“Aşıq Ələsgərin tükənməz irsi milli sərvətimizdir”

  19 Fevral 2021    Oxunub : 2757
“Aşıq Ələsgərin tükənməz irsi milli sərvətimizdir”
Mədəniyyət xəzinəmizin qiymətli incilərindən olan aşıq sənəti həmişə dövlət qayğısı ilə əhatə olunub, inkişaf etdirilib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 150 və 175 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsi, Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, fevralın 18-də Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncam imzalaması bunun əyani ifadəsidir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın aşıq-şeir sənətinin zirvəsini fəth etmiş təbliğ edilir və xalqımız tərəfindən sevilir. Aşıq Ələsgər aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib, Vətəni, Ana dilinin incəliklərini özünəməxsus gözəlliklə vəsf edərək, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük töhfələr verib.

Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə böyük təntənə ilə qeyd olunan Aşıq Ələsgər günləri həm qüdrətli ozanın doğulub boya-başa çatdığı Göyçədə, həm də Azərbaycanda yüksək səviyyədə keçirilib. Azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Azərbaycan aşıq sənətinin korifeyinin qəbirüstü abidəsi ucaldılıb. 1988-1989-cu illərdə soydaşlarımız öz dədə-baba yurdundan, Qərbi Azərbaycan torpaqlarından erməni vandalları tərəfindən didərgin salındıqdan sonra həmin əzəmətli büst dağıdılıb. Dədə Ələsgərin Ağkilsədəki qəbrinin dağıdılması, Azərbaycana xas mədəniyyət izlərinin itirilməsi XX əsrin ən amansız vandalizm nümunələrindəndir.

Soydaşlarımız Ermənistandan – öz tarixi ata-baba yurdlarından qovulanda aşıqlarımıza və aşıq sənətinə də böyük zərbə dəydi. Azərbaycan aşıq sənətinə Aşıq Ələsgər kimi bənzərsiz bir bəxş edən, özünəməxsus zəngin tarixi ənənəsi olan Göyçə aşıq məktəbinin nümayəndələri pərən-pərən düşdü.

Qədim türk yaşayış məskənlərindən biri olan Göyçə mahalı deyəndə qulağımıza saz səsi gəlir. Ağ Aşıq, Aşıq Alı, Dədə Ələsgər yada düşür.

Aşıq Ələsgər irsinin milli-mədəni varlığımızın tərkib hissəsi olmaqla yanaşı həm də Qərbi Azərbaycan torpaqlarının xalqımıza məxsusluğunu isbat edən tarixi sübutlardandır.

Azvision.az

Teqlər: NaqifHəmzəyev