“Qəhrəmanlarımız kinolarda da tarixə düşəcəklər” - Ayaz Salayev

“Qəhrəmanlarımız kinolarda da tarixə düşəcəklər” -  Ayaz Salayev
  13 Oktyabr 2020    Oxunub:8079
“Azərbaycan Ermənistan ərazisinə raket atsaydı, bütün dünya əleyhimizə qalxardı. Amma Gəncədə törədilən terrora beynəlxalq aləm göz yumur”.
Bunu Azvision.az -a tanınmış rejissor, kinoşünas Ayaz Salayev deyib. O, bildirib ki, arxa cəbhədə olan hər bir azərbaycanlı erməni təxribatları barədə dünyanı məlumatlandırmalıdır.

“Ermənilər hər cür rəzilliyi edir və hamı susur. Dünya sanki gözünü yumub, ağrımızı görmək istəmir. Məni ən çox narahat edən budur. Biz torpaqlarımızı işğaldan azad edirik. Kiminsə ölkəsinə soxulmuruq. Bizim Prezidentimiz həll yolları axtarır, vəziyyətin çətinliyi ilə mübarizə aparır. Bu baxımdan hamımız onun yanında dayanmalıyıq.

“Reuters” agentliyi Gəncədə ermənilərin dağıtdığı binanın şəklini yayımlayıb. "Komsomolskaya pravda” qəzeti isə həmin şəkli çap edərək Xankəndində dağıdılmış bina kimi təqdim edir. Bu erməni şəridir. Şər atanlara heç lənət də düşmür. Erməni təkcə terrorçu deyil, eyni zamanda işğalçıdır. İşğalçıya eyni səviyyədə cavab vermək lazımdır. Bu müharibəni axıra qədər aparmaq mütləqdir”.

A.Salayev xaricdə yaşayan dost-tanışlarının erməni işğalçılığına biganəliyindən gileylənib:

“Rusiyada yaxın dostlarım var. İranda da qohumlarım yaşayır. Hamı susur, heç bir dəstək göstərmirlər. Erməni terroruna göz yumurlar, biganəlik göstərirlər. Bu, məni çox üzür. Bizim sənətimiz belə Qarbağ dərdimizi dünyaya çatdırmaqda az iş gördü. Ancaq Ordumuz, Ali Baş Komandanımız həll yolunu tapdı. Mən xarici vətəndaşları da aktiv olmağa, haqlının yanında olmağa çağırıram. Bu məqamda İsrail, Türkiyə, Ukraynadakı dostlarımıza güvənməli və təşəkkür etməliyik. Tarix yazan qəhrəmanlarımız, yanımızda olan dostlarımız kinolarımızda da tarixə düşəcəklər”.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: AyazSalayev  





Xəbər lenti