Ermənistan: Sonun iqtisadi başlanğıcı - TƏHLİL
Cari Əməliyyatlar Hesabının “xroniki xəstəliyi”
Beynəlxalq Valyuta Fondunun açıqladığı statistikaya uyğun olaraq, 2019-cu ilin cari hesablar balansının mənfi saldosu 987,5 milyon ABŞ dolları təşkil etmişdir. Belə ki, xarici ticarət balansının əmtəə və xidmət strukturunda mənfi 1,8 milyard ABŞ dolları, ümumilikdə 3,6 milyard ABŞ dolları kəsr qeydə alınmışdır. Statistik bazaya əsaslanan rəqəmlər Ermənistan iqtisadiyyatının COVİD-19 pandemiyasına hazırlıqsız daxil olduğunu göstərir. Təsadüfi deyil ki, Ermənistan dünyada əhalinin hər 1 milyon nəfərinə düşən COVİD-19 pandemiyasından ölənlərin sayına görə “ilk 25-liyə” daxildir və postsovet məkanında isə lider ölkədir. Pandemiya səbəbindən Ermənistanın fövqəladə hal qismində tibbi avadanlıqlar, dərman ləvazimatları alması cari əməliyyatlar balansının kəsrinin daha da artmasına birbaşa təsirini göstərəcəkdir. Artıq Ermənistan Statistika Komitəsinin ilkin göstəricilərində tibbi avadanlıq və dərman ləvazimatları sifarişlərinin idxal strukturunda ön pillələrə çıxması müşahidə edilir. Habelə, Ermənistanın pərakəndə ticarət dövriyyəsindəki sürətli artımı da sözügedən məhsullara tələbin uzunmüddətli olacağını planlaşdırır.
Mənbə: Beynəlxalq Valyuta Fondu
Ermənistan Statistika Komitəsinin verilənlər bazasına əsasən, 1991-ci ildən hazırki zamana qədər sözügedən ölkənin xarici ticarət balansında müsbət saldo qeydə alınmayıb. Ölkənin iqtisadi potensialı səviyyəsinə müvafiq olaraq, son 5 il ərzində mənfi saldo aralığı 2-2,8 mlrd ABŞ dolları civarında qiymətləndirilib. Ermənistanın statistik qurumunun yaydığı məlumata görə 2020-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 10,2 faiz azalmışdır. Bundan əlavə, ticarət dövriyyəsi 2020-ci ilin aprel ayında 27,8 faizlik enişlə aşağı tavanı gördükdən sonra azalma səngimişdir. Buna baxmayaraq iyul ayında ixracın yenidən kəskin enişi başlamışdır. Nəticə etibarı ilə, ixracın dayanıqsız olması və azalmasının əsas səbəblərindən biri ixrac edilən son məhsulların mütləq əksəriyyətinin xammal komponentindən asılılığı, ixracın əmtəə və coğrafi diversifikasiya əmsalının aşağı olması ilə əlaqədardır.
Qrafik1: Ermənistan Respublikasının 2000-2019-ci illər ərzində idxal-ixrac əməliyyatları
Mənbə: https://www.armstat.am/en
Ermənistanın ixrac dayaqsızlığı və ya dayanıqsızlığı
Ermənistanın ixracının şaxələndirilməsi səviyyəsi aşağıdır. 2020-ci ilin birinci rübünün ixrac statistikasına əsasən, ixracın əmtəə strukturunda əsas paya malik məhsulların tərkibinə mis filizləri və konsentratları, ferro-ərintilər, qızıl, zərgərlik məmulatları və onların hissələri (35,4%), qida, tütün, alkoqollu və alkoqolsuz içkilər (29,4%), qiymətli və qiymətsiz daş, metal və metaldan hazırlanan məhsullar (13,1%) aiddir. Sadalanan bu üç sektorun ümumi ixracda payı 80 faizə yaxındır. Mədən sənayesinin əmək qüvvəsinin əhəmiyyətli hissəsi kişilərdən ibarət olduğundan Ermənistanda elan edilən səfərbərlik mədən sektorunda istehsalı məhdudlaşdırır və ixrac gəlirlərini də azaldır. COVİD-19 pandemiyası səbəbindən dünya bazarında mineral xammalın qiymətləri endiyindən Ermənistanın əsas ixrac məhsullarından gəlir azalacaq. Çünki ixrac deflyatoru aşağı dünya bazar qiymətlərinə görə mənfi zonaya keçmişdir. Ermənistanın ixracında əsas baryerlərdən biri ixrac bazarlarının uzaqda olması və nəqliyyat-logistika imkanlarının mədudluğudur. Bu il COVİD-19 səbəbindən turizm xidmətlərinin ixracı da minimal səviyyəyə enmişdir.
Ermənistan bu ildən başlayaraq Qazaxıstana da avtomobil re-eksportu edə bilməyəcək və bu da ölkənin ixrac gəlirlərini azaldır. Belə ki, Qazaxıstanın Ermənistandan avtomobil idxalına tətbiq etdiyi qeyri-tarif tənzimləmələri nəticəsində həmin məhsullar tələb azalmış və Ermənistan sahibkarlarının gəlirləri aşağı enmişdir. 2019-ci ildə Ermənistan vasitəsilə yenidən ixrac olunan avtomobillər 3 dəfə artaraq 189 minə çatmışdır. Avtomobillərlə bərabər digər məhsullara tətbiq ediləcək ticarət məhdudiyyətləri Ermənistanın ixracına mənfi təsir edəcəkdir.
Cənubi Qafqazın zəif bəndi
2020-ci ilin ilk rübünün statistikasına əsasən, Cənubi Qafqazın ümumi ixracında Ermənistanın payı cəmi 14 faiz olmaqla ən azdır. Müqayisə üçün deyək ki, 2019-ci il ərzində Ermənistan tərəfindən həyata keçirilən ixracın dəyəri Azərbaycanın ixracından 7,5 dəfə aşağı olmuşdur. Ermənistanın ixrac əməliyyatlarının aşağı olması qonşu ölkələrlə münaqişə səbəbindən əhəmiyyətli nəqliyyat və logistik imkanlardan kənarda qalması ilə nəticələnib.
Qrafik 2. 2020-ci ildə Cənubi Qafqaz ölkələri arasında xarici ticarət və ixracın dövriyyəsinin payı
Mənbə: Azərbaycan, Gürcüstan və Ermənistanın Statistika Xidmətləri
Azərbaycana qarşı ərazi iddiaları səbəbindən, Türkiyə və Azərbaycanın regionda həyata keçirdiyi beynəlxalq layihələr kənarda qalması Ermənistanın iqtisadi artım və inkişaf potensialını daima aşağı səviyyədə saxlayır. Bu baxımdan, ərazi iddiaları siyasəti ilə vidalaşacağı təqdirdə, Ermənistanda iqtisadi aktivliyi yenidən bərpa etmək mümkündür.
İstehlak-yönümlü iqtisadiyyatda idxal
İdxalın artım templərini təhlil etdikdə ixracla müqayisədə ticarət balansında mənfi saldonun gələcək illərdə də genişləyəcəyini təxmin etmək mümkündür. Ermənistan tərəfindən idxalda 2017-2019-ci il ərzində 20-25 faiz artım müşahidə edilir. Ermənistanda istehsal edilən məhsulların komponentlərinin idxaldan asılı olması, yerli istehsalda emal edilmiş qida sənayesinin zəif inkişafı, yerli istehsalın daxili bazarda zəif mövqeyi və müqayisəli üstünlüyə malik sektorların azlığı xaricdən əmtəə sifarişini artması üçün əsaslı zəmindir. 2015-ci ildə Avrasiya Gömrük Birliyinə üzvlük Ermənistana digər üzv ölkələrin ixracını daha da artırdı. “Made in Armenia” adı altında istehsalın zəif olması, istehlakçıların daha keyfiyyətli Rus, Belarus və Qazaxıstan məhsulları almağa meyilləndirdi. Bundan əlavə, idxal edilən mal və məhsullarla rəqabətə daxil ola biləcək istehsal sənayesinin olmaması keyfiyyət standartlarının geri qalması ilə əlaqədardır. Birlik çərçivəsində üzv ölkələr arasında idxal rüsumlarının azaldılması və 0-a endirilməsi (vahid gömrük-tarif siyasəti) həmin ölkələrin Ermənistanın daxili bazarında qiymət üstünlüyünə təsir etmişdir. Əlavə olaraq qeyd edək ki, Avropa Birliyinin Ümumiləşdirilmiş Preferensiyalar Sistemi qoşulduqdan sonra da Avropa Birliyi ölkələri tərəfindən ixrac əməliyyatları sürətlənmişdir. Buna baxmayaraq, zəif yerli istehsal şəraitində Ermənistanın Avrasiya Gömrük Birliyi və GSP+ proqramının imtiyazlarından istifadə etmək imkanları zəifdir. Qeyd edilən güzəştlər sistemi çərçivəsində Ermənistanın mal və məhsul ixracında diversifikasiya baş verməyib, əksinə idxal daha da artaraq yerli istehsalçıların rəqabətcillik mövqeyinə zərbə vurmuşdur.
Statistika Komitəsinin 2020-ci ilin 8 aylıq pərakəndə ticarət dövriyyəsində ki, azalma ilə idxal arasındakı azalma arasında müsbət korrelyasiya mövcuddur. Pərakəndə ticarət dövriyyəsinin strukturunda yer alan əmtəə strukturları geniş diversifikasiya malik olunmasa da, mütləq əksəriyyəti idxal yönümlüdür. Bu da Ermənistanda məcmu tələbə qarşılıq məcmu təklifin idxal vasitəsilə qarşılandığını əks etdirir. Xüsusilə, gündəlik istehlak səbətində yer alan benzin, qida məhsulları və dərman ləvazimatlarının mütləq əksəriyyəti idxala bağlı olduğundan, gözlənilən məzənnə volatilliyinin baş verməsi halında ciddi sosial narazılığa səbəb olacaqdır.
İdxalda əsas paya malik olan məhsullar neft məhsulları və qaz, quş əti, bir sıra kənd təsərrüfatı məhsulları, tütün, tibbi ləvazimatlar, informasiya texnologiyaları, texnoloji ləvazimatlar təşkil edir. Əmtəə strukturuna görə bu mal və məhsullar ev təsərrüfatlarının, hüquqi şəxslərin gündəlik və aylıq istehlakını təşkil edir. Ermənistanın Statistika Komitəsinin məlumatı görə 2019-ci ilin pərakəndə ticarət dövriyyəsi 3,3 milyard ABŞ dolları təşkil etmişdir ki, ən böyük dövriyyəni 76,7% (illik artım 11,7%) mağazalar (supermarket daxil olmaqla) və 15,1%-lə digər ticarət obyektləri təmin edir. İdxal edilən məhsulların mütləq mağazalarda olduğunu və yuxarıda göstərilən müsbət korrelyasiyanı nəzərə alsaq, yaranan 2,5 milyard ABŞ dollarlıq dövriyyənin böyük hissəsinin idxala xidmət etdiyini müəyyən etmək olar.
İnvestisiyadan əldə edilən gəlirlərin azalması
İlkin gəlirlər balansında investisiya gəlirlərinin repatriasiyası artmışdır ki, bu da balansda 700 milyon ABŞ dollarına yaxın kəsir formalaşdırmışdır. COVİD-19 pandemiyası ilə əlaqədar iqtisadi ressesiya qarşılığında xarici ticarət əməliyyatlarının azalması nəticəsində 2020-ci ilin iki rübündə cari hesablar balansının kəsiri 218 milyon ABŞ dollarından 143,6 milyon ABŞ dollarına enmişdir. Təhlil göstərir ki, kəsirin azalması əmtəə və xidmət ixracının artımı və investisiya gəlirlərindəki artım vasitəsilə deyil, 14 faizlik iqtisadi ressesiya, xarici ticarət balansının 13 faiz azalması, birbaşa investisiyalardan gəlirin 8,4 faiz azalması ilə əlaqədardır. Habelə, mədən sənayesinin vergi, xarici valyuta və iqtisadi aktivlikdə payının yüksək olduğunu nəzərə alsaq, pandemiya və müharibə şəraitində sözügedən sektorun kiçilməsi qaçılmazdır. Bundan əlavə, Ermənistan Mərkəzi Bankının 30 sentyabr açıqlamasına görə 2020-ci ilin sonu üçün ixrac əməliyyatları vasitəsilə valyuta daxil olmaların 12-15 faiz, idxal vasitəsilə valyuta axının isə 15-17 faiz intervalında azalacağı qeyd edilib.
Maliyyə Hesabı Balansı
Tədiyyə balansının defisiti şəraitində Ermənistanın xarici borcu daha da artacaq. Eyni zamanda xarici valyuta rezervlərinin əriməsi, kapital balansının azalması və xarici tərəfdaşlardan borc asılılığının artması gözlənilir. Ermənistanın Azərbaycana qarşı provokasiyaları, erməni banklarının aşağı kredit reytinqi və ən başlıcası ictimai-siyasi sabitliyin pozulması ölkənin inam indeksini aşağı salır və xarici borcların şərtlərini sərtləşdirir. 2020-ci ilin avqust ayına görə Ermənistanın valyuta ehtiyatları 2,6 milyard ABŞ dollarına (qızıl rezervləri mövcud deyil) bərabərdir ki, bu da üç aylıq idxalı qarşılamaq potensialına malikdir. Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın ehtiyatlarının yalnız bir hissəsi likviddir və fövqəladə hallarda orta və uzun müddətli aktivlərin vaxtından əvvəl satışı maliyyə itkilərinə səbəb ola bilər.
Tədiyyə Balansının strukturuna əsasən, maliyyə hesabındakı indikatorlar cari hesablar balansındakı dayanıqsız göstəricilərindən fərqlənmir. Ölkədəki biznes mühitinin əlverişsizliyi və inhisarçılıq xarici investorları ehtiyatlı edir. 2020-ci ilin birinci yarım ilinin göstəricilərinə uyğun olaraq, erməni iqtisadiyyatında birbaşa xarici investisiyalar 2018-ci ilin eyni dövrü ilə müqayisədə 115,8 faiz və 2019-ci ilin eyni dövrü ilə müqayisədə isə 9 dəfə azalmışdır. Beynəlxalq birja əməliyyatlarında iştirakçılıq səviyyəsi aşağı olan Ermənistanda portfel investisiyalarda azalmalar müşahidə olunur. Bu da yüksək ehtimala əsasən, dövlət əhəmiyyətli şirkətlərdəki Rusiyalı qeyri-rezidentlərin geri çəkilməsi hesabına baş verir.
Ermənistan Sovetlər İttifaqından ayrılaraq bazar iqtisadiyyatına keçid dövrünü kölgə iqtisadiyyatı səbəbi ilə tam reallaşdıra bilməyib. Kölgə iqtisadiyyatı şəraitində verilən iqtisadi artım proqnozların real həyatda öz əksini tapmadığı real olaraq görünür. Habelə, qonşu ölkələrlə münaqişə səbəbindən yüksək bazar dəyəri olan ölkələrə çıxmaq üçün yalnız şimal xəttindən istifadə edən Ermənistan yüksək nəqliyyat xərcinə görə rəqabətli məhsul satışında məğlub olur. Ev təsərrüfatlarının sosial gərginliyinin azaldılması və bank sektorunun ayaqda durmasını pul baratları vasitəsilə təmin etməyə çalışan ölkə daha kəskin münaqişə şəraitində yeni ssenarilərə hazır olmalıdır. Münaqişədən ilk təsirlənən qeyri-rezident və onun sərmayəsidir ki, bu da maliyyə və kapital repatriasiyasını sürətləndirəcəkdir. Beynəlxalq təcrübəyə əsasən, gələcəyə inamın zəiflədiyi, mülkiyyət hüquqlarının pozulduğu, dinc yaşama hüququnun pozulduğu, hökumətlərin pis idarəetməyə meyl etdiyi və ən başlıcası ölkəni müharibəyə sürükləməsi nəticəsində portfel və birbaşa investisiyalar ölkələri tərk edir. Bu da yerli vətəndaşlar arasında işsizlik və yoxsulluq kimi təlatümlər formalaşdırır.
Nəticə
Ermənistanda “əkiz kəsirlər” problemi – tədiyyə balansının və icmal büdcənin kəsiri ölkəni yeni borclanma, siyasi müstəqilliyin daha da məhdudlaşdırılması və iqtisadi rıçaqların itirilməsi təhdidləri ilə üzbəüz qoymuşdur. Regional layihələrdən kənarda qalmaqla “dalana dirənən” Ermənistanın bu il sentyabrın 27-də özündən dəfələrlə güclü qonşusu – Azərbaycana qarşı provokasiyalara başlaması iflası sürətləndirir. Siyasi-iqtisadi müstəqilliyini təmin edə bilməyən Ermənistanın 20 faiz Azərbaycan ərazilərini işğalda saxlaması və iqtisadi militarizm siyasəti yürütməsi rasional deyil.
Nicat Hacızadə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri
Teqlər: Ermənistan İqtisadiböhran