Oğlu Şuşada “Bayatı-şiraz” oxuyan xanəndə: “Onun ifası məni də kövrəltdi”

 Oğlu Şuşada “Bayatı-şiraz” oxuyan xanəndə:  “Onun ifası məni də kövrəltdi”
  16 May 2021    Oxunub:22630
“Oğlum Kənan Şuşada “Bayatı-şiraz” oxuyanda kövrəldim. Atamla Cıdır düzündə gəzdiyim günləri, kəklikotu yığdığım anları xatırladım”.

Bunu Azvision.az -a Əməkdar artist Təyyar Bayramov oğlu Kənan Bayramovun Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalındakı ifasından danışarkən deyib.
- 32 ildən sonra Cıdır düzündə “Xarıbülbül” festivalı yenidən baş tutdu. Çox böyük, əlamətdar tədbirdə sizinlə yanaşı oğlunuz da iştirak etdi. Əvvəlcə, festivalla bağlı təəssüratlarınızı bilmək istərdik.

- “Xarıbülbül” festivalı əsl bayram idi. Yaşadığımız bu günlərimizi şəhidlərimizə, qazilərimizə, ordumuza və müzəffər Ali Baş Komandanımıza borcluyuq. Tədbirin açılışı oğlum Kənanın ifası ilə baş tutdu. İllərlə sevə-sevə qulaq asdığımız “Bayatı-şiraz” bu dəfə Şuşada səsləndi. Oğlum oxuyanda çox kövrəldim. Bayram bayrama qarışmışdı. Şuşada olmağımız, festival, Ramazan bayramı və Kənanın ifası bütün bunlar içimdə bir xoşbəxtlik fırtınası yaratmışdı. Bu hissləri sözlə ifadə etmək çətindir. Möcüzəli anlar yaşadıq.



- Kənanın ifası çox bəyənildi, hamılıqla onu alqışladıq. Yəqin ki, möhtəşəm tarixi hadisədə iştirak etdiyinin fərqində idi...

- Biz Kənanla dekabrın 24-də Şuşada olmuşduq. Kənan çox utancaq, qapalı uşaqdır. Onu Bakıda yanımda harasa aparsam, getməz. Şuşanın adını eşidəndə geyindi və maşına oturdu ki, mən də gedirəm. Dərhal dəvəti qəbul etdi. Məşqləri sevə-sevə edirdi. O, 4 yaşında "Şuşanın dağları" mahnısını oxumuşdu. Sosial şəbəkələrdə həmin videonu da paylaşırlar. Uşaq yaşlarından vətənpərvərlik ruhunda mahnılar ifa edib. Oğlum müharibədən qabaq “Talandı torpağımız” mahnısını ifa etmişdi. Qələbədən sonra “Alındı torpağımız” mahnısını oxudu. O da qürurlanır.

- Şuşa sizə nələri, kimləri xatırlatdı?

- Kənan oxuyanda atamın əlimdən tutub, Cıdır düzündə məni gəzdirməyi gözümün qarşısından keçdi. Şəkillərimiz var. Həftədə iki və ya üç dəfə Ağdamdan Şuşaya gedərdik. Əvvəllər yol rahat idi. Yarım saata çatırdıq. Şuşada pioner düşərgələrində olmuşam. Uşaqlığım Laçında, Kəlbəcərdə, Şuşada keçib. Kəklikotunun iyi məni vururdu. Uşaqlıq yaddaşım o iyi saxlamışdı. İndi də gedib həmin yerlərdən kəklikotu dərdim. İnsanı valeh edirdi. Dünyanın hər bir yerinə pulumuzu verib, bilet alıb gedirdik. Ancaq Qarabağa gedə bilmirdik. Bu bizim gücümüz xaricində idi. Şükür Allaha ki, bu günləri gördük. İgidlərimizin qanı hesabına tarixi anları yaşaya bildik.



- Səhnədən Xankəndinə boylandınızmı?

- Səhnə üzü Xankəndi istiqamətində qurulmuşdu. O səslər, avazlar birbaşa orada eşidilirdi. İlahi ədalət yerini tapırdı. Bəzən mənə deyirdilər ki, "Qarabağdan az oxu. Qarabağ əldən getdi". Qəbul etmirdim. Əksinə Qarabağ haqqında nisgilli deyil, onu vəsf edən mahnılar oxuyurdum.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şuşa   Xarıbülbül   Festival  





Xəbər lenti