Zaur Axundov: Avropa çempionatında zəif komanda yoxdur

Zaur Axundov: Avropa çempionatında zəif komanda yoxdur
  31 Yanvar 2014    Oxunub:4635
Xəbər verdiyimiz kimi, Belçikanın Antverpen şəhərində keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində Azərbaycan millisi yanvarın 31-də Sloveniya yığması ilə qarşılaşacaq.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, millimizə dəstək olmaq üçün Antverpen şəhərində olan Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov komandanın qarşısına yüksək vəzifələr qoyulduğunu deyib. O bildirib ki, ilk işimiz qrup mərhələsindən dörddəbir finala yüksəlməkdir. Avropa çempionatında keçirilən oyunlar göstərir ki, Avropa çempionatında zəif komanda yoxdur. Xorvatiya millisinin İspaniya yığması ilə heç-heçə oynaması, Sloveniya yığmasının İtaliya millisi kimi təcrübəli komandanı məğlub etməsi sensasiya olub.

Z.Axundov vurğulayıb ki, Azərbaycan millisi Sloveniya yığmasından heç də zəif deyil. Sloveniyalılar İtaliya millisi ilə oyunda 6 əsas futzalçının xidmətindən istifadə ediblər. Bəzi oyunçular 40 dəqiqəni əvəz olunmadan meydanda keçiriblər. Amma bizim iki güclü heyətimiz vardır. Bu da həlledici amillərdən biridir. Yəni Sloveniya yığmasını məğlub etmək borcumuzdur.

Federasiyanın prezidenti qeyd edib ki, İtaliya millisinin nümayiş etdirdiyi oyun mənim üçün müəmmalı qalıb. Onlardan bu cür zəif oyun gözləmirdim. İtaliya yığması Avropa çempionatının favoritlərindən biridir. Heyətlərində Avropanın ən güclü klublarında oynayan futzalçılar yer almışlar. Onlar potensiallarının cəmi 10 faizindən istifadə edə bildilər. Çətin qrupda yer almışıq. Amma hər şey özümüzdən asılıdır.

Z.Axundov deyib ki, millinin əsas bazasını “Araz” klubu təşkil edir. Bu klubun UEFA kuboku yarışlarının “Dördlər finalı”na vəsiqə qazanması böyük nailiyyətdir. Ancaq federasiya rəhbəri kimi klubun uğurundan daha çox millinin irəliləməsinə, inkişaf etməsinə çalışmışam. Baş məşqçi və futzalçılarla da bu barədə söhbətimiz olub. Onlara arxayınlaşmamağı tövsiyə etmişəm.


Teqlər:





Xəbər lenti