`Neftçi`ni yıxan səbəblər– TƏHLİL

`Neftçi`ni yıxan səbəblər– TƏHLİL
  03 Mart 2014    Oxunub:1428
İndi Azərbaycanın demək olar ki, bütün futbol ictimaiyyəti “Neftçi”dən danışır. Həmin “Neftçi”dən ki, bir müddət əvvəl ölkə səviyyəsində əzəmətli, fərqli oyun üslubu ilə seçilən qarşısıalınmaz komanda hesab olunurdu. Amma indi bu epitetləri “Neftçi”yə yaraşdırmaq olmur.

Qış fasiləsi ərəfəsindəki son turda AZAL-a uduzmaqla liderliyi əldən verən son üç ilin çempionu bu məğlubiyyətin ardından 10-cu turda baş məşqçi postunda Tərlan Əhmədovu əvəzləmiş Nazim Süleymanovla yolları ayırdı. Bundan qısa müddət sonra isə flaqman keçmiş çalışdırıcısı Böyükağa Hacıyevə tapşırıldı. Son iki mövsümdə “ağ-qaralar”a rəhbərlik etmiş Hacıyev ölkə çempionluğunu və Azərbaycan kubokunu qazanmaqla yanaşı,“Neftçi”ni bir mövsüm öncə Avropa Liqasının qrup mərhələsinə daşımaqla da adından söz etdirdiyindən onun sabiq klubuna dönüşü kollektivə olan ümidləri artırmışdı.

Hər halda, ötən mövsüm qış fasiləsinə 5-ci pillədə yollanmış flaqman bu dəfə qış fasiləsində ilk üçlükdə idi ki, bu da Böyükağa Hacıyevin və onun komandasının qarşısında daha asan vəzifənin durduğunu düşünməyə əsas verirdi. Üstəlik, qış fasiləsinin ardından paytaxtda “Simurq”u üstələyən (3:0) və “Xəzər Lənkəran”la səfər matçından bir xalla ayrılan (2:2) “Neftçi” turnir cədvəlinin ikinci pilləsinə yüksəlmişdi.

Bəs görəsən, qış fasiləsi ərəfəsində lider, Böyükağa Hacıyevin gəlişindən sonra isə ikinci olan komandanın birdən-birə geriləməsinə, turnir cədvəlinin 5-ci pilləsinə yuvarlanmasına nə səbəb oldu?

Cəzalar təsirsiz ötüşmədi

Paytaxt klubunun uğursuzluğunun əsasının məhz “Xəzər Lənkəran”la oyundan sonra qoyulduğunu desək, yanılmarıq. Həmin matçın son dəqiqələrində qarşılaşmanın baş hakimi Rəhim Həsənovun rəhm etmədən meydandan qovduğu Karlos Kardoso, Bruno Bertuççi və Tərlan Quliyevə oyunda ədəbsiz jest etdiyinə görə Mahir Şükürov, eləcədə həmin görüşdə sarı vərəqə limitini dolduran Erik Ramos da qoşulunca, flaqmanın qüvvəsi xeyli azaldı. Belə vəziyyətdə iddialı elita klublarının “ağ-qaralar”la oyunlardan üzüağ çıxacağını proqnozlaşdırmaq çətin deyildi. Bu mənada komandanın “Bakı”ya yenilməsini (2:0) və “İnter”lə “sülh” bağlamasını (2:2) normal qarşılamaq lazım idi.

İntizam Komitəsi də cəzalandırdı, Hacıyev də

“Böyük oyun”da dörd oyunluq cəzalandırılan Kardoso və Bertuççi, həmçinin azarkeşlərə orta barmağını göstərməklə üç oyunda meydana çıxmaqdan məhrum olan Mahir Şükürovun yoxluğunda “İnter” qarşısına çıxan “xalq komandası”nda Bahodir Nasimovla Cavid İmamverdiyev də gözə dəymədi. Səbəb isə Böyükağa Hacıyevin hər iki futbolçunu əvəzedici komandaya göndərməsi idi.

İt də getdi, ip də

“Sumqayıt”la oyun isə “Neftçi” üçün sözün əsl mənasında fiasko oldu. Üç əsas oyunçusu cəzalı, iki üzvü isə əvəzedici komandada olan flaqmanın baş məşqçisi bu qarşılaşmada Rəşad Sadiqov, Flavinyo, Araz Abdullayev və Ernest Nforu da cəzalı duruma düşməmələri üçün ehtiyatda saxlamaqla “Sumqayıt” qarşısına ekspermental heyətlə çıxdı.
Oyundan 2:0 hesablı yenilgi ilə ayrılan son çempionun qazandığı nəticə məşqçilər korpusunun səhv addım atdığı reallığını ortaya qoydu. “Gənclik şəhəri”nin komandası qarşısında ehtiyatda saxladığı oyunçuları “Qarabağ”la derbi üçün qoruyan “ağ-qaralar”ın son turda ağdamlılara da uduzması “Neftçi” üçün it də getdi, ip də getdi məsəlini xatırladır.

Transfer lazım idi

Mövsümün əvvəlində komandadan ayrılan Nikolas Kanales və Julius Vobayın gedişindən sonra alınan oyunçuların komandaya ciddi fayda vermədiyini söyləmək artıqdır. Nazim Süleymanovun komandadan ayrılma səbəblərindən birinin də məhz kollektivin yeni simalarla güclənməməsi olduğunu bilməyən yoxdur. Süleymanovu baş məşqçi postunda əvəzləyən Böyükağa Hacıyev isə “Neftçi”nin transfersiz çempion olacağını iddia etmişdi.

Amma qış fasiləsindən sonra sürətlə geriləyən “xalq komandası”nda Bahodir Nasimov və Melvin Platyenin komandanı arzulanan hədəfə çatdırmaq gücündə olmadığı bəllidir. Elə cəzalı olan müdafiəçiləri əvəzləyən İqor Mitreski və Denis Silva Kruz kimi arxa xətt oyunçuları da yaxşı heç nə ilə yadda qalmır. Qış fasiləsində Rusiyanın “Lokomativ” klubunun əvəzidici heyətindən Samir Məsimov və həmin ölkənin “Zenit”inin ikinci komandasından Elvin Bədəlovu sıralarına qatan “ağ-qaralar”ın “Sumqayıt”la oyundakı yenilgisi indiki halda gənclərə güvənməyin “öz ayağına güllə vurmaq”dan başqa bir şey olmadığını göstərdi.

18-dən 5-i

Qış fasiləsinə üçüncü pillədə yollanan son üç mövsümün çempionu fasilədən sonra çıxdığı 6 matçda cəmi 5 xal əldə etməklə beşinci sıraya qədər gerilədi. Mümkün olan 18 xaldan sadəcə 5-ni qazana bilən flaqman son turda “Qarabağ”a doğma meydanda böyükhesabla uduzmaqla lider olan ağdamlıların 10 xal gerisinə düşdü. Çempionatın sonuna qalan 12 turda bu fərqi aradan qaldırmaq istəyi isə dəryada balıq sevdasından başqa bir şey deyil.

Nizam-intizam qaydasında deyil

Mövsümün gedişində olduqca kobud oyunla diqqət çəkən “ağ-qaralar”da bu qədər intizamsızlığın olması gözlənilən deyildi. Hətta Nazim Süleymanovun baş məşqçi olduğu dövrdə komandada hökm sürən intizamsızlıq Süleymanova qarşı təxribat kimi qiymətləndirilmişdi. Qış fasiləsinə qədər “Neftçi”də daha kimlər qırmızı vərəqə görmədi ki? Stamenkoviç, Elvin Yunuszadə, Mahir Şükürov, Buruno Bertuççi, Flavinyo... Amma qış fasiləsindən sonra da “ağ-qaralar”da intizam məsələsi qaydasına düşmədi. “Xəzər Lənkəran”la matçda qırımızı vərəqə alan Karlos Kardoso, Tərlan Quliyev və Buruno Bertuççiyə son turda Araz Abdullayev də qoşuldu. Bu cür komanda ilə çempionluq yaşamaq isə mümkünsüz məsələdir.

Dönüş dönüş yaratmadı

Əslində, qış fasiləsində sabiq klubuna qayıdan Böyükağa Hacıyevə ümidlər böyük idi. Sözügedən klubla ardıcıl iki dəfə çempionluğu bayram edən və komandanı Avroliqanın qrup mərhələsinə daşıyan 55 yaşlı mütəxəsisin gəlişindən sonra flaqmanın uğursuzluq zolağına düşməsi təəccüb doğurmaya bilməzdi. Digər tərəfdən, yenidən flaqmana qayıdan məşqçilər korpusunun futbolçulardan əvvəlki münasibəti gördüyünü iddia etmək də mümkünsüzdür. bir qədər inandı-rıcı səslənmir. Hər halda, uğursuzluğa görə istefa verən məşqçi yenidən həmin komandaya qayıdırsa, bu hamı tərəfindən normal qarşılana bilməz. Ən əsası da söhbət Tərlan Əhmədovla Nazim Süleymanovun vəzifəsindən getməsində dolayısıyla rolu olan birindən – Böyükağa Hacıyevdən gedirsə, bu, bir qədər də çətindir.

İndi günah nə səndədir, nə məndə

“Xalq komandası”nın hazırkı durumu barəsində rəhbərliyin götür-qoy edəcəyi vəziyyətdən düzgün nəticə çıxaracağı asan proqnoza gələn məsələdir. İndiki halda, “Neftçi”nin qızıl medal arzusu reallıqla uzlaşmır. Odur ki, komanda Avropa Liqasına qatılmaq üçün mübarizə aparmalıdır. Mövcud durumda yalnız buna köklənmək lazımdır. Daha yerli-yersiz AFFA-nı, İntizam Komitəsini, PFL-i və hakimləri günahlandırmaq, “ağ-qaralar” zirvə yarışından uzaqlaşdıqca ictimai fikir yanlış istiqamətə yönləndirmək lazım deyil. Hazırda turnir cədvəlinin tən ortasında olan “Neftçi” günahı özündə axtarmalıdır.

Tural Məmmədov
AzVision.az



Teqlər:





Xəbər lenti