“ALİM elmi assosiasiyası” ikinci illik qurultayını keçirib

“ALİM elmi assosiasiyası” ikinci illik qurultayını keçirib
  05 Fevral 2021    Oxunub:6105
“ALİM elmi assosiasiyası” Fransadan və Azərbaycandan olan üzvlərinin, eyni zamanda yeni üzvlüyə namizədlərin iştirakı ilə ikinci illik Qurultayını keçirib.
Zoom üzərindən təşkil olunmuş onlayn görüşü assosiasiyanın prezidenti Günel Səfərova bütün iştirakçıları salamlayaraq açıq elan edib və ilk olaraq 2020-ci ildə həyata keçirilən layihələrdən danışıb.

ALİM elmi assosiasiyası ötən il elmi layihələrlə yanaşı pandemiya dövründə və Azərbaycanın zəfəri ilə başa çatan 2-ci Qarabağ müharibəsi dövründə də vətənə dəstəyini əsirgəməmişdir. Beləki, ilk olaraq assosiasiya 2020-ci ilin mart-may ayları ərzində Fransada təqaüdsüz təhsil alan azərbaycanlı tələbələrə maddi yardım kampaniyası təşkil etmişdi. 2-ci Qarabağ müharibəsi dövründə isə “ALİM elmi assosiasiyası” digər assosiasiyalarla birlikdə Fransadakı deputat və senatorlara, dini qurumlara, UNESKO-nın direktoru, eləcə də Fransa XİN və Prezidentinə Qarabağ həqiqətlərini çatdıran və Fransanın Azərbaycana olan qərəzli münasibətinə etiraz edən məktublar ünvanlamışdır. Eyni zamanda “ALİM elmi assosiasiyası”nın təsisçi üzvü Elmar Yusifli və Şəbnəm Süleymanova tərəfindən erməni əsirliyində olan azərbaycanlı əsirlərin geri qaytarılması ilə bağlı “Qırmızı Xaç komitəsi”nə istək məktubları göndərilmişdi.

18 iyul 2020-ci il tarixində “ALİM elmi assosiasiyası”,“Simple Talks by Dr Sabrin” və “Azerbaijani Ladies Club”-un birlikdə təşəbbüsü ilə “Fransada tibb təhsil sistemi” mövzusunda ilk onlayn konfrans təşkil olunub. “ALİM elmi assosiasiyası” 2020-ci ildə növbəti uğurlu bir layihədə yer alıb. Belə ki, 7-8 dekabr tarixlərində ALİM-in də iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (“ADNSU”) və Fransanın Burqon-Franş-Komte Universitetinin (Bourgogne-Franche-Comté) birgə təşkilatçılığı ilə ADNSU-nun 100 illiyinə həsr olunan “Müasir informasiya, Ölçmə və İdarəetmə Sistemləri: Problemlər və Perspektivlər” mövzusunda (MIMCS’2020”) 2-ci Beynəlxalq elmi-praktik konfrans keçirilib. Onlayn formatda təşkil olunmuş beynəlxalq konfransa dünyanın 20-ə yaxın ölkəsindən universitet rəhbərləri, professorlar və gənc tədqiqatçılar qatılıb.

Qeyd edək ki, təşkilatçı və iştirakçılar arasında “ALİM elmi assosiasiyası” da aktiv şəkildə təmsil olunurdu. Sözügedən tədbirdə ADNSU-nun cihazqayırma kafedrasının müdiri və ALİM-in təsisçi üzvü texnika elmləri doktoru Lalə Bəkirova, Franş-Komte Universitetinin nanotibb üzrə professoru və ALİM-in vitse-prezidenti Dr. Reda Yahyavi və mikrotexnika və elektronika üzrə elmlər doktoru, eyni zamanda ALİM-in təsisçi üzvü Elmar Yusifli də iştirak etmişdilər.

2021-ci ilin ilk konfransı 17 yanvar tarixində “ALİM”-in və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə “Reza Deqati - günümüzün şahidi” adlı konfransı olub. Qeyd edək ki, Reza Deqati azərbaycan əsilli dünyaca məşhur fotoqrafdır və Fransada 1-ci və 2-ci Qarabağ müharibəsinin, eləcə də 20 yanvar hadisələrinin reallıqlarının çatdırılmasında əvəzsiz rola malikdir.

Sözügedən assosiasiya 2021-ci ilə daha bir uğurlu bir layihə ilə qədəm qoydu. Belə ki, təşkilatın üzvləri və qonaqların iştirakı ilə 24 yanvar 2021-ci il tarixdə “Fransada necə ali təhsil almaq olar?” adlı onlayn vebinar keçirildi. 3 saat davam edən və böyük marağa səbəb olan vebinarda müxtəlif sahələr üzrə Fransada təhsil almağın yolları, təqaüdlər, universitetlər haqda geniş məlumat verildi və dəyərli informasiyalar paylaşıldı.

Bundan başqa “ALİM”-in təsisçi üzvü və xəzinədarı Şəbnəm Süleymanovanın rəhbərlik etdiyi layihənin yardımı ilə Qarabağ həqiqətlərini və eyni zamanda Azərbaycanın multikultural ölkə olmasını önə çıxaran silsilə video materiallar hazırlanıb sosial şəbəkələr üzərindən yayılıb və hal-hazırda da bu layihə davam etdirilir.

Qurultayın gedişatı daha sonra 2021-ci il üçün nəzərdə tutulan layihələrin müzakirəsi, üzvlərin öhdəliklərinin xatırladılması və yeni üzv olmaq üçün müraciət edənlərin səsvermə yolu ilə seçilməsi ilə davam etdirilib.

Azvision.az


Teqlər: Alim   Fransa  





Xəbər lenti