23 illik qüsursuz xidmətin şəhidlik zirvəsi: Lələtəpəyə birinci onun tankı çıxmışdı... - FOTOLAR

  23 illik qüsursuz xidmətin şəhidlik zirvəsi:  Lələtəpəyə birinci onun tankı çıxmışdı... -  FOTOLAR
  14 Yanvar 2021    Oxunub:9588
Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan qəhrəmanlarımızdan biri də Azərbaycan Ordusunun baş giziri Paşa Etibar oğlu Mehdiyev olub. O, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda son damla qanına qədər vuruşaraq, böyük şücaət göstərib. Təcrübəli hərbçimiz sentyabrın 28-də şəhadət zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azvision.az -ın əməkdaşı şəhidin xanımı Naibə Mehdiyeva ilə hömsöhbət olaraq, onun keçdiyi qəhrəmanlıq yoluna işıq salmağa çalışıb.

Söhbətimizin əvvəlində Naibə xanım bildirib ki, həyat yoldaşı Füzulinin Dövlətyarlı kəndində anadan olub, 1993-cü ilə kimi orta məktəbə orada gedib.

“Ondan sonra kənd işğal olunub və məcburi köçkün kimi İmişlinin Çadır şəhərciyində məktəbi bitirib. Xidmətinin bir ilini başa vurduqdan sonra könüllü gizir kursuna yazılıb. Təyinatı Goranboy rayonuna verilib, ancaq özünün xahişi ilə 2008-ci ildə Füzuliyə göndərilib və orada çalışıb. 2014-cü ildə ona baş gizrlik rütbəsi verildi. Aprel döyüşündə də şücaətlə vuruşub. Lələtəpə yüksəkliyinə ən birinci onun tankı çıxıb. Vətən müharibəsinə kimi həmin tank elə orada qalmışdı. Aprel döyüşlərindən sonra Ali Baş Komandan İlham Əliyev onu “İgidliyə görə” ordeni ilə təltif etmişdi və saat hədiyyə etmişdi. Yoldaşım 23 il idi ki, vətənə xidmət edirdi. II dərəcəli "Qüsursuz xidmətə görə" , III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdi. 20 illik xidmət dövrü tamam olanda təqaüdə çıxa bilərdi, ancaq özü könüllü şəkildə qaldı. Dedi ki, müharibə bitsin, sonra çıxacağam, bu qədər əziyyət çəkmişəm, torpağımı almamış işimdən ayrıla bilmərəm”.



Paşa Mehdiyevin iki övladı yadigar qalıb. Qızının 12, oğlunun isə 16 yaşı var. Sonuncu dəfə sentyabrın 26-da ailəsi ilə sağollaşaraq xidmətə yollanıb.

“Həyat yoldaşım sentyabrın 26-sı uşaqlarla sağollaşdı və mənə dedi ki, ola bisin, qayıtmadım. Sən hərbçi yoldaşısan, hazırlıqlı ol. Ayın 27-si səhər saat 11-də zəng etdi və bildirdi ki, artıq müharibəyə qatılıb, kəndimizin azad olunması uğrunda döyüşə girəcək. Hətta söz verdi ki, azad olunandan sonra oradan zəng edib, məni təbrik edəcək. Daha sonra əlaqəmiz kəsildi, telefonuna zəng çatmadı. Biz özümüz də həmin vaxt cəbhə bölgəsində idik. Güllə səsini eşidirdik. Heç yerə getmədik. Övladlarım bildirdi ki, atalarını qoyub gedə bilməzlər, o söz verib, qayıdacaq və onları kəndimizə aparacaq.



Paşa tank komandiri idi. Füzulidə cəbhəni ilk yaran onların dəstəsi oldu. Ondan sonra növbəti istehkamların dağıdılması üçün yollar açıldı. Düşmənin neçə tankını, zirehli maşınını bunlar vurub. Döyüş yoldaşları danışırdı ki, onun gözlərində qorxu deyilən bir şey yox idi. Kimsə çəkinirdisə, deyirdi, “kişi olun, qabağa, vətəni almağa gedirik. Bu fürsəti biz neçə ildir ki, gözləyirik”.

Cəbrayıl istiqamətində topdağıtmaz istehkamları yaranda sentyabrın 28-də şəhid olub. Tankda yoldaşım, bir mayor, bir nəfər də MAXE olub. Onlar pusquya düşən dəstəni xilas etməyə gedəndə özləri pusquya düşüblər. Ermənilər onların tankını elə bir yüksək istilikli mərmilərlə vurublar ki, xilas olmaları mükün olmayıb. Tankın içində külə dönüblər. Nəşləri bir həftə sonra ərazidən çıxarılıb. Düşmən həmin yerə yaxın getməyə imkan vermirdi.

Tabut boş idi, canından heç nə qalmamışdı. Balalarının indi də gözü yoldadır ki, bəlkə, atamız sağdır, tabutdakı o deyildi. Ailəmiz onunla fəxr edir. Paşa mənim üçün Murov zirvəsi idi. Bir qarışqanı belə incitməyib, uşaqla uşaq, böyüklə böyük kimi davranırdı.



Sanki, vətən, torpaq, hərb üçün yaranmışdı. Məzuniyyət veriləndə evdə dayana bilmirdi. Onun tanka böyük sevgisi var idi. Deyirdi, şəhid olsam, ağlamayın. Özünüzdə güc toplayıb gələcəyə addım atın. Uşaqlarını çox sevirdi. Onlara məsləhət verirdi ki, mütləq ali təhsil alsınlar. Ölümü ilə hamını yandırdı.



Məcburi köçkün olmağımızla barışa bilmirdi. Bu sözü təhqir kimi qəbul edirdi. Müharibə başlayanda uçmağa qanadı yox idi. Öz kəndimizi, Şuşanı, Laçını görmək istəyirdi. Övladlarımız yay tətilində deyirdi ki, "ata, bəlkə, bizi harasa gəzməyə aparasan?”. Cavab verirdi ki, “sizi tezliklə Şuşaya, Laçına, kəndimizə aparacağam. Onun arzusunu reallaşdıracağam, balalarını aparıb gəzdirəcəyəm”.

Paşa Mehdiyevin ən böyük arzusu torpaqlarımızı işğaldan azad görmək idi. O, bu amal uğrunda son nəfəsinədək qəhrəmancasına vuruşdu, düşmənə sarsıdıcı zərbələr endirdi. Bu gün onun ruhu şaddır ki, uğrunda şəhidlik zirvəsinə yüksəldiyi torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır.





































Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tankçı   Şəhid   Müharibə   Döyüş   Qəhrəman  





Xəbər lenti