Hitlerin Qafqaz planları və ona mane olan Azərbaycan diviziyaları – DÖYÜŞ XRONİKAMIZ

   Hitlerin Qafqaz planları və ona mane olan Azərbaycan diviziyaları –    DÖYÜŞ XRONİKAMIZ
  09 May 2021    Oxunub:13276
Bəşər tarixindəki heç bir müharibə ilə müqayisə edilməyəcək dərəcədə dağıntılara, dəhşətlərə və fəlakətlərə yol açmış II Dünya müharibəsi, insanlığın taleyində silinməz izlər buraxdı. 1,7 milyard insanın - Yer kürəsi əhalisinin 80%-nin yaşadığı 61 ölkə bu müharibənin iştirakçısına çevrildi. Döyüş əməliyyatları 40 ölkənin ərazisində aparıldı. 110 milyon adam hərbi səfərbərliyə alındı. 55 milyona qədər insan həlak oldu. Həlak olanların yalnız yarısı - 27 milyonu döyüş əməliyyatlarında iştirak edən hərbçilər idi.
Dünyanın faşizm bəlasından xilas edilməsi uğrunda mübarizəyə Sovet İttifaqının tərkibində qatılan Azərbaycan xalqı döyüş meydanındakı qəhrəmanlığı və arxa cəbhədəki fədəkarlığı ilə bu müharibənin qələbə ilə başa çatdırılmasında əlindən gələni əsirgəmədi.

Alman faşistlərinin strategiyasında və təcavüzkar xarici siyasətində Şərqə hücum ideyası mühüm yer tuturdu. «Şərqə yürüş» mənasını verən “Dranq nax Osten” ifadəsi bu təcavüzkar siyasətin rəmzi idi. Şərqə-Sovet İttifaqına hücum etmək, Krımı, Qafqazı tutmaq, oradan Yaxın və Orta Şərqə keçmək, nəhayət Hindistanı ələ keçirmək faşist komandanlığının əsas məqsədi idi.

Hitler Almaniyasının 1940-cı ilin əvvəllərində SSRİ-yə qarşı müharibə aparmaq üçün hazırladığı “Babarossa” planına görə SSRİ ərazisində - Ukrayna, Şərq torpaqları, Moskva, Qafqaz və Türküstan olmaqla beş imperiya komissarlığı yaradılmalı idi. Faşist Almaniyası bu rayonlar arasında Qafqaza xüsusi fikir verirdi. “Babarossa” planının təsdiqi ilə əlaqədar olaraq Berqofda çağırılan gizli müşavirədə Hitler açıq bildirmişdi ki, Azərbaycanın neft mədənlərini ələ keçirmək Almaniya üçün həyati əhəmiyyətə malikdir.

Faşist komandanlığı Qafqazı işğal etmək üçün “Edelveys” adlı plan işləyib hazırlamışdı. “Edelveys” planı Hitlerin 1942-ci il 23 iyul tarixli 45 №li direktivində “Braunq şveyq” əməliyyatının davamı kimi şərh edilmişdi.

Bu plana əsasən Hitler komandanlığı Qafqazın işğalı üçün general-feldmarşal Listin komandan olduğu “A” qrupu ordusunu ayırmışdı. “A” qrupu ordusu Don çayının arxasına geri çəkilən Sovet Ordusunu Rostovun cənub və cənub-şərq rayonlarında mühasirəyə alıb, məhv etdikdən sonra üç istiqamətdə hərəkət etməli idi. General-polkovnik Ruoffun 17-ci ordusu qərbdə Novorossiysk-Tuapse istiqamətində hərəkət etməli və Zaqafqaziyaya soxulmalı, general-polkovnik Kleystin 1 tank ordusu şərqdə Qroznı-Mahaçqala-Bakı istiqamətində irəliləyərək Bakını tutmalı, Mərkəzdə isə general Konradın 49-cu atıcı korpusu Baş Qafqaz dağları aşırımlarından keçərək Kutaisi və Suxumiyə çıxmalı idi.
Babamızın savaşı. III yazı: Bakının mübarizəsi və Bakı uğrunda mübarizə – TARİXİ ARAŞDIRMA

Faşistlər Qafqazı işğal etdikdən sonra onun maddi və mənəvi sərvətlərini qarət etmək üçün, hələ 1941-ci il aprelin 29-da “Oldenburq” adlanan iqtisadi qərargah yaratmışdılar. Hitler Almaniyasının Şərq İşləri üzrə Nazirliyində xüsusi “K” qərargahı da fəaliyyət göstərirdi.

Rozenberqin tərtib etdiyi “Qafqazın idarəsi” haqqındakı məruzədə Qafqaz neftinin almanların “Kontinental Oyl”, “Ost Oyl” və “Karpaten Oyl” şirkətlərinə verilməsi nəzərdə tutulmuşdu. Qafqazı işğal etdikdən sonra iri şəhərlərin kitabxanalarında, idarələrdə olan elmi, iqtisadi, siyasi əhəmiyyəti olan sənədləri, kitabları, filmləri və s. toplayıb, Almaniyaya göndərilməsini “Kyünsberq” adlı SS təşkilatı həyata keçirməli idi.

Almanlar Azərbaycanın işğalını asanlaşdırmaq üçün casusluq və təxribatçılıq fəaliyyətlərini də genişləndirirdilər.

Müharibənin birinci 3 günündə Azərbaycandan 18 minə qədər adam könüllü olaraq cəbhəyə yollandı. Ümumiyyətlə, həmin dövrdə 40 minə qədər adam cəbhəyə getmək üçün ərizə vermişdi.

Qısa müddət ərzində 186 704 nəfər xalq qoşunu dəstələrinə yazıldı. Respublika ərazisində 87 qırıcı batalyon,1124 özünümüdafiə dəstəsi təşkil edilmişdi.15 min nəfərlik Hava Hücumundan Müdafiə dəstəsi yaradılmışdı. 1941-42-ci illərdə 1 milyon nəfər hərbi təlim proqramına cəlb edilmişdi.

1942-ci ilin yayında Qafqazda müstəsna dərəcədə gərgin vəziyyət yaranmışdı. Faşist qoşunları 1942-ci ilin avqust ayında Maykop, Krasnodar, Mineralnı-Vodı, Piyatiqorsk, Proxladnı, Mozdok şəhərlərini tutdu. Sentyabrın əvvəllərində onlar Terek çayının sağ sahilinə keçərək, İşşerskdən Baksan dərəsinə kimi olan ərazini işğal etməyə nail oldular.

Qafqaza hücum edən Alman ordusu texnika və canlı qüvvəsinə görə Sovet Silahlı qüvvələrindən bir neçə dəfə üstün idi.

Müharibənin ilk günlərindən cəbhəyə yollanan azərbaycanlı döyüşçülərdən əksəriyyətinin rus dilini bilməməsi,komandirlərin əmrlərinin yerinə yetirilməsində problemlər yaradır,böyük tələfatlarla nəticələnirdi.Ona görə də Mir Cəfər Bağırov Ali Baş Komandanlığa Milli Diviziyaların yaradılması təklifi ilə müraciət etdi.

1941-ci ilin avqustunda Naxçıvan Muxtar Respublikasında 402-ci atıcı diviziya təşkil edildi.Bunun ardınca isə həmin ilin 18 oktyabrında 223-cü,1942-ci ilin mart -sentyabr aylarında 416-cı Milli atıcı diviziyalar təşkil olundu.

1920-ci ildə təşkil olunmuş 77-ci Azərbaycan diviziyası həmin dövrdə Krımın müdafiəsində iştirak edirdi. Ak Monay rayonundakı qızğın döyüşlərdə beş aydan artıq düşmənin həmlələrinə mərdliklə sinə gərən diviziya şəxsi heyyətinin çox hissəsini itirdiyindən Cəbhə Şurasının 19 may 1942-ci il tarixli əmri ilə yenidən təşkil olundu.1942-ci il mayın 25-dən avqustun 12-nə kimi Taman yarımadası sahilini müdafiə edən 77-ci Azərbaycan diviziyası Novorossiysk müdafiə rayonuna göndərildi.

223-cü Azərbaycan atıcı diviziyası 44-cü Ordu qərargahının əmri ilə 1942-ci il dekabrın 1-dən Terekin aşağı axarında Qudermesdən Kizlyara qədər 100-120 km məsafədə müdafiə mövqeyi tutdu.Həmin vaxt 402-ci Azərbaycan atıcı diviziyası da burada Terek çayının qərb sahilini müdafiə edirdi. Ümumiyyətlə, Cənubi Qafqaz cəbhəsində 66 mindən artıq Azərbaycanlı döyüşçü vardı.



416-cı atıcı diviziya , 1942-ci ilin 24 oktyabrında Yuxarı Çirtyurt, Akaytala, Yekə tala və Yekə bulaq sahələrində müdafiə mövqeyi tutmuşdu. Mozdoku tutduqdan sonra güclü müqavimətə rast gələn düşmən hücüm taktikasını dəyişdi və Bakı istiqamətində deyil, Nalçik-Orconikidze istiqamətində irəliləməyə başladı.

1942-ci ilin oktyabrında faşist qoşunları Orconikidze ətrafında darmadağın edildi və şimala doğru geri çəkildi. Həmin vaxtdan Sovet Ordusunun Şimali Qafqazı azad etmək uğrunda döyüş əməliyyatları başladı.

Novorossiysk uğrunda döyüşlərdə 77-ci diviziya düşmənin 5 piyada polkunu tamamilə sıradan çıxardı, 8 minə qədər faşist əsgər və zabiti, 18 tankı, 40-a qədər müxtəlif topu, 22 artilleriya və minomyot batareyası, 15 avtomobili məhv edildi.77-ci diviziyanın 320 əsgər və zabiti SSRİ-nin orden və medallarına layiq görüldü.

General Kleystin I tank ordusunun qarşısının kəsilməsində polkovnik Əli Hüseynovun komandir olduğu 402-ci Azərbaycan atıcı diviziyası böyük mətanət göstərdi . Diviziya 1942-ci il noyabrın 30-dan dekabrın 11-ə qədər 10 yaşayış məntəqəsini azad edərək,düşmənin texnika və canlı qüvvəsinə ciddi təlafat verdi. Lakin şəxsi heyyətinin əksəriyyətini itirdiyindən, 44-cü ordu komandanlığının əmri ilə diviziyanın heyyətindən salamat qalanlar 416-cı diviziyanın tərkibinə verildi və diviziya yenidən təşkil olunmaq üçün arxaya göndərildi.

1942-ci ilin yayında Volqa və Qafqaz uğrunda qızğın döyüşlər getdiyi bir zamanda ABŞ və İngiltərə hökumətləri SSRİ-yə “Qafqazın müdafiəsi” haqqında plan təklif etdilər. Onlar 1942-ci ilin ağır yay günlərində Qafqazın müdafiəsində iştirak edən bütün Qızıl Ordu hissələrini Stalinqrad ətrafında cəmləşdirməyi, onların yerini isə ABŞ və İngiltərə ordusunun tutmasını istəyirdilər. ABŞ və İngiltərə hökumətlərinin hazırladığı və “Vilvet” adlanan bu plana görə Qafqaz və Xəzər zonasına 20 ingilis və Amerikan hərbi-hava eskadrilyası göndərilməli idi.

Bundan əlavə, İngiltərənin 10-cu ordusunun da Qafqaza yeridilməsi qərara alınmışdı. Bütün bu hərbi birləşmələrə bilavasitə ingilis zabitləri komandanlıq etməli və onlar Britaniya hökumətinə tabe olmalı idilər. Sovet rəhbərliyi “Vilvet” planını Qafqazın faktiki olaraq ABŞ və İngiltərə tərəfindən işğal planı kimi qiymətləndirdi və onu qəti surətdə rədd etdi.



Stalinqrad ətrafında 330 min nəfərlik faşist ordusunun mühasirəyə alınaraq darmadağın edilməsi, müharibənin gedişində əsaslı dönüş yaratdı. İkinci Dünya müharibəsinin birinci dövrü - müdafiə dövrü başa çatdı. Sovet Ordusu Leninqraddan başlamış Qafqaza qədər bütün cəbhə boyu hücuma keçdi.

1942-ci il noyabrın 30-da 416-cı Azərbaycan atıcı diviziyası 44-cü ordu komandanlığının əmri ilə Novo-Lednev istiqamətində hücuma keçdi. İki günlük gərgin döyüşlərdən sonra diviziya İşşersk rayonunda 60 km-lik məsafədə düşmənin müdafiə xəttini yardı və Novo-Lednev, Kapustino yaşayış məntəqələrini faşistlərdən təmizlədi. Dekabrın 5-də 416-cı diviziyanın döyüşçüləri böyük əhəmiyyəti olan 113,0 nömrəli təpəni aldı və İşşersk stansiyasına yaxınlaşdı.

İşşersk rayonunda göstərdiyi igidliyə görə 416-cı diviziyanın 144 əsgər və zabiti SSRİ orden və medalları ilə təltif edildi.

1943-cü ilin yanvarında 416-cı diviziyanın döyüşçüləri hücumu davam etdirəcək Dedimkino kəndini, 135,2 nömrəli təpəni, Kairov təpəliyini, Qrafsk məntəqəsini düşməndən təmizlədilər.

416 və 223-cu diviziyaların fəal iştirakı ilə yanvarın 3-də Mozdok, yanvarın 4-də Nalçik, yanvarın 5-də Proxladnıy şəhərləri faşistlərdən tamamilə azad edildi.

Mozdok istiqamətində gedən döyüşlərdə əvvəl 44-cü, sonra isə 37-ci ordunun tərkibinə daxil olan 223-cü Azərbaycan atıcı diviziyası xüsusilə fərqləndi. 1942-ci il dekabrın 11-dən 1943-cü ilin martına qədər diviziya 48 yaşayış məntəqəsini faşistlərdən azad etdi. 1943-cü il martın 9-da 223-cü diviziya şəxsi heyyətinin əksər hissəsi azərbaycanlılar olan 409-cu diviziya ilə birlikdə Krasnodar diyarının Krasnoarmeysk şəhərini fafşistlərdən təmizlədi.

Qafqaz uğrunda gedən döyüşlərin cəmi üç ayı ərzində 223-cü diviziyanın 307 döyüşçüsü SSRİ-nin orden və medalları ilə təltif olundular.

1943-cü il fevralın 12-də 223-cü Azərbaycan atıcı diviziyasının döyüşçülərinin qəhrəmanlığı və şücaəti hesabına 177 gün düşmən əsarətində qalmış Krasnodar şəhəri düşməndən azad edildi.

1943-cü il fevralın 21-də 416-cı diviziya Taqanroqun şimal-şərqində Sambsk çayının sahilinə çıxdı və Kurlatskoe-Yekaterinovka xəttində müdafiə mövqeyi tutdu.



1943-cü ilin yayına qədər yalnız yerli əhəmiyyətli döyüşlər aparan 416-cı diviziya bütün qüvvəsini həlledici hücuma hazırlayırdı. Ali Baş Komandanın əmri ilə bütün şəxsi heyətə təşəkkür elan olundu və diviziyaya fəxri «Taqanroq» adı verildi.

1943-cü il oktyabrın 23-də 416-cı diviziyanın fəal iştirakı ilə Melitopol, 1944-cü il fevralın 8-də Nikopol azad edildi. Fevralın 26-da 416-cı diviziyanın və ordudakı digər diviziyaların Nikolayev istiqamətində hücum əməliyyatı başladı.Bir aydan artıq davam edən gərgin döyüşlərdən sonra-martın 28-də Nikolayev şəhəri faşistlərdən təmizləndi. Aprel ayında Odessa ətrafındakı qəsəbələr və şəhərin özü uğrunda gedən döyüşlərdə 416-cı diviziyanın döyüşçüləri əsl qəhrəmanlıq nümunəsi göstərdilər və aprelin 10-da Odessa, avqustun 24-də isə Kişinyov azad edildi.

1944-cü ildə faşist ordusunun böyük məğlubiyyətə uğramasına baxmayaraq, o, döyüş qabiliyyətini hələ də saxlayırdı və əks-hücuma keçmək üçün kifayət qədər ehtiyyat qüvvəyə malik idi.Ona görə də, Faşist Almaniyasına son və həlledici zərbənin endirilməsi prosesini tezləşdirmək üçün ikinci cəbhənin açılması artıq vacib idi.

1944-cü ilin axırında Sovet Ordusu Alman ordusunun Sovet İttifaqından qovulmasını başa çatdıraraq müharibəni Almaniyanın və onun müttəfiqlərinin ərazisinə keçirdi. Sovet qoşunları Pribaltikada düşmənin 16-cı və 18-ci ordularının dənizə sıxışdırılmış qalıqlarını məhv edərkən ABŞ, İngiltərə və Fransa qoşunları «Ziqfridd» xəttinə çatmışdılar.

416-cı diviziyanın döyüşçüləri 1945-ci ili Polşanın ərazisində qarşıladılar. II Dünya müharibəsinin ən starteci hücum əməliyyatlarından biri olan Visla-Oder əməliyyatlarında 416-cı və 223-cü diviziyanın döyüşçüləri qəhrəmancasına vuruşdular. Belqradın azad edilməsində müstəsna xidmətinə görə 223-cü diviziyaya fəxri «Belqrad» diviziyası adı verildi. Sonradan bu diviziya Vyananın azad edilməsində göstərdiyi şücaətə görə «Qırmızı Bayraq» ordeni ilə təltif edildi. 1945-ci il aprelin 16-da güclü artileriya və aviasiya hazırlığından sonra gecə saat 3-də marşal Cukovun rəhbərlik etdiyi 1-ci Belorusiya cəbhəsinin qoşunları procektor işığı altında Berlin üzərinə hücuma keçdilər.

1945-ci ilin aprel-may günlərində 416-cı Azərbaycan Taqanroq atıcı diviziyasının Berlinin şərq qəsəbələri, Sileziya vağzalı, Kayzer Vilhelm sarayı olan ada, Berlin operasının binası, Uniter-Linden küçəsi, Almaniya reyxsbankı, Parizenplats və Brandenburq darvazaları uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar Azərbaycan xalqının faşizmlə mübarizə tarixinin ən şərəfli səhifələri idi. 1945-ci il mayın 8-də Almaniya danışıqsız təslim aktını imzaladı. 9 may günü tarixə Alman faşizmi üzərində Qələbə günü kimi daxil oldu.

Füzuli Sabiroğlu
Xüsusi olaraq Azvision.az üçün



Teqlər: II-Dünya-Müharibəsi   9-may  





Xəbər lenti