“3+3” formatında Gürcüstanın yeri, yaxud, Qaribaşvili niyə gəlmişdi – TƏHLİL

      “3+3” formatında Gürcüstanın yeri,    yaxud, Qaribaşvili niyə gəlmişdi –    TƏHLİL
  07 May 2021    Oxunub:11562
2020-ci ilin dekabr ayının 10-da Bakıda keçirilən Qələbə Paradından bir gün sonra Türkiyə və Azərbaycan prezidentləri birgə mətbuat konfransında ilk dəfə olaraq, Cənubi Qafqazda qurulacaq yeni siyasi-iqtisadi əməkdaşlıq platformasından söz açdılar. İlham Əliyev yeni çoxtərəfli platformanın qurulmasının əhəmiyyətindən danışdı və bu platformadan bütün tərəflərin xeyir götürəcəyini elan etdi.
O, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya və Türkiyə-Rusiya-İran əməkdaşlıq platformalarının mövcudluğundan danışaraq, müharibədən sonra regionda formalaşmış yeni reallıqda bu əməkdaşlıq platformalarının bir mərkəzdə birləşməsinin daha məqsəduyğun olmasından söz açdı. Ərdoğan isə yeni formatı “altıtərəfli platforma” adlandıraraq, Türkiyə, Rusiya, İran, Azərbaycan və Gürcüstanla yanaşı, Ermənistanı da bu platformaya qoşulmağa dəvət etdi.

Yeni regional əməkdaşlıq platformasının yaradılmasını müharibənin başa çatmasından sonra regionda yaranmış yeni reallıqlar da tələb edirdi. İlham Əliyevin irəli sürdüyü və əsas regional güc mərkəzləri olan Rusiya, Türkiyə və İran tərəfindən dəsklənən 6 tərəfli platforma Ermənistan qarşısında artıq qurulu olan regional iqtisadi əməkdaşlıq sisteminin qapılarını açır. Əslində, Yerevanın başqa bir alternativi də yoxdur. Reallıq ondan ibarətdir ki, əgər Ermənistan iqtisadiyyatını dirçəltmək istəyirsə məhz Azərbaycanın təşəbbüsü ilə qurulan platformaya qoşulmalıdır. Yəni, Bakının çaldığı havaya oynamalıdır.
Gürcüstan müxalifəti pauza götürür - VİDEO

İranın xarici işlər naziri Cavad Zərifin bu ilin əvvəlində Türkiyəyə səfəri zamanı prezident Ərdoğan və həmkarı Mövlud Çavuşoğlu ilə görüş zamanı artıq “3+3 formatı” adlandırılan yeni platformanı müzakirə etmələri və Tehranın bu təşəbbüsləri dəstəklədiyini elan etməsi yaxın vaxtlarda bu planların reallaşacağından xəbər verir. Region dövlətlərinin Azərbaycanın təşəbbüsünü dəstəkləməsi Ermənistanı yeni modelə qoşulmağa təhrik etmək üçün əlavə beynəlxalq təzyiq yaradır.

“3+3 formatı” Ermənistanın Azərbaycan vasitəsilə Rusiya, İran və Türkiyə ilə birbaşa nəqliyyat əlaqələri qurmasına və qarşılıqlı ticarət həyata keçirməsinə şərait yaradacaq. Lakin Gürcüstanla Rusiya arasında münasibətlərin gərginliyi bu həlqədə Tbilisinin tutacağı mövqeyi sual altına qoyur.

Gürcüstan-Rusiya sərhədindəki Cənubi Osetiya və Abxaziya ərazilərinin Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olması bu ərazidən keçən dəmir yolunun regional əmədaşlıq üçün istifadəsini mümkünsüz edir. Eyni zamanda, Gürcüstan cəmiyyətində mövcud olan anti-Rusiya əhval-ruhiyyəsi də hökumətin Moskva ilə hər hansı formada əməkdaşlığının ciddi etirazla qarşılaşacağı və onsuz da qeyri-sabit olan siyasi vəziyyəti daha da ağırlaşdıracağı anlamına gəlir.



Gürcüstan tərəfinin II Qarabağ müharibəsindən sonra regionun gələcək taleyilə bağlı aparılan danışıqlardan kənar düşməsi də elə ölkədə keçən ilin oktyabr ayında keçirilən parlament seçkilərindən sonra hələ də davam edən siyasi böhranla bağlıdır.

Gürcüstanda dörd ay davam edən siyasi böhrandan sonra razılaşdırılmış siyasi fiqur qismində baş nazir seçilən Georgi Qaribaşvilinin koronovirus xəstəliyindən sağalan kimi dərhal Azərbaycana səfər etməsi əslində Cənubi Qafqazda formalaşmaqda olan yeni “3+3 formatı”nda Tbilisiyə ayrılacaq yerin nədən ibarət olduğunu müəyyənləşdirmək və öz ölkəsinin bununla bağlı mövqeyini Azərbaycana çatdırmaqla bağlıdır.

Qaribaşvilinin prezident İlham Əliyevlə görüşü zamanı ulu öndər Heydər Əliyevin 1996-cı ildə Gürcüstana səfəri zamanı etdiyi çıxışda səsləndirdiyi “Tanrı bizim xalqları böyük nemətlə mükafatlandırıb. Bu nemət ondan ibarətdir ki, taleyimizə qonşu xalqlar olmaq yazılıb” fikirlərini xatırlatması əslində Tbilisinin narahatlığından xəbər verir. Narahatlığın əsas səbəbi onunla bağlıdır ki, yeni əməkdaşlıq formatı reallaşdıqdan sonra Azərbaycanın Qərbə çıxışında Gürcüstanın dominantlığı başa çatacaq. Bu isə o deməkdir ki, Azərbaycan yeni qlobal layihələrin reallaşdırılması zamanı Gürcüstan marşrutuna deyil, şərti olaraq “Zəngəzur” adlandıra biləcəyimiz marşruta üstünlük verə bilər.

Həmçinin, Rusiyanın yeni formatda yer alması da, Bakının Moskvanın təsirilə Gürcüstanla münasibətlərinə baxış bucağının dəyişməsi riskini də yaradır ki, bu amil də Tbilisinin narahatlığına səbəb ola bilər. Gürcü baş nazirin İlham Əliyevə Ulu Öndərin sitatını xatırlatmasını Gürcüstanla Azərbaycan arasında tarixən formalaşmış və inkişaf etmiş münasibətlərin dəyişməməsini istəyən diplomatik xahiş kimi də qiymətləndirmək olar.

Prezident İlham Əliyevin Gürcüstana ən böyük investisiya qoyan ölkələr arasında Azərbaycanın birinci yerdə olmasını Qaribaşvilliyə xatırlatması və bu münasibətlərin inkişaf edəcəyini bir daha vurğulaması yeni yaranacaq formatın Bakı ilə Tbilisinin münasibətlərinə heç bir halda mənfi təsir göstərməyəcəyinin bir daha təsdiqi idi. Qaribaşvilinin Bakı səfərindən sonra öz feysbuk səhifəsində “Biz birgə önəmli layihələr həyata keçirmişik. Bunu davam etdirmək niyyətindəyik. Münasibətlərimizi daha da möhkəmləndirəcək birgə layihələr reallaşdıracağıq” yazması deməyə əsas verir ki, gürcü baş nazir aparılan danışıqların nəticələrindən məmnun qalıb.

Tofiq Vahid
Azvision.az

Müəllifin əvvəlki yazıları:

İpək yolunda atəş: Qırğız-Tacik toqquşması kimə lazımdır? – TƏHLİL
“Soyqırım” geostrategiyası: ABŞ-ın məqsədi nədir? – TƏHLİL
Zəngəzura necə qayıdacağıq – TƏHLİL



Teqlər: Gürcüstan   Qaribaşvili  





Xəbər lenti