Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL

   Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır –    TƏHLİL
  12 Mart 2021    Oxunub:8335
Ölkəyə avtomobil idxalı sahəsində vergi və gömrük rüsumlarında dəyişiklər ediləcək. Bu dəfə əks istiqamətdə, yəni yumşaltmalar olacaq. Məsələn, elektrik mühərrikli avtomobillərin idxalında bütün gömrük və vergi rüsumları aradan götürüləcək, həmçinin, hibrid avtomobilləri üzrə də bəzi azadolunmalar tətbiq ediləcək. Lakin istehsal tarixi yeni olan adi avtomobillər üzrə hansı yumşaldıcı addımların atılacağı dəqiq bəlli deyil. Ən mühüm olanı da budur.
Bəli, gələcək hibrid və tam elektrik mühərrikli avtomobillərindir. Ancaq adi avtomobillərin tarixə çevriləcəyi gün də yaxın dövrdə baş tutacaq məsələ deyil. Elektromobillərin geniş idxalı əvvəla, maya dəyəri baha olduğundan, yəni onların qiymətlərinin yüksəkliyi ucbatından, digər tərəfdən isə, ölkə daxilində həmin avtomobillərdən geniş istifadə üçün müvafiq infrastrukturun hələ ki tam mövcud olmaması səbəbindən əlverişli sayılmır. Bazarda tələb ən çox adi avtomobillərədir.

Düzdür, adi avtomobillər üzrə də idxalda yumşaltmalar gözlənilir. Ancaq bu, daha dərin və əhəmiyyətli xarakter daşısa, yaxşıdır. Çünki adi, yəni yanacaqla işləyən avtomobillərin idxalı iqtisadiyyat üçün çox əhəmiyyətli məsələdir, bəlkə də göstəricidir desəm, daha uyğun olar. 7-8 il öncə ölkəyə minik avtomobillərinin idxalı və satışı indikindən qat-qat geniş və yüksək idi. Bunun da 3 başlıca səbəbi var idi: Birincisi, ölkəyə neftin qiymətlərilə bağlı daha çox valyuta daxil olurdu, ikincisi, manat ABŞ dollarından baha idi, yəni 1 dollar 78 qəpiyə bərabər idi, üçüncüsü isə kommersiya bankları üzrə kreditləşdirmə asan idi. Və ən əsası, vergi və gömrük rüsumları indiki səviyyədə deyildi. Bu siyasət hansı məqsədə xidmət edirdi, ilk gündən bəri hələ də aydın deyil.

Bu günlərdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirdi ki, əhali qiymətlər baha olduğundan, son illər daha çox işlənmiş avtomobillər aldığından, ölkədə mövcud avtomobil parkı köhnəlib və bu proses davam edir. Sual edirəm: bəs cəmi 5-6 il öncə ölkəyə gətirilən yeni avtomobillər üzrə vergi və aksiz dərəcələrinin artırılması siyasətinə start verilərkən bu, aydın deyildi ki, avtomobil parkı köhnələcək?! Və ölkəyə minik avtomobillərinin idxalına və satışına qoyulan yüksək vergi, o cümlədən, gömrük dərəcələrindən doğan mənfilik təkcə bundan ibarətdirmi? Başqa mənfilikləri niyə demirik?

Ölkədə bank sektorunu da az-çox işlək vəziyyətdə saxlayan məhz bu amil, yəni avtomobil idxalı idi. O cümlədən, bir çox sahibkarlıq strukturlarının, iri holdinq və özəl şirkətlərin də işləri yaxşı gedirdi. Xatırladım ki, istehlak kreditlərinin verilmə proseduru üzrə sərtləşdirmə tədbirləri ilk dəfə məhz avtomobil satışına tətbiq edildi. 2014-cü ildən tətbiq olunmağa başlanan həmin bu addımın əsas hədəfi bilavasitə minik avtomobillərinin satışını azaltmaq idi.

Bundan başqa, Nazirlər Kabineti də ölkədə dövriyyəyə buraxılan (idxal olunan və daxildə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə tələbatın 2014-cü ilin aprelin 1-dən “Avro-4” ekoloji normaya keçirilməsi haqda qərar qəbul etmişdi. Halbuki, “Avro” standartı heç bir ölkədə avtomobil idxalını məhdudlaşdırmaq məqsədi daşımayıb və daşımır. Ancaq bizdə əsas hədəf bu idi.

Nə baş verdi? Minik avtomobillərinin gətirilməsi və satışı tempi enməyə başladı, avtomotik olaraq, kommersiya banklarının fəaliyyətləri zəiflədi, onların onsuz da sağlam olmayan maliyyə vəziyyətləri pisləşməyə doğru istiqamət götürdü, dövriyyədə nəğd pul kütləsinin artım sürəti azalmağa doğru istiqamət aldı, iqtisadi aktivlik düşdü. Bir çox iri holdinq, böyük şirkətlərin fəaliyyətləri, işləri məhdudlaşaraq, dar çərçivəyə endi. Və bütövlükdə, ölkədə ticarət dövriyyəsi daraldı.

Bilavasitə kommersiya bankları ilə bağlı qeyd edim ki, onların problemləri məhz avtomobil alışının kreditləşdirilməsinə qoyulan məhdudiyyətlərdən sonra üzə çıxdı. Belə ki, paralel olaraq, neftin dünya bazar qiymətlərinin də enməsilə, tərslikdən hər şey eyni vaxta düşdü. Yəni, neft də məhz 2014-cü ilin iyun ayından ucuzlaşmağa başladı ki, sonradan manatın devalvasiya prosesi baş verdi və bu, bankları lap "beli üstə" qoydu...

Hələ bütün bunlara rəğmən, sonrakı ötən hər bir ilin yanvarın 1-dən iri həcmli mühəriki olan minik avtomobillərin idxalına qoyulan vergi rüsum dərəcələri artırılmaqda davam etdirildi.

Odur ki, hələ ilk vaxtdan yazırdım: Ölkədə bankları dirçəltmək, iqtisadi aktivliyi tam bərpa etmək, ticarət dövriyyəsini artırmaq, dövriyyədə nəğd pul kütləsi həcmini genişləndirmək üçün bu siyasətə son qoyulmalı, minik avtomobillərinin idxalındakı məhdudlaşdırıcı tədbirlər yumşaldılmalı, istehlak kreditlərinin verilməsi, xüsusən də onun minik avtomobillərinə yönəlik ödənilməsi proseduru 2014-cü ildən əvvəlki dövrə qaytarılmalıdır.

Ümumiyyətlə, avtomobil parkının sürətlə köhnəlməsi qarşısını almaq, əhalinin istifadəsində olan avtomobillərin daha yeni və müasir olması, həmçinin ekologiyanı da qorumaq üçün yeni avtomobillərin alışına əlçatanlıq yüksək səviyyədə təşkil edilməli, gömrük rüsumları azaldılmaqla bankların kreditləşdirmə mexanizmi də ağırlaşdırılmalı deyil, əksinə, yüngülləşdirilməlidir.

Bəli, Azərbaycanda bu gün minik avtomobilləri istehsal olunur, bu, çox böyük və müsbət hadisədir. Ancaq bu avtomobillərin ölkəyə gətirilənlərlə müqayisədə rəqabət qabiliyyəti, keyfiyyəti və alıcı cəlb etmək imkanları azdır. Digər mühüm mənfi cəhət isə ondan ibarətdir ki, yerli istehsala məxsus avtomobillər kifayət qədər bahadır. Bu, heç də əlverişli vəziyyət sayılmır. Onsuz da bazarda qiymətlər yüksəkdir. Yəni, demək istədiyim odur ki, “yerli istehsalı qorumaq” mülahizəsi də bütün qeyd olunanlar kontekstində əsassızdır. Odur ki, minik avtomobillərin idxalına qoyulan müxtəlif rüsum dərəcələri azaldılmalı və bu sahədə kommersiya bankları üçün geniş kreditləşdirməyə şərait bərpa olunmalıdır.

Ölkəyə avtomobil idxalı sahəsində mövcud vergi və gömrük rüsumlarının əhəmiyyətli dərəcədə azaldılması iqtisadi aktivlik üçün ən ciddi təsir vasitəsi, katalizator ola bilər ki, bunun xüsusən, indiki dövrdə nə demək olduğu aydındır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Avtomobil   Gömrük   Rüsum  





Xəbər lenti