Ermənilərin atdığı mərmilər mülki obyektlərdə yanğınlar törədib

  21 Oktyabr 2020    Oxunub : 2532
Ermənilərin atdığı mərmilər mülki obyektlərdə yanğınlar törədib
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Bundan başqa, Ağdam rayonuna atılmış mərmilər ayrı-ayrı vətəndaşlara məxsus iki ünvandakı təsərrüfat obyektlərində yanğınlar törədib. Yanğınsöndürmə qüvvələri tərəfindən obyektlərin bir hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Azvision.az

Teqlər: FHN   Yanğın