Kosmosda şüur axtarışı başlayır

Kosmosda şüur axtarışı başlayır
  07 Fevral 2014    Oxunub:5605
Əgər bir gün insanlığın çoxdan gözlədiyi hadisə baş versə və Yerdən kənar həyat nümunələrinə rast gəlsək, onları başa düşə biləcəyikmi? Yoxsa "qeyri-insani" şüur elə mürəkkəb olacaq ki, biz heç vaxt onlarla ortaq dil tapa bilməyəcəyik? Bəlkə də heç bir-birimizin fərqinə varmayacağıq?
Yadplanetli canlı nümayəndələrinin nəyə oxşadığı haqda müzakirələr çoxdan gedir. Bizdə olduğu kimi onlarda da iki qol və iki ayaq olacaq, yoxsa onlar on iki baş və on iki qısqaca sahib olacaqlar?.. Bəs onların yadplanetli şüuru necə qurulmuş ola bilər?

`Acta Astronautica` jurnalının son buraxılışında bu çətinliyi həll etməyin ilk ciddi cəhdlərindən biri haqda bəhs edilir və bizə yad olan canlıların necə qiymətləndirilməsi izah edilir.

Buraxılışda unikal tədqiqat layihəsi - COmplexity of Markers for Profiling Life in EXobiology (COMPLEX) haqda danışılır. COMPLEX layihəsinin məqsədi müxtəlif canlı formlarını (təkcə insan və heyvanlar deyil, həm də mikroorqanizmlər və süni sistemlərin) davranış mürəkkəbliyi və intellektual bacarıqlarını göstərən kateqoriya sırası ilə müqayisə etməkdir.

Əslində bu məsələ kifayət qədər çətindir. Hətta Yerdə, yaxşı tanınan biosferada belə nəyi şüur hesab etməyin lazım olduğu və canlı orqanizmin şüurunun səviyyəsinin necə qiymətləndirilməsi tam aydın deyil. Bir qayda olaraq, biz ən sadə yolla irəliləyib heyvanlara, şüurları nə qədər insana yaxındırsa, bir o qədər şüurlu deyirik. Mavi balinaların mahnılarını qeydə alaraq aradaki ünsiyyəti xatırlada biləcək siqnalları ayırd etməyə çalışırıq. Qarğaların alətlərdən yararlanmasını izləyərək onu öz təcrübəmizlə, fillər və ya delfinlərin mürəkkəb sosial davranışlarını isə cəmiyyətimizdəki qarşılıqlı əlaqələrimizlə müqayisə edirik. Belə halda yadplanetli canlılarla görüşümüzdən nə gözləməliyik? Biz sadəcə onları heç başa düşməyə bilərik.

"Faktik olaraq bizim heyvan intellektlərinin qiymətləndirilməsi üçün iki yanaşmamız var. Birincisi - orqanizmin infrastrukturunun, beynin, sinir sisteminin və s. fiziki səviyyəsi. İkincisi - əslində insanlar tərəfindən elə insanlar üçün hazırlanan, fərqli testlər tələb edən qavrayış tədqiqatları", - deyə Denise Herzing bildirib.

Nəhəng bina tikməyimiz, kompüter qurğuları yaratmağımız və s. bizim intellekt səviyyəmizi göstərir. Lakin termitlərin mühəndislik qabiliyyəti də ağlı çaşdırır. Və əgər fərd olaraq termitlər intellektual kimi görünməsələr də, onların "kollektiv şüuru" çox şeyə qadirdir.

Bütün bu suallar COMPLEX layihəsinin qurulmasına səbəb olub. Müxtəlif profilləri olan mütəxəssisləri öz yanına çağıran Herzing hər bir canlı orqanizm üçün uyğun olan intellektual səviyyənin universal qiymətləndirmə sistemini hazırlamağı planlaşdırır. Bu qiymətləndirmə üsulu beş mürəkkəblik kateqoriyasından ibarət olacaq: sinir sistemi, kommunikativ sistem, ayrı-ayrı fərdlər, individual sosial əlaqələr və nəhayət, digər növlərlə əlaqələr.

Lakin bu, hələ başlanğıcdır. COMPLEX canlı orqanizmlərin "şüur" müqayisəsi çətinliyini təkcə insani təsəvvürlərlə məhdudlaşmayan digər baxış bucaqlarından da araşdırmağa çalışacaq. İndi alimlər beş deyil, yüzlərlə növü test etmək üçün qiymətləndirmə parametrlərinin siyahısını genişləndirmək üzərində işləyirlər. Bəlkə də gözləmədiyimiz yerdən şüur əlamətləri çıxacaq. Buna uyğun hər hansı bir əlamət kosmosda tapılsa, ümumiyyətlə belə bir əlaqənin mümkün olduğunu anlamaq üçün biz artıq hazır alətlərə sahib olacağıq.( Naked Science)


Teqlər:





Xəbər lenti