İranın Azərbaycanla cığal oyunu – TƏHLİL

İranın Azərbaycanla cığal oyunu – TƏHLİL
  17 Fevral 2014    Oxunub:1930
Tehran seçim etməlidir: ya Bakı ilə iqtisadi münasibətlər, ya da təbliğat
İran prezidenti Həsən Ruhaninin Davosda Azərbaycan prezidentilə görüşməsi Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov tərəfindən yeni mərhələ kimi dəyərləndirilmişdi. Biz, təbii ki, iki prezidentin görüşünün İranın Azərbaycana olan münasibətini sağlamlaşdırmasını arzulayırıq. Amma ən çox pessimist fikirdə olanlardan biri də bizik.

Pessimistliyimiz qərəzimizə yox, konkret biliklərimizə söykənir. İran prezidenti Davosda iştirak edərkən dünya dövlətlərinin iri şirkətlərini İranın neft-qaz sənayesinə investisiya qoymağa dəvət etdi. Amma həmin prezident Azərbaycana təklif edir ki, İranın neft-qaz təcrübəsini öyrənsə, yaxşıdır. Həsən Ruhaninin bu bəyanatı sadəcə olaraq, qəribədir. İranın Azərbaycandakı səfirliyi bu məsələyə bu vaxtadək münasibət bildirməyib. Yəqin, İran XİN-nin münasibəti olmadığına görə. Azərbaycan quruda neftçıxarma təcrübəsinə görə İrandan ən azı 50 il qabaqdadır. Suda neftçıxarmaq təcrübəsinə gəldikdə isə İran Azərbaycanın yanında uşaq kimi görünür. Dünyada ilk dəfə dənizdə şəhər olan Neft Daşlarını azərbaycanlılar tikib.

İranın heç bir elmi,texnologiyası, texnikası yoxdur. Kosmosu fəth etmək iddiasında olan İran sərnişin təyyarəsi istehsal edə bilmir. Nüvə texnologiyasında dünya elminin son səviyyəsində olduğunu düşünən İran müasir standartlara cavab verən benzin istehsal edə bilmir. Nanotexnologiyada elmi məqalələrini tez-tez təbliğata çevirən İran ümumiyyətlə nanotexnologiyanın hansı sahələri əhatə etdiyini və əhatə etmədiyini müəyyənləşdirə bilməyib.

Azərbaycanı İranın təbliğat maşınına dözməyə, onu neytrallaşdırmağa kifayət qədər potensialı var. İran təbliğatçıları son 5 ildə apardıqları təbliğatın kontent-analizini aparsalar başa düşəcəklər ki, indi hansı vəziyyətdədirlər. İstənilən dövlət 5 il ərzində təbliğatda belə biabırcasına fiaskoya uğramış şəbəkəni çoxdan rədd edərdi. İran Azərbaycanla münasibətdə seçim qarşısındadır. Ya Azərbaycanla iqtisadi münasibətləri, ya da təbliğatı seçməlidir. İqtisadi əlaqələrin imkanlarının təbliğata çevrilməsinə icazə verilməyəcək. İtirən İrandır, Azərbaycan deyil.

İran prezidentinin Azərbaycan Prezidenti ilə görüş xahişindən sonra da İmam Xomeyni adına İmdad Komitəsinin fəaliyyətinə icazə verilmədi. Prezident Ruhaninin özünün və ya adından verilmiş bu bəyanata o qədər də diqqət ayırmazdıq. 2 faktor bunu diktə etdi. Birincisi, İranın Ermənistandakı səfiri dəfələrlə Azərbaycanı təhqir edib. Təhqirin bir ucu tarixə gedib çıxır. Xarici işlər naziri buna diqqət ayırmayıb. Cavad Zərifin diqqət ayırmaması birbaşa H.Ruhaninin davranışına söykənir.

Ermənistanın Energetika nazirini qəbul edən H.Ruhani Azərbaycanın Xİ nazirini qəbul etmədi. İkinci faktor İranın ali dini lideri, milliyyətcə azərbaycanlı olan S.Ə.Xamneyinin çövkən oyunu haqqında dedikləridir: “Başqaları çövkəni bizim əlimizdən aldılar”. Ehtimal ki, söhbət Azərbaycanın UNESKO-da çövkəni öz adına qeyd etdirməsindən gedir. İranın ali dini lideri `başqaları` dedikdə Azərbaycanı nəzərdə tutur. Belə olan təqdirdə İranın ali dini liderinin xüsusi nümayəndəsinin Azərbaycanda nə işi var?! Onda həya və ya abır olsaydı, indiyə qədər özü Azərbaycanın ərazisini tərk edərdi. O da nəzərə alınmalıdır ki, çövkənin Azərbaycan adına qeydə alınmasına maneçilik etmək üçün İran tacikləri də işə qatmışdı. Taciklər farsdırlar, lakin təriqət baxımından sünnidirlər. Hər halda, İran Azərbaycanla iqtisadi əməkdaşlıq qurmaq istəyirsə, Azərbaycanla iqtisadi əlaqələri qurmağa səviyyəsinin çatdığını sübut etməlidir.

İranla Azərbaycan arasında Aslandüz-Horadiz gömrük məntəqəsinin açılması mövzusu aktuallaşıb. Bu “Araz” iqtisadi zonasının da aktivləşməsinə gətirib çıxaracaq. İranın ən sonadək antiazərbaycan olması bu proyektlərin reallaşmasına imkan vermir. O da nəzərə alınmalıdır ki, İranın antiazərbaycan təbliğatının müəyyən bir dövründə bu proyektlər dayandırıla bilər.

İranın Azərbaycandakı səfiri M.Pakayin 2013-cü ildə İranla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin yüksələn templə inkişaf etdiyini bildirdi. Azərbaycan Prezidenti Administrasiyanın rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi R.Mehdiyevin səfərini və Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin səfərini iki ölkə arasında anlaşılmazlıqların aradan qaldırılmasında mühüm rola malik olduğunu bildirdi. İki ölkə arasında ticarət dövriyyəsi 23% artaraq 1 milyard dollara çatdığını dedi.

İran Dağlıq Qarabağ tənzimlənməsində ədalətli mövqedə dayanmayıb və dayanmayacaq. Özündən 1000 km uzaq Fələstində münaqişənin tənzimlənməsi üçün müharibəni tələb edən İran birbaşa sərhəddə yerləşən ərazidə dinc danışıqları təklif edir və bu dinc danışıqların baş tutması üçün heç bir fəaliyyət göstərmir. İranın vasitəçilik təşəbbüsünü Azərbaycan qəbul edib, Ermənistan isə rədd edib. İran üçün Ermənistan daha vacibidir.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzi
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:





Xəbər lenti