`Azərbaycanın dini konsepsiyaya ehtiyacı var` - MÜSAHİBƏ

  07 Fevral 2014    Oxunub : 3371
`Azərbaycanın dini konsepsiyaya ehtiyacı var` - MÜSAHİBƏ
Son günlərdə gənclərimiz dini radikal qruplaşmalara qoşularaq Suriyada döyüşlərdə iştirak edirlər. Artıq onların bir neçəsinin ölüm xəbəri gəlib. Almaniyada keçmişdə "Əl-Qaidə" və vəhhabilik üzərində tədqiqat aparan, tədqiqatçı-alim İbrahim Əhmədov radikal dini cərəyanlarla bağlı AzVision.az-ın suallara aydınlıq gətirib.

-İbrahim bəy, Azərbaycanda dini tolerantlığı necə dəyərləndirirsiniz?


- Dini tolerantliq Azərbaycan xalqının fəxr etdiyi bir nailiyyətdir ki, cəmiyyət quruluşumuzun əsasını təşkil edir. Mən xarici vətəndaşlara ölkəmiz haqqında danışanda, adətən bunu vurğulayıram ki, Azərbaycan antisemitizm xəstəliyinə yoluxmamış nadir ölkələrdən biridir.

Bunu da deyim ki, “dini tolerantlıq“ məhfumu bizim cəmiyyətdə bəzən yalnış anlaşılır və hər bir sahədə olduğu kimi, dini tolerantlıqda da inkişaf üçün yer var. Biz tolerantlığı durğun və mütləq bir gerçək kimi görməməliyik. Tolerantlıq bir prosesdir, axındır, davam edən inkişafdır, və hər birimizin bu inkişafda mühüm rolu var.

Biz Sovet İttifaqının “ictimai diskursu ört-basdır etmək” mədəniyyətindən çıxan bir xalqıq. Bəlkə buna görədir ki, biz “tolerantlıq“ məfhumunu bəzən mənasız yozuruq. Bəzən dini ayinləri ciddi qəbul etməməyimizi öz-özlüyündə tolerantlıq kimi təqdim etməyə çalışırıq, halbuki tolerantlığın gerçək mənası bu deyil. Tolerantlıq - digər insanların fərqli görkəmli və fərqli inanclı olmasına qarşı səbrli yanaşmaq deməkdir. “Tolerantlıq” sözünün mənası elə səbrdir.

Misal üçün, bir müsəlmanın spirtli içki içməsi onun tolerant olduğunu isbat etməz. Tolerantlıq budur ki, müsəlman, məsələn, Qurban bayramında kəsdiyi heyvanın ətindən xristian qonşusuna da bir pay verə.

Dediyim kimi, tolerantlıq qəbul məsələsi deyil, səbr məsələsidir. Beləliklə, tolerantlıq bizdən başqaların fərqli inanclarına uymağı tələb etmir. Misal üçün, yəhudilərə qarşı tolerant olmaqdan ötrü yəhudilərin dini ayinlərinə riayət etmək şərt deyil. Tolerantlığın şərti budur ki, yəhudi və digər fərqli inanclı insanlara qarşı onların yəhudi, xristian və s. olduğuna görə ictimaiyyətdə ayrı-seçkilik etməyəsən.

Nəhayət, bunu vurğulayım ki, tolerantlıq nisbi bir məfhumdur və mütləq tolerantlıq anlayışı yoxdur.

-Son vaxtlar bəzi dini radikal qruplar Azərbaycanı təhdid edirlər. Bu haqda nə deyə bilərsiniz?

- Radikal cərəyanlar bütün ölkələrdə mövcuddur. Azərbaycan müsəlman ölkəsi olduğuna görə, bu radikallıq bizdə islam qiyafəsində təzahür oldu. Bunlardan ən zorakı və aqressiv olan cihadi-təkfirçi sələfilərdir. Onlar özlərini `sələfi` adlandırır, el arasında bu insanlara `vəhhabi` deyilir. `İslam qiyafəsində` deməyimdən məqsəd budur ki, bu təkfirçi sələfilərin gerçək islamla əlaqəli olması müəmmalıdır. O da buna görədir ki, bir tərəfdən onlar başqa təriqətləri müsəlman kimi qəbul etmirlər (yəni təkfir edirlər), başqa təriqət və məzhəblər də onların əqidəsini islam kimi qəbul etmirlər.

Məlumatsızlıqdan biz bəzən bu təhlükəni şişirdirik, lakin gerçək budur ki, burada söhbət çox kiçik bir qrupdan gedir. Belə ki, müsəlmanlar, bildiyiniz kimi, əsasən şiə və sünnilərə bölünür. Sünni islam dörd əsas böyük məzhəbdən ibarətdir. Vəhhabi-sələfi təriqəti sünnilərin yeni bir qoludur, lakin dörd ənənəvi məzhəbdən fərqli görüşləri var. Sələfilərin hamısı aşırı dərəcədə zorakı deyil, onların içində də bölünmələr var. Yalnız bir bölüm `Əl-Qaidə` əqidəsini dəstəkləyir və öz məqsədlərinə nail olmaq üçün terrordan istifadə edir. Bu qrup əslində vəhhabilərin içində belə azlıq təşkil edir.

Lakin müəyyən siyasi şəraitdə hətta mötədil sayılan bəzi nüfuzlu sələfi alimləri zorakılığa `yaşıl işıq` verir. Bu təqdirdə mötədil vəhhabilər radikal vəhhabilərlə qarışır. Tarixdən buna bir neçə misal gətirmək olar. Bir misal Əfqanistan mücahidlərinin Sovet ordusuna qarşı vuruşmasıdır. O dövrdə kommunistlərə qarşı vuruşan Bin Ladin Səudiyyə Ərəbistanın milli qəhrəmanı hesab olunurdu, lakin Amerikaya qarşı cihad elan edəndən sonra düşmən elan olundu. Son misal isə Suriyada olan vətəndaş müharibəsi və bu müharibədə bütün ölkələrdən vəhhabilərin səfərbər olmasıdır.

-Ümumiyyətlə,Azərbaycanda nə zamansa dini zəmində toqquşmalar gözlənilirmi?

- Tarixə nəzər salanda görürük ki, Azərbaycanda dini zəmində toqquşmalar əsasən məzhəb davası üzərində olub. Müsəlmanların xristian və yəhudilərlə dinc yaşadığı dövrdə, şiə ilə sünni arasında müharibələr ölkəmizi sarsıdırdı. Hazırda da eyni təmayül nəinki Azərbaycanda, bütün müsəlman ölkələrində müşahidə olunur, yəni şiə və sünni, xüsusilə şiə və sələfi arasında gərginlik artmaqdadır.

Bir müddət ümid var idi ki, Azərbaycan əhalisi dindən nisbətən uzaq olduğuna görə əhali arasında olan məzhəb fərqləri şiddətli gərginliyə səbəb olmayacaq, lakin sələfi nüfuzunun Azərbaycanda artması bu ümidləri alt-üst edir.

Məncə, bu gün hamıya aydın olmalıdır ki, onların məscidlərini bağlayıb, uzun saqqal buraxmağı qadağan etməklə, radikal qüvvələrin nüfuzunun qarşısını alınmayacaq. Dini diskursu ört-basdır etmək taktikası istədiyimiz nəticəni gətirmədi. Cəmiyyət və dövlətin güclü bir konsepsiya ortalığa qoymaqla bu diskursa müdaxilə etməsi labüddür. Əks halda, təxmin etdiyiniz kimi, dini zəmində toqquşmalar arta bilər. Bu bir tərəfdən ölkənin daxili sabitliyinə, digər tərəfdən onun tolerant imicinə zərbə vura bilər. Əlbətdə, bunun qarşısını almaq lazımdır.

-Sizcə, hansı maraqlar gənclərimizin radikal dini cərəyanlara qoşulmasına şərait yaradır? Xüsusilə Vahibilik cərəyanı geniş yayılmaqdadır. Xüsusilə, təriqətin ideoloji-sosial bazasında nə durur ki, insanlar bu təriqətin arxasınca gedirlər?

- Bir zaman elə bir nəzəriyyə yayılmışdı ki, vəhhabiliyin kökündə yoxsulluq dayanır, başqa sözlə, vəhhabilər yoxsul insanları pulla alırlar. Əlbətdə bütün icmalarda öz yoxsullarına əl tutmaq adəti mövcuddur. Lakin əl tutan imkanlı ailələrdən olan vəhhabilərimiz də var. Digər tərəfdən, cəmiyyətdə ümumi rifah da artıb, bununla belə vəhhabilik yayılmağa davam edir. Deməli, səbəb sadəcə yoxsulluq deyil.

Səbəb alternativsizlikdir. İnsanların maddi ehtiyacları olduğu kimi, mənəvi qidaya da ehtiyac var. Sovet İttifaqının süqutundan sonra bu mənəvi boşluğu doldura bilən rəsmi tutarlı bir əqidə təsis olunmadı. Yaşlılar yeni ideyaları daha çətin qəbul edir, amma gənclər yeni mənəviyyat axtarmağa başladılar. Sovet təbliğatı dədə-babalarımızın ənənəvi islamını xalqın yaddaşından artıq silmişdir. Dini cəhətdən məlumatsız və sadəlöhv insanımızın saf islam axtarışına yalnız vəhhabilərdən cavab gəldi. Rəsmən ateist olan bir dövlətdən yeni ayrılan Azərbaycanın öz dini konsepsiyası yox idi, bu günə qədər də mövcud deyil. Vəhhabiliyin yayılmasının səbəbi budur. Biz insanlara vəhhabilikdən başqa bir mənəvi qida təklif edə bilmirik ki, onlar vəhhabi olmasın.

Nəzər yetirsəniz, görərsiniz ki, vəhhabilik əsasən ənənəvi islamdan çox uzaq və xəbərsiz olan insanlar arasında kök atıb. Vəhhabilərin Azərbaycanda əsas mərkəzlərindən biri ölkəmizin şimal hissəsidir – bu Dağıstandan gələn nüfuzun nəticəsidir. Digər tərəfdən şimalda əhali ənənəvi olaraq sünni olmuşdur. Vəhhabilik isə, sünni məzhəbindən ifratlanmış bir təriqət olduğuna görə, sünni mühitində daha rahat kök sala bilir.

Amma digər mərkəz Bakıdır, yəni paytaxtımızın müasir, dünyəvi və xalqın adət-ənənəsindən nisbətən uzaq düşmüş gəncləridir. Paytaxtda vəhhabiliyin yayılması san ki görkəmli tədqiqatçı Olivier Roy-nın çağdaş islam fundamentalizminin dünyəvi cəmiyyətin bir məhsulu olması nəzəriyyəsini təsdiqləyir.

-Bu prosesin qarşısını hansı yolla almaq olar?

- Öncə prosesin səbəbini dəqiq müəyyən etmək, daha sonra müvafiq vasitə axtarmaq lazımdır. Səbəb – seçimin olmaması, alternativsizlikdir. Yəni insanlara alternativ mənəvi seçim təklif etmək lazımdır. Bu isə düşündüyümüzdən asandır – “Amerikanı yenidən kəşf etmək” lazım deyil. Bu xalqın tutarlı fəlsəfəyə dayanan, kökü Nəsimiyə, Xətaiyə çıxan özünəməxsus mənəviyyatı var. İlkin mərhələdə sadəcə onu dirçəltmək kifayətdir. Mənəvi boşluqdan yol axtaranlara vəhhabilikdən daha gözəl bir mənəviyyat göstərmək lazımdır. Nəsimi və Xətailərin islamı məhəbbətə əsaslanır, ayrıseçkiliyə, nifrətə yox. İslam Peyğəmbərinin üslubu da həmçinin insanlara islamı sevdirmək olub. İnsanların inancını məcburiyyətlə dəyişdirmək olmaz, onlar sadəcə xəlvətə çəkilib, saqqallarını qırxıb, gizlində təbliğat aparacaqlar. Yeganə çıxış yolu – onlara alternativ mənəviyyat təklif etməkdir.

Elnur Eltürk
AzVision.az üçün

Teqlər: