İlon Maskın anası uğurun sirlərini belə açıqladı - VİDEO

İlon Maskın anası uğurun sirlərini belə açıqladı -    VİDEO
  19 Aprel 2021    Oxunub:10848
“Yeni çağırışlar” müzakirə proqramında qonaq olan dünyanın ikinci ən zəngin adamı İlon Maskın anası, yazıçı, dietoloq və model Mey Mask öz təcrübəsini bölüşüb, övladlarının uğur sirrindən danışıb.
Təhsil Nazirliyinin “Facebook” səhifəsindən canlı yayımlanan proqramda çıxış edən xanım Maskın fikirlərinin qısa məzmununu təqdim edirik.

1) Nəzakətli, nəcib, mehriban valideynlərə malik kanadalı ailəsində böyümüşəm. Sonradan Cənubi Afrikaya köçmüşük. Valideynlərimiz bizi xeyirxahlıq, hörmət və ehtiram ruhunda böyüdüblər. Onlar bizə istənilən işlə məşğul olmağa şərait yaradıblar, müxtəlif sosial tədbirlərdə iştirakımızı təmin ediblər. Kiçik yaşlarımızdan işləməyə sövq ediblər. Məsələn, mən 8 yaşımdan iş həyatına atılmışam. Həmçinin valideynlərimiz bizim maraqlarımızı dəstəkləyib. Atamın birmühərrikli təyyarəsində bir çox ölkələrə səyahət etmişik. Bütün bunlar bizdə macəraçılıq ruhu formalaşdırıb.

2) Övladlarıma seçimlərində sərbəstlik vermişəm. Toronto Universitetində müəllim və tədqiqatçı işlədikdə onlara dedim ki, tələbə təqaüdü qazandığınız müddətcə istənilən peşənin arxasıyca gedə bilərsiniz. İlon biznes və fizika, Kimbal biznes, Toska isə film istehsalı sahəsini seçdilər.

3) Övladlarımı məsuliyyətli və özlərinə inamlı olmağa, öz qərarlarını özlərinin verməsinə təşviq etmişəm. Onların ev tapşırıqları ilə maraqlanmamışam. Bu məsiliyyət onların özlərində olub. Övladlarım xüsusi maraq göstərdikləri fənləri diqqətlə öyrənib, araşdırmalar aparırblar. Mən də həmişə işləmişəm və onlar bunu görüblər. Ailəmizdən bizə keçən zəhmətkeşlik, digər insanlara qarşı nəciblik və səmimiyyət xüsusiyyətləri övladlarımda da var. Mən onların zəhmətkeşliyinə çox sevinirəm.

4) Anam 98 yaşında əlavə təhsil almağa başlayıb. Mən anamın dəsti-xəttini davam etdirirəm, hazırda da oxuyuram, öyrənirəm. Mənim də bu xüsusiyyətlərim övladlarıma keçib. Övladlarım da daim oxuyur, öyrənirlər və bu yolda biz bir-birimizi dəstəkləyirik. Özüm də məktəbdə çox yaxşı oxmuşam, kifayət qədər intizamlı olmuşam.

5) Övladlarımın uğurunu onların inadkar və əzmkar olmaları ilə əlaqələndirirəm. Onlar müxtəlif təşəbbüslərində dəfələrlə rədd cavabları almalarına baxmayaraq yollarından dönməyiblər.

6) İlonun Mars xəyallarının reallaşmasında atamın təyyarəsinin xüsusi rolu olub. Atamın macəraçı ruhu hər ikimizə keçib.

7) İkinci əl geyim və kitablar almaq məcburiyyətində qaldığım günlər də olub. Dərk etmişəm ki, əgər yeməyə çörəyin, başının üzərində tavan varsa, bu, xoşbəxtliyin təməlidir, başqa şeylər lüks və komfortdur.

8) Həyatdakı döngələrdən uğurla çıxmaq üçün plan lazımdır. Əgər siz məyus qalmaq istəmirsinizsə, plan qurmalısınız. Bir plan baş tutmursa, onu dəyişmək lazımdır. Bu, həyatın tələbidir.

9) Hər günə yeni enerji və həyəcanla başlayıram, düzgün qidalanıram. Təsəvvür edin ki, 73 yaşımda Nyu-Yorka köçərək, həyatımı yenidən başlayacağam.

10) Yaxşı niyyətlə görülən işin qədrini bilin, nə qədər çox çalışsan bir o qədər şanslı olarsan, əsla təşəbbüsündən imtina etmə, gülümsə, dik dur və indi başla. Onu da unutma ki, maraqlı olmaq gözəl olmaqdan daha yaxşıdır.

Xatırladaq ki, “Yeni Çağırışlar” Təhsil Nazirliyinin dəstəyi və “T-network” platformasının təşkilatçılığı ilə Cəfər Mənsiminin təqdimatında yayımlanır. Xanım Mask ilə görüşün informasiya dəstəkçisi “Belə-belə işlər” olub. Sözügedən görüşü buradan izləyə bilərsiniz.



Teqlər: Mey-Mask  





Xəbər lenti