` Mirzə Fətəli Axundzadə ensiklopediyası` nəşr olunur

` Mirzə Fətəli Axundzadə ensiklopediyası` nəşr olunur
  04 Mart 2014    Oxunub:1697
AMEA-nın Ədəbiyyat İnstitutunda `Mirzə Fətəli Axundzadə ensiklopediyası`nın nəşrə hazırlıq məsələləri müzakirə edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan AzVision.az bildiriblər ki, iclası açan bu elmi müəssisənin direktoru, akademik İsa Həbibbəyli gündəlikdəki məsələlər haqqında məlumat verib.

Akademik İsa Həbibbəyli institutda hazırlanan “Mirzə Fətəli Axundzadə ensiklopediyası” üzrə nəzərdə tutulmuş materialların işlənilməsi və nəşrə hazırlıq vəziyyəti barədə ətraflı söhbət açıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 13 aprel tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, dahi mütəfəkkirin yubileyinin dövlət səviyyəsində və müvəffəqiyyətlə keçirildiyini diqqətə çatdırıb.

Akademik bildirib ki, görkəmli elm və mədəniyyət xadimləri ilə yanaşı, klassik irsə doğma münasibət, Azərbaycan mədəniyyətinin tarixində misilsiz xidmətlər göstərmiş ədəbi simaların möhtəşəm yubiley tədbirlərinin keçirilməsi Prezident İlham Əliyevin Azərbaycan elminə və mədəniyyətinə diqqət və qayğısının bariz nümunəsidir.

Böyük mütəfəkkir M.F.Axundzadənin yubileyi ilə bağlı AMEA-nın rəyasət heyətinin də qərar qəbul etdiyini və müvafiq tədbirləri həyata keçirdiyini deyən İsa Həbibbəyli, Ədəbiyyat İnstitutunda hazırlanan “Mirzə Fətəli Axundzadə ensiklopediyası”nın böyük əhəmiyyət daşıdığını bildirib..

İnstitutun rəhbəri dahi mütəfəkkiri Azərbaycan ədəbiyyatının nadir simalarından biri kimi səciyyələndirərək nəşri nəzərdə tutulan ensiklopediyanın də onun adına layiq olacağını diqqətə çatdırıb.

Müzakirələrdə filologiya üzrə elmlər doktorları Zaman Əsgərli, Vaqif Arzumanlı, Tahirə Məmməd ensiklopediya ilə bağlı fikir və mülahizələrini bildirib.

Sonda akademik İsa Həbibbəyli çıxış edərək “Mirzə Fətəli Axundzadə ensiklopediyası”nın hazırlanmasında əldə olan qaynaqlardan yalnız mənbə kimi istifadə edilərək yenidən yazılmasını, ölkəmizdəki mövcud sənədlərlə bərabər, Gürcüstan və Rusiya arxivlərində də araşdırmaların aparılmasının vacibliyini bildirib, tapşırıqların icra müddətini müəyyənləşdirib.

İnstitutun elmi şurasının iclasında gündəlikdəki digər məsələlərə də baxılıb.



Teqlər:  





Xəbər lenti