Nazir Fransanın dövlət katibi ilə görüşdü

Nazir Fransanın dövlət katibi ilə görüşdü
  27 Yanvar 2021    Oxunub:2317
Mədəniyyət naziri Anar Kərimov yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan ilə görüşüb.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Fransa arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivi, həmçinin 2020-ci ilin Vətən müharibəsi və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb.

A.Kərimov Fransa və Azərbaycan arasında mədəni əlaqələrin mövcud vəziyyəti, iki ölkə mədəniyyətinin qarşılıqlı təbliği ilə bağlı reallaşdırılan tədbirlər, o cümlədən ölkəmizin Fransada həyata keçirdiyi layihələr barədə məlumat verib.

Vətən müharibəsi və müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan ərazilərdə tarixi abidələrin və mədəni infrastrukturun vəziyyəti barədə söz açan nazir qeyd edib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı talan və “təmizləmə” həyata keçirib. Bu ərazilərdə mədəniyyətlə bağlı bütün infrastruktur, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanlar erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdılıb.

Dövlət katibi Jan-Batist Lömuan qəbula görə təşəkkürünü bildirərək hazırkı səfərin məqsədinin Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqələrin inkişafı üçün zəmin yaratmaq olduğunu deyib. Qonaq, eyni zamanda Azərbaycanın işğaldan azad olunan ərazilərinə UNESCO missiyasının gəlməsi ilə bağlı məsələyə toxunub.



A.Kərimov bu məsələyə dair hazırda danışıqların davam etdiyini bildirərək, müstəqil ekspertlərdən ibarət UNESCO missiyasının, təşkilatın 1954-cü il Haaqa Konvensiyasına və digər BMT sənədlərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində, beynəlxalq hüquqda mədəni mülkiyyət hesab olunan bütün müəssisə və abidələri əhatə etməsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyini diqqətə çatdırıb. Həmçinin, missiyanın həyata keçirilməsi üçün təhlükəsizlik baxımından ərazinin ilk öncə minalardan təmizlənməsi və iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edib.

Nazir, eyni zamanda Fransa cəmiyyətində, eləcə də UNESCO tərəfindən bu məsələ ilə bağlı daha çox xristian abidələrinə dair fikirlərin səsləndirilməsinin və həmin ərazilərdə dağıdılmış İslam irsi barədə hər hansı mövqeyin ifadə olunmamasının Azərbaycanda təəssüflə qarşılandığını vurğulayıb. Qeyd olunub ki, dini-etnik mənsubiyyətindən və xarakterindən asılı olmayaraq, işğaldan azad olunan ərazilərdəki və ümumilikdə ölkəmizdəki bütün inanc yerlərinin, abidələrin qorunması dövlət siyasəti səviyyəsində həyata keçirilir.

Qeyd olunub ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülən “Bakı Prosesi”, Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərin Sammiti, habelə bir sıra ölkələrdə müxtəlif dini mədəni məkanların bərpa edilməsi ilə bağlı reallaşdırılan layihələr ölkəmizin bu sahədə siyasətinin açıq göstəricisidir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Azvision.az


Teqlər: Nazir   Görüş   Dövlət-katibi  





Xəbər lenti