Dərd industriyası ilə sünnət toyu arasındakı teledilemma

    Dərd industriyası  ilə  sünnət toyu  arasındakı teledilemma
  22 Aprel 2021    Oxunub:8519
ATV-nin efirində baş verən biabırçılıq ölkənin televiziya məkanındakı vəziyyət haqqında ciddi düşünmək üçün əsas olmalıdır. Şübhəsiz, “Bizimləsən” verilişinin yayımının dayandırılması televiziyalara dərs olacaq və onlar “gözü çıxmış qardaş”dan örnək götürərək, cərimələnməmək üçün ehtiyat tədbirlərini artıracaqlar. Bu problem həll olunacaq, fəqət problem bu deyil axı!
Problem o deyil ki, hansısa qadın qonşusunun 10 yaşlı oğlunun cinsiyyət orqanının ucundan “bir balaca kəsib” və gəlib, qəhrəmanlığını efirdə danışır. Bunun efirə getməsi sadəcə, texniki xətadır. Əksər tv-lərdə canlı yayımın 3-5 dəqiqə gecikdirilməsi sistemi var və əgər verilişin redaktorları sayıq olsaydılar, bu epizodu sakitcə efirdən çıxara bilərdilər. Yəni bu, mahiyyət yox, səhlənkarlıq problemidir. Amma çıxarsalar, nə mənası var ki?! Əgər Azərbaycanda bəzi kanalların efiri geniş mənada sünnət toyunu xatırladırsa, bir sünnət epizodunu efirdən çıxarmaqla heç nə düzələsi deyil. Dəyişməsi vacib olan Azərbaycanda yayımçılıq təfəkkürüdür!

İş o həddə qədər qəlizləşib ki, ölkədə televiziyalarının fəaliyyəti artıq konspiroloji ehtimalların mövzusuna çevrilib. Efirlərdəki vakxanaliyanı görən insanlar soruşurlar: "Bu kanallar niyə belə edir?" Məntiqli cavab tapmadıqları üçün də konspiroloji nəzəriyyələr uydururlar: “Xüsusi siyasətdir. Hakimiyyət qəsdən belə edir ki, camaat avam qalsın, savadlanmasın, inkişaf etməsin, onları idarə etmək asan olsun!..”
Halbuki, çox sadə bir həqiqət var: Savadlı xalqı idarə etmək qat-qat asandır! Dövlət əleyhinə olan təbliğat ilk növbədə məhz savadsız insanların beyninin siyasi-ictimai düşüncə formatını dəyişir. Bu səbəbdən, əslində hakimiyyət ölkədə savadlı bir cəmiyyətin olmasında maraqlıdır, fəqət təəssüf ki, televiziyalar (müəyyən istisnalarla) bu işdə onun müttəfiqi deyillər.

Azərbaycan Vətən Müharibəsindən çıxıb və Böyük Quruculuğa başlayır. Bu iki tarixi mərhələ düzgün dərk olunarsa, ortaya xeyli əlavə missiyalar çıxır. Həm keçdiyimiz, həm də getdiyimiz mərhələlərlə bağlı cəmiyyətə çatdırılması vacib olan xeyli mesajar var. Böyük ideoloji iş görülməlidir. Şəxsən mənə görə ən vacibi budur: YENİ AZƏRBAYCAN VƏTƏNDAŞININ OBRAZI yaradılmalıdır. Vətəndaşa qalib təfəkkürü aşılanmalıdır. Güclü Azərbaycan Vətəndaşı obrazını media sferasına daxil etməyin vaxtı çoxdan çatıb. Özünü inkişaf etdirən, çalışan, biznes quran, dövlətin vergisini ödəyən, yeni reallıqlar yaradan və regionun ən güclü ölkəsinin vətəndaşı olmağın qürurunu, məsuliyyətini dərk edən azərbaycanlı obrazı lazımdır bizə.

Amma televizyalar nə edir, necə bir obraz formalaşdırılar?! Mağmın, yazıq, problemlərinin içində itib-batan, həyatın dibində qalıb, gözünü zaurların, xoşqədəmlərin verilişində kimdənsə görə biləcəyi hipotetik yardıma dikən ələbaxan, əzilmiş bir insan. Nəticədə ölkədə televiziya yayımçılığının bir yarısı böyük bir DƏRD İNDUSTRİYASIna dönüb. Kimlərinsə dərdi və şəxsi problemləri başqaları üçün şou, az qism üçün reklam və qazanc mənbəyidir.

Lütfən, düzgün başa düşün: Bu, əsla o demək deyil ki, dərdi və problemi olan vətəndaşın vəziyyəti efirdə işıqlandırılmamalıdır. Tam əksinə: Bunu vətəndaşı mağmın, yazıq gününə salmadan, ağlamalı musiqilərlə gözünün yaşını tökdürmədən, dərdi şouya çevirmədən, soyuq, işgüzar tərzdə eləmək lazımdır. İndiki formada isə bu verilişlər əsla vətəndaşa yardım deyil, dərd industriyasının eybəcər formasıdır.

Kimlərinsə ailə problemlərini sonsuzadək müzakirə etmək olar. Bəli, buna baxılacaq və tamaşaçının diqqətini də özündə saxlayacaq, amma eyni zamanda, ictimai şüura necə təsir göstərək? MTRŞ o qədər uzağa boylanmır və buna görə cərimə də yazmır, amma həmişə qorumağa çağırdığımız “ailə modeli”nin bu zaman ictimai düşüncədə hansı deformasiyalara uğraması haqqında da kimsə düşünməlidir axı. Nədir, belə bir vəzifə yoxdur? Pis kişilər, pis arvadlar və yazıq övladlar haqqında realist nağıllar cəmiyyətə mümkünün sərhədlərinin geniş olduğu haqda qorxulu təsəvvür yükləyir. Yəni ki, “bax, belə də ola bilər”. Müstəsnalıqların təkrarlandıqca, normaya çevrilmək təhlükəsi var.

Beləliklə, Azərbaycan yayımçılığı iki yarımçevrənin əmələ gətirdiyi sehrli dairənin içində qalıb: Dərd İndustriyası və Sünnət Toyu Təfəkkürü. “Sünnət Toyu Təfəkkürü” odur ki, efirdə normal halda ancaq kiminsə uşağının sünnət toyunda görməli olduğumuz simaları görür, eşitməli olduğumuz söhbətləri eşidirik. Həmin şəxslər ictimai qəhrəmanlara, fikir liderlərinə, yamsılama obyektlərinə çevrilirlər. Meyxanaçılar həyat dərsi keçir, dünyanı idrak modelləri təqdim edir, ictimai kodeks formalaşdırırlar. O gün qəsəbəsinin adını soyadında əbədiləşdirən meyxanaçılardan biri efirdə Jak Deridanın dekonstruksiya fəlsəfəsini izah edirdi, oturub maraqla baxdım. “Peçat söhbət” idi.

Normalda təyinatı sünnət toyunu aparmaq olan müğənnilərin boş laflarından sonra kanalların artıq sonradan efirə buraxdıqları ciddi materialların da heç bir anlamı qalmır.

Yenə də yanlış anlamayın, heç kim “efirlərdə şou olmasın” demir. Sadəcə, bir dünyaya boylanmaq lazımdır ki, müasir televiziyaçılıqda “şou” deyiləndə nə nəzərdə tutulur və o, sünnət toyundan nə qədər uzağa gedib...

Azərbaycan yayımçılığı bu lənətli dairəni qırmağı bacarmalıdır. Dərd İndustriyası ilə Sünnət Toyu Təfəkküründən əmələ gələn bu dairədə keçirilən hər gün cəmiyyətin inkişafını bir qədər də ləngidir. Televiziyalar ictimai məsuliyyətlərini dərk etməlidirlər: Söhbət nə az-nə çox, Vətəndaş yaratmaqdan gedir.

Vüsal Məmmədov
Azvision.az




Teqlər: Televiziya  





Xəbər lenti