Üzə çıxan Gil, yaxud, heyif o vikinq babalardan – TƏHLİL

   Üzə çıxan Gil, yaxud, heyif o vikinq babalardan –    TƏHLİL
  01 Noyabr 2020    Oxunub:21324
Azərbaycanda çox diplomatlar öz ölkələrini səfir kimi təmsil ediblər; onların bəziləri heç nə ilə yadda qalmayıb, bəziləri özlərindən sonra xoş təəssüratlar, bəziləri mənfi xatirələr qoyublar. Amma ölkəmizə gəlib-getmiş bütün səfirlərin arasında biri xüsusilə seçilib və təəssüf ki, indi də seçilir – Steynar Gil.
Norveç Krallığının keçmiş səfiri Steynar Gil mürəkkəb bir dövrdə - 2002-2006-cı illərdə Azərbaycanda diplomatik xidmətdə olub. Təəssüf ki, o, özünü səfir kimi aparmır, ölkənin daxili siyasətinə kobud müdaxilələri ilə tez-tez diplomatik qalmaqallara rəvac verirdi. Seçkilərə qərəzli qiymət verməkdən tutmuş, müxalifətin mitinqində iştirak etməyə, ayrı-ayrı müxalifətçilərə himayədarlıq etməyə qədər Vyana Konvensiyasını pozmağın bütün yollarını şəxsən sınaqdan keçirməyə çalışırdı.

Təbii ki, onun səfirdən çox, hansısa beynəlxalq QHT-nin qrantla işləyən qərəzli nümayəndəsinə uyğun gələn bu fəaliyyəti Azərbaycanda radikal çevrələrin çox xoşuna gəlirdi. Onlar Steynar Gili az qala qəhrəman, əsl demokrat, insan haqları uğrunda mübariz, “böyük dost”, “demokratik cəmiyyətin nümayəndəsinin ən yaxşı çizgilərini özündə birləşdirən şəxs”, “Qərb dəyərlərinin daşıyıcısı” elan etmişdilər. Ənənəvi qərəzli birhüceyrəli “məntiq” ştamplarını burada da vurmuşdurlar ki, kim hakimiyyətə qarşıdırsa, deməli, demokratdır, vicdanlıdır, Azərbaycan xalqına can yandırır...



Steynar Gil Norveç ilə Azərbaycanın əlaqələrini pozmaq istiqamətində o qədər “uğurla” fəaliyyət göstərmişdi ki, Rəsmi Bakı onun ölkədən çıxarılması haqqında düşünməyə başlamışdı. Amma Norveç hökuməti özü problemli diplomatı geri çağırır. Gedəndə nə XİN rəhbəri, nə də dövlət başçısı onunla vidalaşmışdı. Bir müddət sonra isə həmin ölkənin ümumiyyətlə, ölkəmizdəki səfirliyi qapadılır. Görünür, Steynar Gil özündən sonra elə bir yarıtmaz irs buraxmışdı ki, xələfi münasibətləri qaydaya salmağa bacarmır.

Əslində Steynar Gilə qədər Azərbaycan xalqının Norveçə münasibəti çox yaxşı olub: Bizim üçün ən məşhur norveçli Qobustan qayalıqlarında vikinqlərin izini tapmış Tur Heyerdal idi. Steynar Gilin fəaliyyəti isə belə bir ritorikaya rəvac verdi: Həmin o vikinq babaların nəvələri görəsən, niyə bu qədər cılızlaşıblar?!

Azərbaycan hakimiyyətini pisləyənlərin bunu “demokratlıqdan” və haqq-ədalət hissindən yox, qərəz və vicdansızlıqdan irəli gələrək etdiyinin ən yaxşı təsdiqi Steynar Gilin hazırkı fəaliyyətidir. Onun 77 yaşı var, təqaüddədir, arada nəvələrini başına yağıb, nağıl danışır, balıq ovuna gedir... Bir sözlə, idillik norveçli həyatı yaşayır. Amma İkinci Qarabağ Müharibəsi başlayandan sonra keçmiş səfir ucuz erməni təbliğatçısı kimi fəaliyyət göstərməyə keçib.

O, yaşına və başına yaraşmayan tərzdə müxəlif qərəzli media orqanlarının Azərbaycana qarşı böhtanlarla dolu materiallarını paylaşmaqla məşğuldur. Bu materiallar isə ənənəvi ucuz erməni tezisləri üzrə hazırlanır: Guya Azərbaycanda suriyalı muzdulular döyüşürlər, guya Azərbaycan Qarabağda dinc əhalini atəşə tutur, hətta guya bu məqsədlə kasetli (klaster) bombalardan istifadə edib...



Artıq yüz dəfələrlə təkzib olunan, əsassız, sübutsuz, hər kəsi bezdirən yalanlar. Özünə hörmət qoyan şəxs onları təkrarlamaz.
Fəqət təəssüf ki, keçmiş səfir, deyəsən, özünə hörmət qoymayanlardandır. “Demokratik cəmiyyətin nümayəndəsinin ən yaxşı çizgilərini özündə birləşdirən şəxs”, “Qərb dəyərlərinin daşıyıcısı” banal dezinformasiya yayıcısına çevrilib.

2016-cı ilin aprel döyüşlərindən sonra da o, eyni işi görürdü: Harada və nə vaxt çəkildiyi bəlli olmayan bir fotonu paylaşaraq, guya Azərbaycan hərbçilərinin məhv etdikləri düşmən əsgərlərinin meyitlərinə qarşı alçaldıcı hərəkətlər etdiklərini yazmışdı. Amma qısa vaxt ərzində bunun dezinformasiya olduğu üzə çıxmışdı. Ən azı həmin hadisədən dərs çıxarmaq lazım idi ki, dezinformasiyaların ömrü uzun çəkmir, buna görə bütöv bir xalqın nifrətini qazanmağa dəyməz!



Sözsüz ki, Steynar Gil Qarabağ münaqişəsinin mahiyyətindən xəbərdardır. Xocalı faciəsi də daxil olmaqla, ermənilərin törətdikləri bütün cinayətlər haqqında bilgisi var. Azərbaycanda olduğu müddətdə bu haqda kifayət qədər məlumat almaq imkanı olub. Sadəcə, ermənipərəst mövqeyi bunları dilə gətirməsinə imkan vermir.



Niyə axı əlində tilov, ətrafında nəvələri, idillik həyatını yaşamaq əvəzinə, cənab Gil ona hətta hörmətlə yanaşan azərbaycanlıların da nifrətini qazanmaq üçün durmadan çalışır? Onu buna vadar edən nədir – Ancaq Azərbaycana olan nifrətimi?! Yoxsa, onun Azərbaycana nifrəti heç vaxt olmayb, səfir kimi çalışanda da, indi də etdiklərinin hamısı “nothing personal, only business” kateqoriyasına aiddir?

Əgər elədirsə, biz haradasa başa düşə bilərik: Business is business. Amma bütün hallarda səfir böyük bir dərs vermiş oldu - Növbəti dəfə təsdiqləndi ki, ayrı-ayrı şəxslərin Azərbaycan hökumətinə qarşı barışmaz mövqeyinin altında heç də nəcib məqsədlər yatmır. Sadəcə, altda olan hər şeyin bir gün üzə çıxması üçün vaxt lazım imiş. Çoxları kimi, Gil də indi torpağın üzünə çıxdı.

Vüsal Məmmədov
Azvision.az


Teqlər: Steynar-Gil  





Xəbər lenti