Gəncə samboçuları 9 medal qazandı
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, yarışda müxtəlif şəhər və rayonlardan 400-ə yaxın iştirakçı mükafatlar uğrunda mübarizə aparıb.
Şağan Olimpiya İdman Kompleksində reallaşan yarışda Gəncə idmançları da qüvvəsini sınayıb və birinciliyə 30 idmançı ilə qatılıb ki, onlar müxtəlif əyarlı 9 medalla Nizami yurduna qayıdıblar.
Gəncə yığmasının aktivinə 2 qızıl, 3 gümüş və 4 bürünc medal yazılıb.
Mükafatçılar sırasına düşən idmançıların əksəriyyəti 1 saylı UGİM-in yetirmələri olub. Şəhər yığması yarışda əməkdar məşqçi Ceyhun Bayramovun rəhbərliyi altında iştirak edib. Əldə olunan medallardan 2-i gənclərin, 7-i yeniyetmələrin payına düşüb.
Gənclər arasında 62 kiloqramda mübarizə aparan Elvin Ağayev ötən il analoji yarışda qazandığı gümüşü bu dəfə qızıla dəyişib. O, ilk dəfə ölkə birinciliyinin qalibi olub.
87 kiloqramda qüvvəsini sınayan Etibar Zeynalov da qızıl medala yiyələnib. Ağayevdən fərqli olaraq Etibar yeniyetmələrin mübarizəsində bütün rəqiblərini qabaqlayıb. 87 kiloqram çəki dərcəsində gümüş mükafatçı da Gəncə idmançısı olub. Məhəmməd Məhərrəmov finalda komanda yoldaşına məğlub olaraq 2-ci yeri tutub. Məhərrəmovla yanaşı 75 kiloqramda Muraz Əkbərov və 81 kiloqramda Röyal Zeynalov da yarışda gümüş mükafata yiyələnib.
1 saylı UGİM-in digər bir yetirməsi Xəyal Rzayev isə birinciliyi 3-cü pillədə başa vurub. Gənc məşqçi Xanəhməd Rzazadənin yetirməsi 52 kiloqramda fəxri kürsüyə yüksəlib.
Azərbaycan birinciliyində digər bürünc medallara Avropa çempionu 65 kiloqramda çıxış edən Ramin Məsməliyev, 82 kiloqram çəkidə Səbuhi Bağırov və 87 kiloqramda Dərya Quliyev layiq görülüb.
Onu da nəzərinizə çatdıraq ki, ölkə birinciliyinin mükafatçıları fevralın 22-dən Azərbaycan yığma komandasının tərkibində 3 həftəlik təlim-məşq toplanşında iştirak edəcəklər. Hazırlığın ardından millidə özünə yer təmin edən samboçular aprelin 10-dan 15-dək İspaniyanın paytaxtı Madriddə düzənlənəcək yeniyetmə və gənclər arasında Avropa birinciliyinə yollanacaqlar.
Teqlər: