Anar Kərimov İsrail səfiri ilə görüşüb
Ölkəmizin dünyada mədəniyyətlərarası dialoqa töhfəsindən bəhs edən Anar Kərimov Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsünün beynəlxalq platformaya çevrildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı yaşayırlar. Ölkəmizdəki yəhudi icması da cəmiyyətimizin tərkib hissəsidir. Yəhudi icması Azərbaycan xalqı ilə tarixən mehriban şəraitdə yaşayıb, bu gün də ölkəmizin inkişafına öz töhfəsini verir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli Qəhrəman Albert Aqarunovla xalqlarımız qürur duyur.
Səfir Corc Dik səmimi qəbula görə təşəkkürünü bildirərək iki xalqın əsrlərə dayanan dostluq münasibətlərinin bu gün Azərbaycan və İsrail arasında sıx əməkdaşlığa zəmin yaratdığını vurğulayıb. Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin müxtəlif sahələrdə inkişafını qeyd edən diplomat respublikamızın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirib, tolerantlıq baxımından Azərbaycanın digər dövlətlər üçün model olduğunu deyib.
Görüşdə iki ölkə arasında mədəni əməkdaşlığa nəzər salınıb, müxtəlif sahələr üzrə mübadilənin genişləndirilməsi, müvafiq fəaliyyət planlarının hazırlanması müzakirə olunub. Mədəniyyət sahəsində birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edən səfir bildirib ki, caz musiqisi, Azərbaycan muğamı və yəhudi musiqisi ilə bağlı birgə layihələr həyata keçirilə bilər.
Söhbət zamanı yaradıcı sənayelər sahəsində əməkdaşlığın qurulmasının vacibliyi də qeyd edilib.
Azvision.az
Teqlər: Mədəniyyət İsrail