Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL

   Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi –    TƏHLİL
  19 May 2021    Oxunub:4838
Dövlət başçımız İlham Əliyevin hər bir rayona səfəri zamanı həm yeni obyektlərin açılışı, həm də növbəti möhtəşəm işlərinin təməlinin qoyulması ənənəyə çevrilib. Bu da ondan irəli gəlir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin özəyində və hədəfində Azərbaycan vətəndaşı, onun sosial məsələlərinin həlli və rifah halının yaxşılaşdırılması dayanır. Odur ki, bütün bu işlər ardıcıl və davamlı xarakter daşıyır.
İşğaldan azad olunan ərazilərimizdə ilin əvvəlindən start götürən və günü-gündən geniş vüsət alan bərpa işləri bəzilərində elə təəsürat və fikir yaradıb ki, guya, indiyədək böyük işlər görülmüş digər rayon və bölgələrimiz bundan sonra diqqətdən bir müddət kənarda qalacaq, yeni layihələrin icrası təxirə düşərək, işlər zəifləyəcək. Ancaq ölkə başçısının ötən həftə Şuşada keçirilən "Xarı bülbül" festivalından sonra Qəbələyə səfər etməsi və burada icrası artıq başa çatmış bir sıra mühüm strateji infrastruktur layihələrinin açılışını etməsi bu cür yanaşmanın kökündən yanlış və əsassız olduğunu göstərdi.

Səfər zamanı xüsusən, Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı diqqəti cəlb etdi. Çünki bu layihəyə birmənalı münasibət yox idi. Halbuki, rayon və bölgələrimizdə icra olunan layihələr sırasında ölkədə yol-nəqliyyat infrastrukturunun yenilənməsi həmişə prioritet təşkil edib və etməkdə də davam edir. Bunun nəticəsidir ki, Azərbaycanda çox müasir yol-nəqliyyat infrastrukturu yaranıb.
Zamirə Ədilova: "TƏBİB-ə daxil olan şikayətlərin sayı azalıb"

Ümumiyyətlə, ölkəmizdə dəmir yollarının yenidən qurulması sahəsində çox böyük işlər görülüb. Xüsusən son 2-3 il ərzində onların abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılıb və atılır. Nəticədə yeni dəmir yolları, stansiyalar tikilib, yeni-yeni inşa layihələri dövriyyəyə buraxılıb. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilməklə, Şimal-Cənub nəqliyyat dəhlizi istismara buraxılmaqla, sərnişin və yükdaşıma həcmlərinin genişlənərək artması ilə ölkəmizin beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsi üçün çox böyük imkanlar və şərait qazanılıb.

Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun hesabatlarında ölkəmizin dəmir yollarının keyfiyyət və səmərəliliyi hər il yüksək qiymətləndirilərək, bu sahədə demək olar, dünyada 10 ölkədən biri olduğumuz vurğulanır. Bu da ölkəmizin iqtisadi potensialını müəyyənləşdirir, dövlət başçımız qeyd etmişkən, bu sahədəki gücümüzü nümayiş etdirir. Həqiqətən də, Azərbaycan bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevrilib. Ümumiyyətlə, yol inkişaf demək olduğundan, ölkəmizin bölgələri də bundan mühüm tərəqqi iqtisadi irəliləyiş əldə edib və edir. Başqa sözlə desəm, iqtisadi artımda fasiləsizliyin və dayanıqlığın təmini üçün əlavə əsas ortaya çıxır.

Ancaq qeyd etdiyim kimi, bütün bunlara rəğmən, bəziləri düşünə bilərdi, hətta düşünürdülər də ki, ərazisində Beynəlxalq Hava Limanı, üstəlik bütün müasir tələblərə cavab verən avtomobil yolları olan, pandemiyaya qədər isə turistlərin ən çox axın etdikləri, həm kənd təsərrüfatının, həm də aqrar sənayenin yüksək inkişaf tapdığı dilbər guşələrimizdən biri Qəbələ rayonuna dəmir yolu xəttinin çəkilməsinə görəsən, nə ehtiyac var?!

Azərbaycanda ilk dəmir yolunun təməli 1878-ci ildə qoyulub, inşası 20 yanvar 1880-ci ildə başa çatıb. Söhbət, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan gedir. Həmin tarixdən başlayaraq Azərbaycanda dəmir yolu yük daşınmasına tələbatın artmasına əsasən inkişaf edib və təkmilləşib. Ümumiyyətlə, ilk dəmir yolunun çəkilməsi, sonradan inkişaf etməsi bilavasitə məhz neft daşınması ilə əlaqədar olub.

Amma indi vəziyyət başqadır. Yuxarıda da qeyd etdim ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin özülündə Azərbaycan vətəndaşı, onun sosial məsələlərinin həlli və rifah halının yaxşılaşdırılması dayanır. Odur ki, Qəbələyə dəmir yolunun çəkilməsi də ilk növbədə əhalinin rahatlığını təmin etmək məqsədi daşıyır. Belə ki, bununla gediş-gəliş üçün əlavə imkan yarandı və həm də yeni iş yerləri açıldı. Rayonun mövcud iqtisadi potensialından istifadə baxımından imkanlar genişləndi.

Yeri gəlmişkən, Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanmışdı. Dəmir yolu xətti ox üzrə 42,3, yan yollarla birlikdə isə 44,5 kilometrə bərabərdir. Layihə üzrə 122 süni mühəndis qurğusu, Ağdaş dəmir yolu dayanacağı, Qəbələ Dəmir Yolu Vağzalı və stansiyası, o cümlədən, Qəbələ dartı yarımstansiyası tikilib, həmçinin, Hacıalı yarımstansiyası təmir olunub. Bunların hər biri infrastruktur deməkdir.

Bundan əlavə, Ləki stansiyası-Qəbələ birxətli dəmir yolu adı çəkilən rayona cənubdan avtomobil yolundan əlavə giriş vasitəsidir. Özü də Bakı-Qəbələ marşrutu üzrə ən sürətli və rahat giriş vasitəsi... Bu isə o deməkdir ki, gələcəkdə Bakıdan Qəbələyə və əks istiqamətə doğru mövcud avtomobil yollarında sıxlığı da aradan qaldırmaq imkanı yaranıb. Rayona və geriyə paytaxta rahat və daha qısa müddət ərzində gediş-gəlişə şərait yaranacaq. Və beləliklə də, rayon üzrə həm daxili, həm də xarici turizmin inkişafına əlavə imkan ortaya çıxacaq.

Ümumiyyətlə, dəmir yolu mühüm nəqliyyat növü və vasitəsidir ki, bu vasitə təkcə, sərnişindaşınması üçün deyil, müxtəlif yüklərin çatdırılması işini də təmir edir. Odur ki, güman etməyə əsas vardır ki, sözügedən dəmir yolu xətti Qəbələ rayonunda gələcək tikinti-quraşdırma, mövcud infrastruktur imkanlarını daha da genişləndirmək işlərinə, o cümlədən ticarətin inkişafına ciddi töhvələr verəcək. Başqa sözlə desəm, rayonun inkişafı üçün yeni nəfəs rolunu oynayacaq. Ona görə də təkcə Qəbələ rayonunda deyil, digər hər bir rayonun ərazisində də dəmir yolu xəttinin olması və ərazisinə dəmir yolu xəttinin çəkilməsi əslində vacibdir və bu, ancaq və ancaq inkişaf vəd edir. İqtisadi aktivlik üçün əlavə katalizator mənbəyi əhəmiyyəti daşıyır.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
Ölkədə dollar qıtlığı yoxdur – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
Bank sektorunda “tromblaşma”: Çıxış yolu nədir? - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
"Pandemiya böhranı" nə vaxt bitəcək? - TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: Qəbələ   Dəmiryolu  





Xəbər lenti