Zəngəzurun Ermənistana verilməsi: Mötəbər mənbələr nə deyir?
Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı nitqi tarixi gerçəklikləri əks etdirir. Bu regionda aborigen olmayan ermənilər bizim tarixi torpaqlarımızda çarizm tərəfindən bəlli məqsədlər naminə yerləşdiriliblər, təşkilatlanıblar, varlanıblar və ardınca da qondarma dövlətlərini qurublar.
Zəngəzurun Ermənistana verilməsi tarixi qısa olaraq aşağıdakı kimidir: Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P Qafbüronun üzvlərinin keçirilən birgə iclasında (protokol №4, 2-ci bənd) “Ermənistanda vəziyyət haqqında Leqran yoldaşın məruzəsi” müzakirə edildi. İclasın sədri Q.Kaminski, katibi isə Lozner idi. İclasda Nərimanov, Hüseynov və Yeqorov, Stalin, Orconikdize, Stasova, Şeynman, Leqran, Qabrielyan və Qarayev iştirak edirdilər. Məruzə ilə Leqran çıxış etdi. Məxfi qərarlar qəbul edildi. Ermənistan ilə Rusiya arasında imzalanacaq sülh müqaviləsində Zəngəzurun Ermənistana verilməsinin əks olunmasına dair məsələ barədə Siyasi Büro üzvləri belə bir fikir söylədilər ki, bu, siyasi və strateji baxımdan faydalı deyildir və yalnız ən çıxılmaz halda edilə bilər.Yəni, Azərbaycana məxsus olan bir ərazini onun iştirakı olmadan Rusiyanın müqavilə ilə Ermənistana verməsi düzgün hesab edilmədi. Bu zaman Ermənistan hələ sovetləşdirilməmişdi. Müvafiq təklifin Azərbaycandan gəlməsi daha uyğun görüldü. Siyasi Büronun Naxçıvan və Zəngəzur haqqında fikrinin motivlərini tərtib etmək Nərimanova tapşırıldı. Lakin biz bu yazıda Naxçıvanla deyil, sırf Zəngəzurla bağlı məsələyə diqqət yetiririk.
1920-ci il noyabrın 16-da İ.V.Stalin Vladiqafqazdan V.İ.Leninə göndərdiyi şifrəli teleqramda yazırdı:
“Təhlükə Bakını üç tərəfdən təhdid edə bilər. Birinci təhlükə cənubdan İngiltərə tərəfdəndir. Əgər Ənzəli və Rəşt şah hökumətinə verilsə, indi İranda yeganə real hakimiyyət İngiltərədədir. Belə vəziyyətdə İngiltərə Xəzər dənizinə bir neçə sualtı qayıq buraxa, bizim su nəqliyyatımızı poza bilər. Əgər o, qoşunlarını bir qədər də şimala doğru gətirərsə, onda Bakının müdafiəsi üçün xeyli qüvvə lazım olacaqdır. Belə təhlükəni aradan qaldırmaq üçün ingilislər İrandan çıxana qədər Ənzəli və Rəştdə müvəqqəti olaraq qalmaq barədə şərt qoymaq lazımdır. İkinci təhlükə Türkiyə tərəfdəndir. Əgər Türkiyə Ermənistanda qalarsa, onda Azərbaycan ilə ümumi sərhəd qazanar. Bu təhlükəni aradan qaldırmaq üçün indiki şəraitdən istifadə edərək Ermənistanı sovetləşdirmək, erməni sovet pazı ilə Türkiyə və Azərbaycanın arasına vurmaq lazımdır. Üçüncü təhlükə Gürcüstan tərəfdəndir, yəni Antanta tərəfdəndir. Məsələ ondan ibarətdir ki, Tiflis ilə Yelizavetpol arasında ərazi qərbdən olan hücumların qorunması üçün münasib deyildir. Elə ilk hücum zamanı düşmən Yelizavetpolda ola bilər. Burada o, heç şübhəsiz, burjua Azərbaycan hökuməti qurar, bununla da bizim Azərbaycandakı qoşunlarımızın arxasında qərar tutar. Burjua Gürcüstanı mövcud olduqca bu təhlükə bütün təhlükələrdən daha ciddi təhlükə olacaqdır. Ona görə də biz Gürcüstana qarşı daim ciddi qüvvələr saxlamalı olacağıq. Bu təhlükəni aradan qaldırmaq üçün indi Gürcüstanı sovetləşdirmək və öz qoşunlarımızı Tiflisə doğru hərəkət etdirmək lazımdır. Gürcüstanın sovetləşdirilməsi Şimali Qafqaz əksinqilabçılarının arxa cəhbəsini əllərindən alar və Şimali Qafqaz donmuş olar”.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan bir gün sonra, noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilati Bürosunun iclasında Ermənistan ilə əlaqələrə dair məsələ müzakirə edildi. Müzakirə nəticəsində aşağıdakı qərarlar qəbul olundu:
“Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir; Zəngəzur...Ermənistana keçir...bu qətnaməni tərtib etmək Nərimanova tapşırılsın”.
Tapşırığı yerinə yetirən N. Nərimanov Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli iclasında etdiyi nitqində Zəngəzurun Ermənistana güzəştə gedildiyini bildirdi. Bəyanatda yazılırdı:
“Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur... qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir; ...Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının qoşunları buradan çıxarılır”.
Daşnakların “Aşxatavor” (“Zəhmətkeş”) qəzeti bəyanatın verilməsinə dair əmrin Moskvadan gəldiyini yazırdı. Sovet mətbuat bürosunun müdiri Yerofeev N.Nərimanovun məlum bəyanatından bir neçə gün sonra, dekabrın 10-da G.Çiçerinə həmin qəzetdə dərc edilmiş bir yazı haqqında məlumat göndərdi. Qəzet yazırdı:
“Moskvadan göndərilən əmrə uyğun olaraq Azərbaycanın Zəngəzurdan ... imtina etməsini biz alqışlayırıq”.
“Aşxatavor” qəzeti daha sonra yazırdı:
“Zəngəzurdan...imtina edən Azərbaycan gücsüz Ermənistana kömək etmək istəyir. Azərbaycanın seçdiyi yol iki xalqın dinc yaşamasının fundamentinə xidmət edir”.
Ermənistan rəhbərləri N.Nərimanovun bu bəyanatından məmnun qalmışdılar. Onlar daşnak iddialarını gerçəkləşdirdiklərinə sevinirdilər. RK(b)P Qafqaz diyar komitəsinin katibi A.M.Nazaretyan 30 noyabr tarixindəki telefon danışığında Orconikidzeyə demişdi ki, əhsən azərbaycanlılar, mən sabahdan mətbuatda ucadan danışmağa başlayacağam.
Beləliklə, tarixi torpağımız olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Türkiyənin Azərbaycan və türk dünyası ilə quru əlaqəsi kəsildi ”.
Musa Qasımlı,
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor
Azvision.az üçün
Teqlər: Zəngəzur