfi deyil.

Namizədlərin arasında İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi prezident olmağa daha şanslı görünür. Mühafizəkarlar qanadının ən nüfuzlu nümayəndəsi hesab olunan Rəisi keçən seçkilərdə islahatçıların nümayəndəsi, hazırki prezident Həsən Ruhaniyə məğlub olmuşdu. Bu dəfə islahatçıların Laricani və Cahangiri kimi parlaq nümayəndələri ilə bərabər, kifayət qədər nüfuzlu sayıla biləcək kommunikasiya və informasiya texnologiyaları naziri Cavad Cəhrominin də namizədliyinin təsdiq olunmaması, həmçinin hazırkı xarici işlər naziri Cavad Zərifin seçkiyə qatılmaması mühafizəkarların namizədi olan İbrahim Rəisinin prezident postuna maneəsiz yiyələnməsinə şərait yaradır.



İranda dövlətin başçısı Ali dini lider Əli Xameneidir və dövlət başçısı kimi ölkənin idarə edilməsi üzrə əsas səlahiyyətlər ona aiddir. Prezident daha çox bildiyimiz baş nazir funksiyalarını yerinə yetirən icra hakimiyyətinin rəhbəri hesab olunur. Ölkədə şərti olaraq formalaşmış “islahatçılar” və “mühafizəkarlar” siyasi qanadları bir tərəfdən ictimai şüurda siyasi rəqabətin olması görüntüsü yaradır, digər tərəfdən isə dövlətin həmin dövr üçün siyasi xəttini xarakterizə edir. Eynı zamanda, siyasi elita arasında şərti bölünmənin olması Ali dini liderə qanadlararası balanslaşdırma yolu ilə effektiv idarəetməni həyata keçirməyə imkan verir.

İslahatçılarla mühafizəkarları fərqləndirən əsas xüsusiyyət birincilərin daha çox Qərblə əməkdaşlığın tərəfdarı olmalarıdır. Adətən, dövlət gələcək siyasi prioritetlərini Qərblə əməkdaşlıqda gördüyü zaman “islahatçılar”ın, digər halda isə “mühafizəkarlar”ın nümayəndəsinə siyasi dəstək göstərilir.

İranın siyasi arenası nəzarətdə olan rəqabət şəraitində fəaliyyət göstərsə də, bəzi hallarda qütblərarası mübarizənin kəskinləşməsi, dövlətin əsas güc strukturu hesab olunan İslam İnqilabı Mühafizəçiləri Korpusunun yüksək vəzifəli generallarının bu mübarizədə tərəflərin hansısa birinə dəstəyi, yaxud, beynəlxalq və geosiyasi vəziyyətə görə ölkənin gələcək siyasi taleyilə bağlı bəzi hallarda qeyri-müəyyənliyin ortaya çıxması mümkündür.

Budəfəki prezident seçkiləri öncəsi İran kifayət qədər mürəkkəb vəziyyətlə üzləşib. Belə ki, Amerikada demokratların namizədi Co Baydenin hakimiyyətə gəlişi Tehran üçün yenidən Qərb dövlətlərilə “nüvə sazişi”ni imzalamaq şansı yaradıb. Xatırladaq ki, məhz 2015-ci ildə, yəni Obamanın prezident, Baydenin isə vitse-prezident olduğu dövrdə İranla imzalanmış “nüvə sazişi” Tehrana qarşı sanksiyaların yumşaldılması, bunun müqabilində isə İslam Respublikasının uranın saflaşdırılması istiqamətində işlərini nisbətən zəiflətməsini nəzərdə tuturdu. Bu saziş islahatçı Həsən Ruhani komandasının ən böyük diplomatik uğuru hesab olunsa da, respublikaçı prezident Donald Tramp 2018-ci ildə İranı gizli olaraq uranı saflaşdırma işlərini aparmaqda ittiham edərək, birtərəfli qaydada bu sazişdən çıxdı və Tehrana qarşı sanksiyaları yenidən bərpa etdi.
İrandan MAQATE-yə cavab: Yeni sentrifuqalar işə salınır

2020-ci ilin əvvəlində iranlı general Qasım Süleymaninin ABŞ-ın endirdiyi raket zərbəsilə dünyasını dəyişməsi, Tehranın isə buna adekvat cavab verə bilməməsi “islahatçılar”ın əhali arasında dəstəyinin azalması, Qərbə qarşı sərt siyasi xəttin tərəfdarlarının sayının artmasına səbəb oldu. “Stasis Polling” təşkilatının bu ilin may ayında keçirdiyi sorğunun nəticələri göstərir ki, İranda potensial seçicilərin 24 faizi “mühafizəkarları”, yalnız 9 faizi “islahatçıları2 dəstəkləyirlər.
Maraqlıdır ki, respondentlərin cəmi 27 faizi seçkidə iştirak edəcəklərini, 55 faizi isə qatılmayacağını bildiriblər. Siyasi fəallığın aşağı düşməsi əhalinin nəinki islahatçılara, ümumiyyətlə siyasi sistemə inamının azaldığını göstərir. 2019-cu ilin noyabr ayında İranda baş qaldırmış etiraz aksiyalarındakı siyasi şüarlar arasında Ali dini liderin istefası tələbləri də nəzərə çarpırdığını unutmaq olmaz.

ABŞ-la “nüvə sazişi” ətrafında real razılaşmanın əldə olunması və sanksiyaların ləğv edilməsinə tarixi şərait yaranmasına baxmayaraq, İran dövlətinin mühafizəkar qanada üstünlük verməsinin ilkin səbəbi ictimai rəyin islahatçılara qarşı olması ilə bağlıdırsa, başqa bir səbəb kimi Ali dini lider Əli Xameneinin artıq 81 yaşında olması və yaxın gələcəkdə öz vəzifəsilə vidalaşması riskinin mövcudluğu ilə bağlıdır. 1989-cu ildə İranın Ali dini rəhbəri Xomeyni vəfat etdikdən sonra Xameneinin prezident postundan bu vəzifəyə keçməsi yarana biləcək istənilən riskli vəziyyətdə prezident postunda sistemə sadiq şəxsin olmasının vacibliyini göstərirdi. İbrahim Rəisinin mühafizəkarlarla yanaşı, ölkənin dini elitası tərəfindən də dəstəklənməsi onun Xameneinin gələcək xələfi olması ilə bağlı əsaslı ehtimalların səslənməsinə əsas verir.

Bu nöqteyi-nəzərdən yanaşdıqda aydın olur ki, İranda seçkiqabağı vəziyyətin kəskin xarakter alması siyasi qütblər arasında mübarizənin əslində prezident postundan daha çox, ali dini rəhbər vəzifəsi uğrunda getməsi ilə bağlıdır.

Tofiq Vahid
Azvision.az


Teqlər: İran  





Xəbər lenti