Ramiz Quliyevin səfər təəssüratları: “Şuşadan doymaq olmur” - MÜSAHİBƏ

  16 May 2021    Oxunub :8566
  Ramiz Quliyevin səfər təəssüratları:  “Şuşadan doymaq olmur” -  MÜSAHİBƏ
“Qarabağ şikəstəsi” çalınanda başımızın üzərində qartal uçurdu. Bu, sanki ilahi ədalətin bərpa olunmasına, gücün, qüvvətin bizim yanımızda olmasına bir mesaj idi”.
Bunu Azvision.az -a müsahibəsində Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının iştirakçısı olmuş Xalq artisti Ramiz Quliyev deyib.

Tanınmış tarzən bizimlə söhbətində Şuşaya səfəri və möhtəşəm musiqi festivalı ilə bağlı təəssüratlarını bölüşərək ürək sözlərini dilə gətirib.

- Ramiz müəllim, üzü Şuşaya doğru gedəndə yol boyu sizi hansı hislər bürüdü. Ürəyinizin sarı simini hansı məqam tərpətdi?

- 28 il böyük müddətdir, bir igidin ömrünə bərabərdir. “Şuşaya gedirik” sözündən sonra gecəni yata bilmədim. Saatlarla fikirləşdim, ayağım hansı ərazilərimizə dəyəcək, orada kimlərlə qarşılaşacağam və s. haqqında düşündüm. Biz Şuşaya çatmaq üçün 12 saat yol getdik. Yollarda bütün gecəni oyaq qaldıq. Qarabağ gecəsi ilə də gözəl idi, hamımız möhtəşəm mənzərəni seyr edirdik. Şuşa səfəri mənə xəyal, röya kimi gəldi. O yerlərə gedəcəyimə ümid edirdim, amma belə tezlikə olacağını ağlıma gətirmirdim. Əsgəranı, Xankəndini gördüm. Şuşaya çıxanda tamamilə başqa bir adam oldum. Bildim ki, ucalan bir ölkənin, ucalan şəhərinin azadlığının şahidi olacağam. Bütün bu gözəllikləri görəndə adamın bədəni titrəyirdi. Tanrıya təşəkkür etdim ki, mənə bu günləri görməyi nəsib etdi.

- Şuşaya çatanda ilk hara boylandınız?

- Şuşaya girən kimi Gövhərağa məscidinə boylandım. Gördüm ki, qısa müddətdə minarələri bərpa edilib. İlk olaraq o məscidə getdik. Orada bizim ziyalılarımızdan yazıçı Anar və onun qızı Günel xanım, Azərpaşa Nemətov, Elbay Qasımzadə, Fərhad Xəlilov, Hacı İsmayılov və digərləri ilə birlikdə idim. İlahiyə təşəkkür etdik.

- Yaradıcı insan kimi festivalı necə qiymətləndirərdiniz? Ürəyinizə ən çox hansı məqamlar yatdı?

- 60 il ərzində böyük festivalların iştirakçısı və şahidi olmuşam. Rusiyada, İranda, Kanadada, ABŞ-da, Avropa ölkələrində çıxışlar etmişəm. Amma bu tədbir tamamilə başqa bir aləm idi.

Mən birinci sırada əyləşmişdim. Sağ tərəfdən oturanları seyr etdim. Hamı Prezidentin gəlişini ürəklə gözləyirdi. Ölkə başçısı gəlib hamımızı salamladı və çıxış etdi. Prezidentimiz əsgərlərimizin qəhrəmanlığından danışdı. Şəhidlərimiz və qazilər haqqında söhbət açdı. Hamımız ayağa qalxdıq və onu alqışladıq.

Daha sonra festivalda Qaçaq Nəbi haqqında mahnı səsləndi. Mahnının bir yerində deyir ki, “Həcəri özündən ay qoçaq Nəbi”. Gözümün qarşısına Prezidentimiz və xanımı gəldi. Onun həyat yoldaşı ilə birgə qəhrəmanlığı bizə nümunədir.

Şuşada Heydər Əliyev Fondunun gördüyü işlərlə tanış olduq. Orada bir neçə “Xarıbülbül” heykəli qoyulmuşdu. Cıdız düzü nağıla çevrilmişdi. Festivalda tələbələrim, tələbələrimin tələbələri çıxış etdilər. Arzularımı bildirdim. Şuşadan doymaq olmur. Prezidentimizin dediyi kimi, biz Şuşanı dirçəltməyə getmişdik. Ona can, ruh verməyə toplaşmışdıq. Bax, bu günləri görmək üçün yaşamağa dəyərmiş.

- Şuşadan Xankəndinə tərəf boylandınızmı, oraya baxdınızmı? Mayakovskinin dili ilə desək, “Alın a, yana-yana qalın a” dedinizmi?

-Əlbəttə. Proqram çox uğurlu tərtib olunmuşdu. Orada multikulturalizm dəyərləri nümayiş etdirildi. Azərbaycanda yaşayan azsaylı xalqların ifaları səsləndi. Onlar həm ana dillərində, həm də Azərbaycan dilində arzularını, ifalarını etdilər. Bütün bunlar bir nümunə idi. Biz Xankəndiyə mesaj verirdik ki, tolerant ölkə belə olar. Festival “Bayati-Şiraz” muğamı ilə başladı. Kənan Bayramov çox gözəl ifa etdi. “Qarabağ şikəstəsi” oratoriyasına növbə çatanda başımızın üzərində qartal uçurdu. Bu, sanki ilahi ədalətin bərpa olunmasına, gücün, qüvvətin bizim yanımızda olmasına ilahi bir mesaj idi.

- Şuşa ilə necə sağollaşdınız?

- Mən başqa bölgələrimizdə olanda bəzən qan təzyiqim dəyişir. Axşam hava soyuq idi. Amma heç kim otelə getmək istəmirdi. İnsanlar bir-biri ilə söhbətləşir, sevinc hissini bölüşürdülər. Geri dönəndə yenə məscidə baxdım. O gözəlliyi yaddaşıma həkk etdim.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Xalq-artisti   Şuşa