Maliyyə amnistiyası kimlərə tətbiq olunmalıdır? – TƏHLİL

Maliyyə amnistiyası kimlərə tətbiq olunmalıdır? – TƏHLİL
  03 Mart 2014    Oxunub:1741
İnkişaf etmiş ölkələrdə dövlət büdcəsinin gəlirlərinin əsas hissəsini fiziki şəxslərdən gəlir vergisinin təşkil etdiyi məlumdur. Adı çəkilən vergi növü həmin ölkələrin əsas maliyyə sənədində o dərəcədə mühüm yer tutur ki, böhran yaranan kimi dərhal ona dəyişiklik edilir və sözügedən vergi növünün tədbiqi və dərəcələri üzrə diferensiallaşdırma həyata keçirilir.

Qlobal maliyyə və iqtisadi böhranın nəticələrini aradan qaldırmaq və dövlət büdcəsində yaranan kəsiri azaltmaq məqsədilə ABŞ başda olmaqla, Yunanıstan ilə Fransada atılan addımları xatırlamaq kifayətdir. Həmin ölkələrdə əhalinin varlı təbəqəsinin vergi yükü artırılsa da, cəmiyyətdə heç bir narazılıq doğurmadı.

Bizdə isə belə deyil: fiziki şəxslərdən gəlir vergisi dərəcələrinin kifayət qədər ağır təşkil etməsinə rəğmən, əvvəla dövlət büdcəmizin mədaxilində o, mühüm yer tutmur, ikincisi də sözügedən vergini ölkədə əhalinin daha çox hansı təbəqəsinin ödədiyi də aydın deyil. Üstəlik, ondan yayınma halları da problem sayılır. Hökumət hər dəfə buna qarşı ciddi mübarizə apardığını desə də, həyata keçirilən addımlar istənilən nəticəni vermir.

Odur ki, ölkədə gəlirlərin bəyannaməsi haqda müvafiq mexanizmin fəaliyyət göstərməsi vacibdir. Özü də təkcə, əhalinin hansısa qrupuna və yaxud təbəqəsinə yönəlik deyil, sosial statusundan və cəmiyyətdə mövqeyindən asılı olmayaraq bütün vətəndaşlar üzrə...

Başqa sözlə desək, əmək qabiliyyətli, o cümlədən, pensiya və sosial müavinətlərdən yararlananlar da nəğd pul və maddi ifadədə gəlirləri barədə ildə 1 dəfə də varsa, məlumat verməlidirlər.

Ancaq bunu həyata keçirmək mümkün deyil. O səbəbdən ki, ölkəmizdə iqtisadi vəziyyətinə görə əhali arasında elə kəskin təbəqələşmə və ciddi differensiallaşma gedib ki, bəzilərinə bu, sərf etmir. Xüsusən də, ötən 10 illik ərzində ölkəyə böyük həcmdə neft gəlirlərinin daxil olması nəticəsində bu, daha da dərinləşib.

Bəs, çıxış yolu nədədir? Əhalinin gəlirlərinin fərdi şəkildə aşkarlanması üçün nə etmək lazımdır? Başqa sözlə desək, “Gəlirlərin deklarasiyası haqda” qanun üçün nə tələb olunur?

Yeri gəlmişkən, ötən müddət ərzində bu sahədə heç bir təşəbbüs həyata keçirilməyib desək, səhv edərik. Ölkədə 2005-ci ildə vəzifəli şəxslər barədə belə bir hüquqi addım atılmışdı: sadəcə, həmin addım yarımçıq qaldı.

Məsələ ondadır ki, bu yaxında vergilər nazirinin də söylədiklərinə əsasən, ölkədə əhalinin iqtisadi vəziyyətinə görə real olaraq diferensiallaşma səviyyəsini müəyyən etmədən və varlı təbəqəni de-yure üzə çıxartmadan vətəndaşların gəlirlərinin fərdi uçotuna nail olmaq mümkün deyil. Qısa desək, əvvəl varlı təbəqəni aşkar etmək lazımdır ki, bunun üçün də maliyyə amnistisyası qəbul olunmalıdır.

Düzdür, 2006-cı ildə bir qrup ekspert Azərbaycanda bəzilərinin həddindən çox varlı olmasının onlara vəsaitlərindən sərbəst istifadə etmələri üçün müvafiq şərait yaradılmasını tələb etdiyini bildirmişdilər. Onlar qeyd etmişdilər ki, bu adamların həmin vəsaitləri necə əldə etdikləri haqda deyil, daxildə inkişafa xərclənməsi barədə düşünmək lazımdır.

Amma sual doğurdu ki, kimlərin? Söhbət, hansı varlılardan gedir?

İş bundadır ki, bəzi məmurlar da varlıdırlar. Postsovet ölkələrinin əksəriyyətinə xas olan xüsusiyyətə görə, bəzi məmurlar sahibkarlardan varlıdırlar. Sahibkar onsuz da fəaliyyətindən vergi ödədiyi üçün onların malını və mülkünü təkrar üzə çıxardaraq buna görə, əlavə vergi tutmaq məntiqsizlikdir. Yox əgər, düzgün ödəmirsə deməli, vergi mexanizmində çatışmazlıqlar var. Bunda maraq güdənlər olanda isə sahibkarlarla yanaşı, onlar da varlanmalıdırlar.

Odur ki, sual yaranır: amnistisaya məmurlara da tədbiq edilməlidirmi?

Bizcə, başqa çarə yoxdur. Ona görə ki, Azərbaycanda maliyyə amnistisiyası haqda söhbət düşən gündən bunun, ölkədə korrupsiyaya qarşı mübarizə üçün də əhəmiyyətli olduğu vurğulanır. Və Vergilər Nazirliyi o vaxtdan araşdırmalara başladığını və gəlirlərin leqallaşdırılmasının ümumi deklarasiya sisteminə keçid üçün zəruri olduğunu bildirmişdi.

Bu, həmçinin 2005-ci ildə təsdiq olunan vergi idarəçiliyinin təkmilləşdirilməsinə dair 2005-2007-ci illər üçün nəzərdə tutulan Dövlət Proqramında da müəyyən edilmişdi. Lakin eyni zamanda əlavə edilmişdi ki, maliyyə amnistisiyasına dair müvafiq hüquqi-normativ bazanın yaradılması Azərbaycanda bunun tətbiqinə ehtiyac olub-olmadığı aydınlaşdırıldıqdan sonra mümkün olacaq.

Çünki maliyyə amnistisiyası adətən, bir sistemdən digərinə keçid və yaxud hakimiyyət dəyişikliyi baş verən zaman həyata keçirilir. Və bunda da məqsəd müəyyən qrup vətəndaşların qeyri-qanuni yolla əldə etdikləri maddi sərvət və var-dövlətı leqallaşdırmaqdan ibarət olur. Bu isə cəmiyyətin parçalanması ilə ölkədən kapital axının qarşısını alır.
Azərbaycanda belə vəziyyət yaranmayıb və yoxdur. Ancaq bu o demək deyil ki, ölkədə qeyri-qanuni yolla kifayət qədər maddi sərvət və yaxud var-dövlət toplamış şəxslər də mövcud deyil.

Ölkədə indiyədək artımı əgər, neft sektoru müəyyən edirdisə bundan sonra qeyri-neft sahələri lokomitiv təşkil edəcəyindən, son illər korrupsiyaya qarşı mübarizə və onun aradan qaldırılması iqtisadiyyatın inkişafında əsas tələbə çevrilmişdir. Odur ki, ölkədə korrupsiya əleyhinə effektiv nəticəyə nail olmaq məqsədilə nəzərdə tutulan tədbirlərdən biri də dövlət məmurlarının gəlirləri haqqında bəyannamə vermələrinə nail olmaqdır.

Azərbaycanda gizli və yaxud “kölgə” iqtisadiyyatının olduğunu hökumət də etiraf edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, onun ölkə iqtisadiyyatında payı əvvəl ikirəqəmli səviyyədə təşkil edirdisə, çoxdan birrəqəmliyə düşüb. “Kölgə” iqtisаdiyyаtı isə gəlirlərin gizlədilməsindən ibarətdir. Bunun bir nеçə səbəbi var: vеrgi yüкünün аğırlığı, hər hаnsı bir sаhibкаrın rеputаsiyаsının və yа fəаliyyət sfеrаsının qanuna zidd gəlməsi, nəhayət, məmur himаyəçiliyi...

Düzdür, maliyyə amnistisiyası ölkədə korrupsiyaya qarşı mübarizədə ciddi əhəmiyyət kəsb edə bilməz. Amma gəlirlərin bəyan edilməsi üçün ilkin rol oynaya bilər ki, bu da heç kimin qazancını başqası ilə paylaşmalı olmadığı halda, ondan dövlətə vergi ödəməsi ilə nəticələnməlidir.

Bu, sağlam iqtisadi münasibətlərin formalaşması üçün zəruri şərtdir. Yalnız belə şəraitdə bizdə də, fiziki şəxslərdən gəlir vergisi dövlət büdcəsinin gəlirlərinin əsas hissəsində mühüm yer tuta bilər.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər:  





Xəbər lenti