"Yumruğunun bir işarəsiylə qucacağıq torpağı" - Salam Sarvan Ali Baş Komandana şeir həsr etdi
Can, Cənab Ali Baş Komandan!
Yuxusuz gözlərinin qızartısında dan...
Can, Cənab Ali Baş Komandan!
Yaralı əsgərə şəfa hissiylə uzatdığın əlinə,
qürur uğrunda hazır olduğun ölümə
alnımı söykəyirəm.
Duruşundakı qətiyyətə həm də şəhid qardaşlarına görə
qarışan qəm yandırır adamı.
Amma axı gözəldi:
torpağın ən şirin vaxtında elə ölümlər var ki,
yaşadığına görə utandırır adamı.
Amma axı neyləməli:
Yer üzündə heç zaman sülh olmayıb,
sülh, olsa-olsa, əbədi müharibənin arxa cəbhəsidi.
Hətta zərif güllərin savaşdığı dünyada
quşların səsi də güllə səsidi.
Amma axı neyləməli:
bir gün daşıb-tökülməliydi yerə
illər boyu bağrımızdan axan qan...
Can, Cənab Ali Baş Komandan!
İndi hamıdan dərin sən duyursan bu dərdi,
hamıdan aydın sən eşidirsən tarixin bu pıçıltısını:
vətən sevinc deyil, vətən kədərdi.
Bir gün bu qaçan itlərin kəsiləcək hürüşü,
Bu ellərdən izi-tozu itəcək...
Sənin yumruğunun bir işarəsiylə qucacağıq torpağı
qollarımızın arasından bir qucaq
qan-qırmızı qızılgül bitəcək.
İçində üsyan və dərd adam,
doğma adam, mərd adam!
Salam Sarvan
Teqlər: İlham-Əliyev Vətən-Müharibəsi