BDU-nun müəllim heyəti gənclərə müraciət etdi

BDU-nun müəllim heyəti gənclərə müraciət etdi
  24 Fevral 2014    Oxunub:1617
"Sosial şəbəkələrdə yayılan məlumatlardan görünür ki, müxtəlif qüvvələr tələbələrdən sui-istifadə edərək respublikada siyasi sabitliyi pozmaq məqsədini güdürlər".
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Bakı Dövlət Universitetində tələbələrin son etiraz aksiyası ilə əlaqədar bir qrup ziyalı və pedaqoq gənclərə müraciət edib. Akademiklər Vasim Məmmədəliyev, Bəhram Əsgərov, Fikrət Əliyev, AMEA-nın müxbir üzvləri Vasif Babazadə, Məsumə Məlikova, Rəfiqə Əliyeva, Məhəmməd Mehdiyev və daha 63 nəfərin imzaladığı müraciətdə deyilir:

"Əziz gənclər! Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti 24 dekabr 2013-cü il tarixində “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” ilə bağlı qərar qəbul etmiş, bunun əsasında AR Təhsil Nazirliyi 21 yanvar 2013-cü il tarixində müvafiq əmr vermişdir. Bütün universitetlər və digər təhsil müəssisələri üçün nəzərdə tutulan bu mütərəqqi qərar və əmrdə bir çox məsələlərə aydınlıq gətirilmiş, tələbələr üçün yaradılan əlverişli hallarla bərabər belə bir bənd də əlavə edilmişdir ki, akademik borcu olan tələbə semestr ərzində 30 kreditdən əlavə kredit götürərsə, bu kreditlər üçün müəyyən vəsait ( bir kredit üçün orta hesabla 25 manatdan 34 manata kimi) ödəməlidir. Bu ödəmə həm də tələbələrdə müəyyən məsuliyyət hissi yaratmaq məqsədilə nəzərdə tutulmuşdur. Qeyd edək ki, bu sessiya ərzində BDU-nun 20 min tələbəsindən akademik borcu olanlar 3200 nəfər təşkil etsə də, bunlardan yalnız 200 nəfərə yaxını pul ödəməli olacaqdır ki, bunlar da tələbələrimizin cəmi 1 %-ni təşkil edir. Demək, 99% bu prosesdən kənarda qalır.

Lakin təəssüf ki, bu məsələ ölkəmizdəki sabitliyi, əmin-amanlığı gözü götürməyən bəzi bədxahlar üçün bəhanəyə çevrilmiş, məsələnin mahiyyətini bilməyən gəncləri təxribat xarakterli çağırışlarla iğtişaşlara səsləmiş, sosial şəbəkələrdə guya “tələbələrin cibinə girmək”, “gənclərə sayqısızlıq” və s. cəfəng iddialarla məlumatlar yaymışlar. 17 fevral və 18 fevral tarixlərində bizim də iştirakımızla (BDU–da 2-ci semestrin dərsləri başladıqdan dərhal sonra) rektor akademik Abel Məhərrəmov və digər rəhbər işçilər bu məsələ ilə ciddi məşğul olmağa, tələbələrlə görüşməyə və onların arasında izahat işi aparmağa başlasalar da, hansısa naməlum qüvvələr 20 fevral tarixində növbədəyişmə vaxtında (I növbənin dərsləri qurtaran və II növbənin dərslər başlayan müddətdə) BDU-nun qarşısında aksiya keçirməyə nail oldu (Yeri gəlmişkən, aksiyaya toplanmış 30-40 nəfərin BDU ilə heç bir bağlılığı yox idi, böyük bir hissəsi isə, ümumiyyətlə tələbə olmayan şübhəli şəxslər idi). Rektor toplaşanlarla görüşüb müzakirəni sivil formada davam etdirmək üçün 21 fevral tarixində BDU-nun böyük akt zalına vaxt təyin etdi.

Həmin görüşdə biz də iştirak edirdik. AR NK-nin yeni qərarına aydınlıq gətirmək məqsədilə BDU rəhbərliyi və Təhsil Nazirliyinin nümayəndələri iki saata yaxın izahat işi apardı, səslənən suallara ətraflı cavablar verildi və qeyd edək ki, hamı razı qaldı. Lakin tədbirin sonunda müzakirə edilən məsələyə dəxli olmayan təxribat xarakterli sual səsləndirildi və təəssüf ki, bir sıra mətbuat orqanları və sosial şəbəkələr 2 saatlıq tədbirdəki müsbət hallar barədə bir kəlmə yazmasalar da, 2 dəqiqəlik təxribatı böyüdərək qlobal problem kimi təqdim etdilər.

Bununla belə, həmin gün rektorluğun iclası keçirildi, münaqişə komissiyasında mübahisəli olan yüzlərlə iş tələbələrin xeyrinə həll olundu, onlarla müraciətin müsbət həll olunması barədə qərar qəbul edildi. Yəni hal-hazırda BDU-da narazılıq doğuracaq heç bir problem yoxdur. Ancaq sosial şəbəkələrdə BDU tələbələrinə, o cümlədən Bakı şəhərindəki bütün ali məktəb tələbələrinə müxtəlif çağırışlar edilir, fevralın 24-də yenə də növbədəyişmə vaxtı onlar müxtəlif tələblərlə yenidən aksiya keçirmək üçün BDU-nun qarşısına dəvət olunurlar.

Hörmətli gənclər!

Regionun sabit ölkəsi kimi gündən-günə inkişaf edən respublikamızın uğurları, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilən nailiyyətlər bədxahlarımızı narahat edir. Bundan ötrü xalqımızın milli qürur mənbəyi olan Bakı Dövlət Universitetindən istifadə etməkdən də çəkinmirlər. Sosial şəbəkələrdə yayılan məlumatlardan görünür ki, müxtəlif qüvvələr tələbələrdən sui-istifadə edərək respublikada siyasi sabitliyi pozmaq məqsədini güdürlər. Məlumat üçün bir daha bildiririk ki, sosial şəbəkələrdə çağırış edən şəxslərin yalnız az bir hissəsi BDU tələbələridir. Əksəriyyət isə digər ali məktəblərin və özünü tələbə kimi qələmə verən, əslində isə heç tələbə olmayan müxtəlif qrupların nümayəndələridir. Bütün bu proseslər bütün həyatını elmə, təhsilə bağlayan biz ağsaqqalları narahat etməyə bilməz! Biz ömrümüzün 50 ilə yaxın dövrünü BDU-da keçirərək bütün zamanlarda onu göz bəbəyi kimi qorumuşuq. İstəyirik ki, özümüzdən sonrakı nəsillərə onu belə saf, müqəddəs məbədgah kimi ötürə bilək. Danmaq olmaz ki, universitetimiz son illərdə elm və təhsil sahəsində böyük uğurlar qazanmış, dünyanın qabaqcıl universitetləri sırasına çıxa bilmişdir. Gözlərimiz önündə intibah dövrünü yaşayan bu ocağı bədxahların əlində öz əleyhimizə çevirməyə qoymamalıyıq. Hamımız ayıq-sayıq olmalı, doğma vətənimizi, dövlətimizi, universitetimizi qorumalı, vətəndaş mövqeyimizi ucuz hisslərdən uca tutmağı bacarmalıyıq. Sizi ”Öncə Vətəndir” deyimini unutmamağa çağırırıq!”.


Teqlər:





Xəbər lenti