Azərbaycan və İordaniya arasında mədəni əlaqələr müzakirə edilib

Azərbaycan və İordaniya arasında mədəni əlaqələr müzakirə edilib
  12 Mart 2021    Oxunub:1524
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşeh ilə görüşüb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, görüşdə nazir Anar Kərimov Azərbaycanla İordaniya arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurlu inkişafını qeyd edərək ölkələrimiz arasındakı dostluq münasibətlərinin mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsinə təsir etdiyini bildirib.

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin yanvarın 12-də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə ziyarətindən söz açan Anar Kərimov nümayəndə heyətinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin necə məhv edildiyinin şahidi olduqlarını diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən İordaniya səfiri iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirərək əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Görüşdə iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin və birgə sərgilərin təşkili, əməkdaşlığın gələcək perspektivləri, təcrübə mübadiləsi, həmçinin həyata keçiriləcək birgə layihələr ətrafında müzakirələr aparılıb.

Azvision.az



Teqlər: Azərbaycan   İordaniya  





Xəbər lenti