Xalq artistlərinin Eldar Quliyevlə bağlı xatirələri: “O, həm də yaxşı müəllim idi”

  19 Aprel 2021    Oxunub : 3023
 Xalq artistlərinin Eldar Quliyevlə bağlı xatirələri:  “O, həm də yaxşı müəllim idi”
“Eldarın rəhmətə getdiyini eşidəndə özümə yer tapa bilmirdim”.
Bunu Azvision.az-a Xalq artisti Ənvər Həsənov bir neçə gün əvvəl dünyasını dəyişən sənət dostu, kinorejissor Eldar Quliyevlə bağlı xatirələrindən danışarkən deyib. Aktyor E.Quliyevin 5 filmində çəkildiyini bildirib.

“Mənim ona çox böyük hörmətim, izzətim var. Təsəvvür edin ki, biz 1966-cı ildən bir yerdə fəaliyyət göstərmişik. Eldar müəllimin 5 filmində çəkilmişəm. 1973-cü ildə“Bizim küçənin oğlanları” filminə çəkilirdim. Həmin filmin çəkilişləri bitəndən sonra Bakıya gəldim. 23 yaşım var idi və bir ay sonra əsgər gedəcəkdim. Əslində məni aparmırdılar. Özüm hərbi xidmətdə olmaq və böyük kişilik məktəbindən keçmək istəyirdim.

Eldar müəllim məni dəhlizdə görüb hal-əhvalımı soruşdu. Dedim, bir aydan sonra əsgər gedəcəyəm. Bildirdi ki, bir ay vaxtım var və bu müdətdə onunla birgə Çexislovakiyaya gedib filmə çəkilə bilərəm. Bu, “Səmt küləyi” filmi idi. Mən razılaşdım. Orada baş qəhrəman Həsən Məmmədovun davamçısı obrazını oynayacaqdım. Dedim, necə məsləhət görürsünüzsə, elə olsun. Xarici pasportumun olub- olmamağı ilə maraqlandı. Bildirdim ki, var.



Eldarda olan səmimiyyət, mehribanlıq ömrünün axırına kimi qaldı. Ondan sonra bir neçə filmdə işlədik. Axrıncı dəfə 1979-cu ildə “Babək”in çəkilişlərində iştirak etdik. Tərxan obrazını oynayırdım, eyni zamanda, Eldarın assisenti idim, həm də kaskadyor kimi ata minə bilməyən insanlara kömək edirdim. Eldar o xüsusiyyətə çox böyük diqqət göstərən insan idi. Neçə dəfə bir süfrə arxasında əyləşmişik, bir-birimizin sağlığına tost demişik. Onun Azərbaycan kinosunda çox gözəl bir istiqaməti, yolu vardı. Bu da əlbəttə ki, birinci növbədə Eldarın insanlığından irəli gəlirdi. Allah onun atası Tofiq Quliyevə də rəhmət etsin. Kinomuza neçə-neçə gözəl musiqilər yazıb”.

Aktyor mərhum rejissorla sonuncu dəfə iki il bundan öncə görüşdüyünü dilə gətirib:

“Bir ildir ki, Şüvəlanda yaşayıram. Şəhərə nadir hallarda gedirəm. Eldarla təxminən iki il bundan qabaq görüşmüşəm. Hansısa telekanala çəkilişə gedirdim, yol üstü Eldarı da götürüb qəbiristanlığa apardım. O, hər 15 gündən bir yoldaşını ziyarət edirdi. Eldarın rəhmətə getdiyini eşidəndə özümə yer tapa bilmirdim. İndi isə biz onun məzarını ziyarət edirik”.



Xalq artisti Rasim Balayev də Eldar Quliyevlə bağlı xatirələrini yada salıb:

“Onun “Babək” filmində rol oynamışam, “Sevinc buxtası” filmində epizoda çəkilmişəm, “Nə gözəldir bu dünya” filmində isə ikinci dərəcəli rolum olub. O, məni “Sevinc buxtası” filmində baş rola çəkmək istəyirdi. Həmin vaxt başqa bir filmlə üst –üstə düşdü deyə Əliabbas Qədirov çəkildi.

Eldar savadlı rejissor idi. Dünya kinosunu bilirdi. Eldarın bütün xarici filmləri görmək imkanı var idi. Onun böyük kinoda ilk işi “Bir cənub şəhərində” filmi idi. Çox uğurlu alındı. O filmi əvvəlcə ekrana buraxmadılar. Bəzi məqamlarını tənqid etmişdilər. Ulu Öndər Heydər Əliyev baxıb dedi ki, normal filmdir. Ondan sonra icazə verdilər. Eldar həm bədii, həm də sənədli filmlərin müəllifi idi. O, həm də yaxşı müəllim idi. Tələbələr yetişdirirdi. Azərbaycan kinosu Eldar Quliyevin simasında böyük bir adamı itirdi. Bir təsəlli var ki, filmləri ilə həmişə yaşayacaq”.

Qeyd edək ki, Xalq artisti Eldar Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: EldarQuliyev   RasimBalayev   ƏnvərHəsənov