Prezidentin informasiya strategiyası: Səsimiz dünyada eşidilir - TƏHLİL

 Prezidentin informasiya strategiyası:  Səsimiz dünyada eşidilir -  TƏHLİL
  21 May 2021    Oxunub:6644
Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr mühüm məqamlarla yadda qalıb.
Fərqli mövzuları əhatə edən onlayn müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin, Latviya sabiq Prezidenti Vayra Vike-Freyberqa, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi Devid Merkel, Gürcüstanın eks-xarici işlər naziri Eka Tkeşelaşvili, İsrailin sabiq Baş naziri Ehud Barak, İsrailin keçmiş xarici işlər naziri Tzipi Livni, Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenko, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta, 2004-2008-ci illərdə Avropa İttifaqının komissarı olmuş Franko Frattini, Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyev, Anti-Diffamasiya Liqasının eks-direktoru Abraham Foksman, CNN telekanalının məşhur aparıcısı Farid Zakariya, Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti Vanq Çao, Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumdziya, Serbiyanın keçmiş Prezidenti Boris Tadiç, Ərəb Liqasının keçmiş Baş katibi və Misirin Xarici işlər Naziri Amr Musa, Belçikanın Baş naziri olmuş İv Leterm, İslam Əməkdaşlıq Təşkilatının baş katibi olmuş Ekmələddin İhsanoğlu, ICESCO-nun sabiq baş direktoru Əbdüləziz əl-Tüveycri və digər tanınmış siyasi xadimlər iştirak ediblər.

Bir neçə saat davam edən müzakirələr zamanı Prezident İlham Əliyev ona ünvanlanmış müxtəlif sualları cavablandırıb. Videokonfransda aktivliyi ilə diqqət çəkən Azərbaycan Prezidenti çıxışında yüksək məntiq və intellektini ortaya qoyaraq dünyaya mühüm mesajlar verib.

Ölkə başçısı bundan öncə də beynəlxalq konfranslara, nüfuzlu tədbirlərə qoşularaq Azərbaycanın maraqlarını ən yüksək səviyyədə müdafiə edib, haqq səsimizi, Qarabağ məsələsi ilə bağlı tarixi həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırıb. Ümumiyyətlə, Prezident İlham Əliyev müharibə dövründə olduğu kimi, postmüharibə mərhələsində də informasiya cəbhəsində ön sırada yer alaraq, hərbi qələbəmizi diplomatiya meydanında daha da möhkəmləndirir, təxribatçı meylləri yerindəcə zərərsizləşdirir.

Müzəffər sərkərdə missiyasını yerinə yetirən Prezident İlham Əliyev ötən il Vətən müharibəsində qazandığı şanlı zəfəri paralel şəkildə informasiya cəbhəsində davam etdirir. Təsadüfi deyil ki, Azərbaycan lideri 44 gün ərzində dünyanın 26 aparıcı media qurumuna müsahibə vermişdi. Bunlardan 18-i televiziya, 5-i aparıcı agentlik və 3-ü isə dünyanın nüfuzlu qəzeti idi. Həmçinin postmüharibə dövründə - 2021-ci ilin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında Prezident Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmış oldu. Həmin konfransda ölkə başçısı 4 saat ərzində 35 media qurumunun 50-dək sualını cavablandırmışdı. Bu, təkcə Azərbaycanda deyil, dünyada bir ilk idi.

Prezidentin müsahibələrində və mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı, onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, intellekti, diplomatik məharəti, eləcə də dünyada, regionumuzda baş verən hadisələr, cərəyan edən proseslər barədə tam məlumatlılığı, elmi-politoloji biliyi informasiya meydanında qələbəmizi şərtləndirən əsas amillər kimi qiymətləndirilə bilər.

Onu da qeyd edək ki, aprelin 11-də ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masa Azərbaycan rəhbərinin informasiya siyasətini uğurlu strategiya üzərində qurmasından xəbər verirdi. Ölkə lideri dəyirmi masada dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələrinin suallarını canlı yayımda cavablandırarkən Azərbaycan reallıqlarını, sona çatan münaqişənin ədalətli həllini və regionun əmin əllərdə olduğunu məntiqlə izah etmişdi.

Ötən ay təşkil edilən dəyirmi masada olduğu kimi, dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzindəki müzakirələr zamanı Prezident bir daha dünyanın aparıcı siyasət xadimləri qarşısında ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə önə çəkdi, lazımi ünvanlara öz mesajlarını çatdırdı. Konfransda təmsil olunan dövlətlərin nümayəndələri növbəti dəfə müasir Azərbaycan dövlətinin gücü, qüdrəti və nailiyyətləri ilə tanış oldular.

Prezident İlham Əliyev çıxışının əvvəlində bəyan edib ki, ölkəmiz vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Torpaqlarımızın 30 illik işğal dövründə dağıntılara, erməni vandalizminə məruz qaldığını xatırladan dövlət başçısı, ölkələrin bundan sonra gələcəyə baxmalı olduğunu vurğulayıb:

“Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq”.

Prezident xüsusi olaraq qeyd edib ki, biz artıq mühüm təkliflər və təşəbbüslərlə çıxış etmişik və bunlar 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda əks olunub. Azərbaycanın irəli sürdüyü təşəbbüslər əsasən regional kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır.

Maraqlı və diqqətçəkən suallar fonunda davam edən müzakirələrdə Azərbaycan lideri yenidən Zəngəzur dəhlizinin açılması mövzusuna toxunaraq, sözügedən layihənin əhəmiyyəti və region ölkələri üçün perspektivləri barədə danışıb:

“Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik”.

Ölkə başçısı son günlər Ermənistanda ən çox müzakirə olunan Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırdır. Bunun üçün rəsmi İrəvan iradə nümayiş etdirməlidir:

“Müharibəyə son qoymaq, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün bizim Ermənistanla sülh razılaşmasına, sərhədlərin delimitasiyasına ehtiyacımız var”.

Bundan əlavə, Prezident İrəvanın süni şəkildə mina problemini davam etdirməsini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Cənab İlham Əliyev söyləyib ki, müharibə dayanandan sonra Azərbaycanda 100-dən çox insan minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan isə minaların xəritələrini Azərbaycana verməkdən imtina edir:

“Biz dəqiq bilirik ki, onlarda bəlkə də azı bir milyon minanın basdırıldığını göstərən xəritə var. Onlar bunu bizə verməkdən imtina edir. Bilirsiniz ki, minaların təmizlənməsi çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır. Biz əraziləri bərpa etməliyik, minalar təmizlənmədən bu, mümkün deyil”.

Ölkə başçısı məsələ ilə bağlı daha dolğun təsəvvür yaratmaq üçün işğaldan azad olunmuş ərazilərin sahəsinə görə Livanın ərazisinə bərabər olduğunu qeyd edib. Bildirib ki, bir milyondan çox insan üçün yaşayış evləri tikməli və infrastruktur yaratmalıyıq. Livan boyda ərazilərdə işlər görülməlidir, bunların böyük hissəsi dağlıq ərazilərdir ki, bu da işləri bir qədər çətinləşdirir.

Azərbaycan Prezidenti azad olunmuş ərazilərdəki dağıntılar və görüləcək işlərlə yanaşı, Ermənistanın üzləşdiyi dərin böhranın səbəblərini açıqlayıb, İrəvana xilas yolunu göstərib. Onun fikrincə, Ermənistanın 30 il ərzində yanlış yolla getməsi və işğal faktı, bu ölkənin Azərbaycanla əməkdaşlıqdan, regional layihələrdən məhrum olmasına gətirib çıxarıb.

Bundan öncə dediyimiz kimi, Ermənistan 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etməklə düşdüyü acınacaqlı vəziyyətdən xilas ola, iqtisadi imkanlarını genişləndirə bilər. İndi İrəvanın iki yolu var: ya əməkdaşlıqdan imtina edib, məhvə sürüklənəcəklər, ya da Azərbaycan və Türkiyə kimi ölkələrlə düşmənçiliyə son qoyub, normal qonşuluq siyasəti aparmaqla qazanclı çıxacaqlar.

Təbii ki, Ermənistanın 30 illik işğal faktını, şəhər və kəndlərimizin yerlə bir edilməsini unutmaq mümkün deyil. Bütün bunlara baxmayaraq, rəsmi Bakının insanpərvər və sülhsevər siyasəti davam etməkdədir. Ölkə başçısı dünənki çıxışında bu məsələyə qayıdaraq Azərbaycanın xoş məramını yada salıb:

“Hazırda biz Ermənistan vətəndaşlarına bizim işğaldan azad etdiyimiz ərazilərdən keçərək Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadə etməyə icazə veririk. Bu, xoş məramın daha bir göstəricisidir. Biz Rusiyanın “Qazprom” şirkətinə Azərbaycan ərazisindən Ermənistana təbii qaz nəql etməyə icazə verdik, çünki Rusiya tərəfdə təmir işləri gedirdi. Bir aydan çox müddətdə erməni istehlakçılar qazı Azərbaycandan əldə edirdilər”.

Nüfuzlu siyasətçilərin, ictimai-siyasi xadimlərin təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ötən gün baş tutan müzakirələrində xeyli aktiv mövzulara nəzər yetirildi ki, bu da dünya ictimaiyyətinin Azərbaycana olan marağından irəli gəlir. Konfrans iştirakçıları regionda cərəyan edən hadisələr barədə məhz birbaşa Azərbaycan Prezidentindən məlumat almaqda maraqlı olduqlarını bildirdilər. Əlbəttə, bu da dövlət başçısının şəxsi nüfuzunun və dünya müstəvisində liderliyinin göstəricisidir.

Eyni zamanda, Prezident İlham Əliyevin çıxışlarının və müsahibələrinin dünya mediasında, siyasi dairələrdə böyük maraqla qarşılanması onu deməyə əsas verir ki, yeni informasiya strategiyası ölkədə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini və müvafiq mesajlarını daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı yaradır.

Bu gün tam əminliklə vurğulamaq olar ki, istər müharibə dövründə, istərsə də post-konflikt mərhələdə cənab İlham Əliyevin yeni informasiya strategiyası Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində mühüm rol oynayır. Ölkə rəhbərinin reallaşdırdığı informasiya strategiyası Qarabağ həqiqətləri barədə beynəlxalq ictimaiyyəti ətraflı məlumatlandırmağa şərait yaratdığı kimi, postkonflikt dövrdə də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə görülən yenidənqurma və bərpa işləri, əməkdaşlıq imkanları ilə bağlı mövqeyimizi dünyanın gündəminə daşıyır.

Görünən odur ki, artıq dünyada ölkəmizə münasibət xeyli dəyişib. Əvvəllər Azərbaycan həqiqətlərinə biganəlik nümayiş etdirən, haqq işimizə laqeyd yanaşan siyasətçilər və əcnəbi media mənsubları indi mövcud reallığı şəxsən Prezident İlham Əliyevdən eşitməyə can atırlar.

Tural Tağıyev
Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti