“Birtəhər dözürük...” - Müğənnilər toysuz necə dolanır?

 “Birtəhər dözürük...”  - Müğənnilər toysuz necə dolanır?
  07 İyun 2021    Oxunub:3881
Bütün dünyada olduğu kimi Azərbaycanda da COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi davam edir. İki ilə yaxındır ki, bir çox sahələrdə qapanmalar və məhdudiyyətlər tətbiq olunur. Fəaliyyəti dayandırılan sahələrdən biri də toy biznesidir. Bu müddət ərzində çörəyi yalnız toydan çıxan musiqiçilər el şənliklərindən məhrum olublar. Onlar işsizlikdən gileylənir, tezliklə toyların bərpa olunmasını istəyirlər.
Azvision.az mövzu ilə bağlı sənət adamları arasında sorğu keçirib.

Tanınmış müğənnilərdən pandemiyanın ağır günlərində maddi çətinliklərin öhdəsindən necə gəldiklərini soruşduq.



Müğənni Qədir Qızılsəs çətinliklə də olsa vəziyyətdən çıxa bildiyini deyib:

“Bizim musiqidən başqa gəlir yerimiz yoxdur. Biznes adamı deyilik. Toysuz dolanmaq çox çətindir. İl yarım hansı sahədə iş dayansa, iflasa uğrayar. İradəmizə, dözümümüzə sığınıb birtəhər dolanırıq. Əvvəlki kimi xərcləmirik. Hər şeyi çərçivəyə alırıq. Musiqisiz həyat yoxdur. Toy yoxdursa, demək musiqi dayandı”.



Xalq artisti Səməd Səmədov isə vaxtilə qazandıqlarını indi xərclədiyini söyləyib:

“Qazanmaq həddindən artıq çətindir. Nə qazanmışdımsa, hamısını xərclədim. Yoldaşımla Fatmayi bağlarında qalırıq. Nə qonaq gedirik, nə də qonaq qəbul edirik. Bacım, baldızım rəhmətə getdilər. Xalq artisti Təranə Muradovanın həyat yoldaşı mənim 40 illik dostum idi. Onu itirdim. Ona görə də yoldaşım heç yerə buraxmır. Çalışır məni qorusun. Çox az hallarda efirlərə çıxıram. Baloğlan Əşrəfovu, Yalçın Rzazadəni itirdik. İncənətimizin qaymaqları dünyalarını dəyişdilər. Kəmərimizi bərk bağlamışıq. Yoluxma yavaş-yavaş düşür. Toylara icazə verilsə də, açıq havada olacaq. Özümüzü gözləməliyik. Peyvənd olunmuşam. İki dozanı da qəbul etmişəm”.



Müğənni Xəyyam Nisanov özünü məhdudiyyətlərin aradan qalxmasına hazırladığını bildirib:

“Hamı kimi bizim də çətinliyimiz oldu. Nəinki incəsənət, bütün sənaye dayanıb. Müvəqqəti çətinlikdir. Yavaş-yavaş hər şey açılır. Pozitiv olmaq, güc toplamaq, məşqlər etmək lazımdır. Pislik və ağrılı günlər keçib. Hər şey Allahın əlindədir. Düşünürəm ki, CODIV-19 pasportlu toyların olması normaldır. Bütün dünya vaksin vurdurur. Məndə anitel olduğu üçün hələ ehtiyac yoxdur”.



Müğənni Vasif Məhərrəmli digər həmkarlarından fərqli olaraq, maddi çətinlik yaşamadığını qeyd edib:

“Çətinlik çəkmədim. Heç bir qapını döymədiksə, deməli, çətinliyimiz olmadı. Toyların bərpası ilə bağlı heç nə deyə bilmərəm. Dövlətin işinə qarışmıram. Dövlət hansı havanı çalsa, o mahnıya da oynayacağam”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Toy   Müğənni  





Xəbər lenti