28 abidə işğalçılar tərəfindən tamamilə dağıdılıb

 28 abidə işğalçılar tərəfindən tamamilə dağıdılıb
  13 Noyabr 2020    Oxunub:3774
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və komendantlıqların nəzdində aidiyyəti dövlət orqanlarının (qurumlarının), o cümlədən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb. Fərmanın 7.8-ci bəndində müvəqqəti komendantlıqlara tarix və mədəniyyət obyektlərinin (abidələr və müəssisələr) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi tapşırılıb.
Mədəniyyət Nazirliyindən Azvision.az-a bildirilib ki, müvafiq vəzifələrin icrası məqsədilə müvəqqəti komendantlıqların nəzdindəki əməliyyat qərargahlarında təmsil olunan nazirliyin abidələr və mədəniyyət müəssisələri üzrə ixtisaslı nümayəndələri tərəfindən işğaldan azad edilmiş rayonların ərazilərində monitorinqlərə başlanılıb.

Aparılan ilkin monitorinqlər zamanı 56 mədəniyyət müəssisəsi, o cümlədən 25 kitabxana, 19 mədəniyyət evi və klub müəssisəsi, 7 muzey, 5 uşaq musiqi məktəbi aşkar edilib. Bütün müəssisələr demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.

İlkin monitorinqlər zamanı 49 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə, o cümlədən Xocavənd rayonunun Hadrud qəsəbəsində Alban məbədinə (1170-ci il), Zəngilan rayonunun Əmirxanlı kəndində Qız qalasına (XII əsr), Məmmədbəyli kəndində Səkkizguşəli türbəyə (1304-1305-ci illər), Füzuli rayonunun Qarğabazar kəndində karvansaraya (XVII əsr) baxış keçirilib.

28 abidənin işğalçılar tərəfindən tamamilə dağıdıldığı və yalnız qalıqlarının olduğu aşkar edilib.

İşğaldan azad edilmiş ərazilərdə monitorinqlərin aparılması davam etdirilir.

Azvision.az


Teqlər: Nazirlik   Qarabağ   Abidə  





Xəbər lenti